Slimfit
  1. DÜNYA

“Qızıl üstə yatan ölkə” II dünya müharibəsindən necə zəngin çıxdı? – “Nasist qızılı”nın izi ilə…

“Qızıl üstə yatan ölkə” II dünya müharibəsindən necə zəngin çıxdı? – “Nasist qızılı”nın izi ilə…
Sakura

“Qızıl üstə yatan ölkə” II dünya müharibəsindən necə zəngin çıxdı? – “Nasist qızılı”nın izi ilə…

“Banklar sorğulanmaz” tabusu ilə yaşayan İsveçrə 1995-ci ildə böyük bir iddia ilə qarşı-qarşıya qalmışdı. 1995-ci ildə ABŞ-dakı yəhudi qrupları 10 000 ərizə ilə belə bir iddia irəli sürmüşdülər ki, II dünya müharibəsi dövründə Holokost (soyqırım) qurbanlarına məxsus qızıllar İsveçrə Milli Bankına köçürülüb. Təhqiqat Sürixdə və Nyu-Yorkda açılan tribunallar tərəfindən aparılmış və iddialar təsdiqlənmişdi. “Nasist qızılı” adı verilən məhkəmə işinə baxan ABŞ hakimi Eduard R.Korman 2013–cü ildə bəyan edir ki, soyqırım qurbanlarına 1.3 milyard dollar pul ödənib. İlkin ödənmə 1997-98-ci illərdə olub, lakin sonuncu ödəniş 2013-cü ilə qədər çəkib. 

Bank sorğulanarmı?

ABŞ-dan qaldırılan iddia okeanın bu tayında heç də birmənalı qarşılanmamışdı. İsveçrə hökuməti işlə əlaqədar komissiya yaratmış və bu komissiyayaya tarixçi Jan-Françoys Berger rəhbər təyin edilmişdi.

İsveçrə Milli Bankının vitse-prezidenti Jan Pyer Ros Sürixdə keçirilən mətbuat konfransında (1996) iddiaları rədd edərək bildirib ki, II dünya müharibəsi dövründə İsveçrə Milli Bankına heç bir şəkildə soyqırım qurbanlarından oğurlanan qızıllar köçürülməyib.

“Hətta əgər Almaniya işğal etdiyi ölkələrdən oğurlanmış qızılları banka köçürübsə belə, bu qızılların konsentrasiya düşərgələrindən toplandığına dair dəlil yoxdur”, – vitse-prezident Ros bildirib.

Cənab Ros eyni zamanda “Reihsbank”, yəni Almaniya Mərkəzi Bankının möhürü olan qızıllların hələ də ehtiyatda olduğunu inkar edib. “Təhqiqatımız onu göstərir ki, Almaniya möhürü olan qızıl ehtiyatda yoxdur”- o deyib.

Lakin maliyyə ekspertləri belə bir iddia irəli sürüblər ki, qızılların orijinalını gizlətmək üçün onlar öncə əridilib, sonra “Reichsbank” möhürü vurularaq İsveçrəyə daşınıb. Araşdırmalar nəticəsində məlum olur ki, İsveçrə Milli Bankı nasistlərdən qızıl alıb, hökumət isə yəhudi miqrantları İsveçrə sərhədlərindən keçməyə qoymayıb.

ABŞ yəhudi qruplarının daha bir iddiası da o idi ki, İsveçrə bankı soyqırımda öldürülən yəhudilərin banka yatırdığı milyardlarla dollar saxlayır. Müharibə başlamadan öncə yəhudilər pullarını İsveçrə bankına qoyublar. İsveçrə banklarının 32 milyon dollar məbləğində tələb edilməyən mal varlığı saxladığı istisna edilmir.

İsveçrənin nasist Almanyası ilə həm qızıl külçələri, həm də qeyri-monetar qızılla etdiyi ticarətdən böyük gəlir əldə etdiyi iddia edilir.

Cənab Rosun dediyinə görə, Almaniya ilə aparılan ticarətdən İsveçrə bankının gəliri 20 milyon İsveçrə frankı məbləğində olub. Bu məbləğin müharibə dövründə olduğu qeyri-müəyyəndir. 1946-cı il dövriyyə hesablamalarına görə, 20 milyon İsveçrə frankı 4,8 milyon dollar məbləğində olub.

Lakin ABŞ mütəxəssislərinin təxmininə görə, nasist Almaniyasına məxsus 200 milyon ABŞ dolları İsveçrə bankına keçib. Vaşinqtonda yerləşən maliyyə komissiyasının verdiyi hesabata əsasən bu məbləğ ikiqat artıq olub.

Ros qeyd edib ki, nasist Almaniyası ilə ticarətin səbəbi ölkənin işğaldan qorunması üçün olub. Çünki o dövrdə İsveçrənin dörd bir yanı Almaniyanın işğal etdiyi ölkələrdən ibarət olub. Ros onu da qeyd edib ki, İsveçrə tək Almaniya ilə deyil, müttəfiq ölkələrlə də ticarət edib və bu məbləğ daha da çox olub.

Araşdırmalara əsasən nasist Almanyası müharibə xərclərini ödəmək üçün işğal etdiyi ölkələrin mərkəzi banklarındakı qızıl ehtiyatlarından istifadə edib. Qızıllar öncə Berlində toplanıb, Almaniya möhürü vurulduqdan sonra isə İsveçrəyə köçürülüb.

“Nasist qızılı” nədir?

“Nasist qızılı” dedikdə II dünya müharibəsi dövründə nasistlər tərəfindən yağmalanmış qızıllar nəzərdə tutulur. 20-ci əsrin ən dəhşətli müharibəsində qızıl tarixi rol oynayıb. İqtisadi cəhətdən yüksəlməyin qızıl ehtiyatından keçdiyini Hitler Almanyası çox yaxşı bilirdi. Bu məqsədlə faşistlər işğal etdikləri ölkələrdə qızıl ehtiyatlarını yağmalamaqla yanaşı, o ölkələrin milli valyutasını da dəyərdən düşürürdü. Bu üsulla nasistlər asanlıqla ölkələri özlərinə tabe edə bilirdilər. Bir tərəfdən nasistlər qızıl ehtiyatını toplayaraq öz güclərini artırarkən, digər ölkələr valyuta dəyəri olmayan pul vahidi ilə iqtisadi cəhətdən zəifləyirdilər.

Hitler Almanyası nə qədər qızıl külçəsi yağmalayıb?

Müharibədən sonra Almanyada böyük həcmdə qızıl külçələri tapıldı. Onlardan ən böyüyü 8000 ton olub. Lakin bu aysberqin görünən hissəsidir. Almanların nə qədər qızıl külçəsinə sahib olduğunu bilmək mümkün olmaylb, belə ki, yağmalanan qızıllların 50%-ə yaxın qədəri beynəlxalq marketdə dövriyyədə olub.

Məsələn, Holokost təhsil-xeyriyyə təşkilatının hesabatına görə, müharibədən sonra Almaniyada 260 milyon dollar məbləğində monetar və qeyri-monetar qızıl aşkar olunub.

Nasistlər qızılları necə yağmalayıb?

Güman edilir ki, nasistlər qızıl külçələrini Avropa boyunca mərkəzi banklardan yağmalayıb. Təxmin edilir ki, toplam məbləğ 400 milyon dollar həcmində olub. Lakin qızıllar yalnız banklardan deyil, eyni zamanda işğal olunan ölkələrdəki əhalidən və xüsusilə də yəhudilərdən zorla alınıb. Buraya Holokost qurbanlarının ölü bədənlərindən çıxarılan qızıl dişlər də daxildir. Araşdırmalara görə, bu üsulla təxminən 140 milyon ABŞ dollar dəyərində qızıl yağmalanıb. 1937-39-cu illərdə Hitler Almanyası Avstriya və Çexoslovakiyadan qızıl külçələri mənimsəyib. Müharibə dövründə isə işğal olunan ölkələrdən sırası ilə proses davam edib və oğurlanan qızılllar Almaniyanın “Reichsbank”, yəni mərkəzi bankında toplanıb.

Neytral İsveçrənin müharibə ticarətindəki rolu

Lakin İsveçrə, daha dəqiq desək, İsveçrə Milli Bankı Avropada müharibəyə qədər ən böyük həcmdə qızıl distribüteri olub. Ehtimallara görə, 100 tonlarla nasist qızılı İsveçrə üzərindən dövriyyədə olub. İsveçrənin neytral olması isə bu işdə ən böyük üstünlüyü müəyyən edən faktordur.

Tarixçi alimlərin fikrinə görə, İsveçrənın Almaniya ilə ticarət etməkdən başqa əlacı yox idi. İsveçrə balaca dağlar arasında neytral ölkə olub. Qeyd edək ki, tək İsveçrə neytral olmayıb, Portuqaliya da neytral ölkə olaraq Almaniya ilə ticarət aparıb və qızılların müqabilində silah satıb.

İsveçrə Hitlerin ölüm maşınına yanacaq olmaqla günahlandırıldı

İddialara görə, 1943-cü ildə İsveçrə Almaniyaya kömək etməsəydi, müharibə sona yetəcəkdi. Bu barədə Cen Zeygler “Qızıl və ölüm” kitabında yazır. 1939-cu ildən başlayaraq “total müharibə”nin tələbatı silah istehsalına həddindən artıq çəkilən xərclər Almaniya iqtisadiyyatını sarsıtmışdı. Professor Zeygler iddia edir ki, neytral ölkə olan İsveçrə bu mənada Almaniyaya qızıl müqabilində sabit valyuta və silah satıb və bu da müharibənin davam etməsinə səbəb olub. “Nasistlər Stalinqradda və Şimali Afrikada məğlub olduqdan sonra 1943-cü ildə müharibə qurtarmalı idi. Hitlerin müharibəni davam etdirməsi qızıl ticarətindən asılı idi və İsveçrə ilə aparılan qızıl ticarəti çox mühüm rol oynayıb”- Zeygler yazır.

1943-cü ilin may ayında İsveçrə ilə iqtisadi danışıqlar aparan Almaniya rəsmisi Karl Klodius “Reichbank”ın rəhbərinə yazaraq bildirir ki, İsveçrə ilə xarici valyuta biznesini düşürə bilməyib, xüsusən də qızılın nəğd pula çevrilməsi ilə əlaqədar danışıqlar Almaniyanın istədiyi kimi olmayıb və daha iki ay İsveçrənin şərtləri dəyişməyəcək. Bu yazışmalara yer verən Zeygler əlavə olaraq özünün şahid olduğu başqa faktı da açıqlayır. O yazır ki, 1943-cü ilin dekabrında Almaniyanın yükdaşıma qatarı İsveçrənin San (Thun) şəhərində qəzaya uğrayır. Qatar təyyarə silahları, top mərmiləri və tüfənglərlə dolu olub. Zeygler qeyd edir ki, alman rəsmilər təcili olaraq qəza yerinə gedib yerli əsgərlərə və jandarmeriyaya qəzanın qalıqlarını təmizləməyi əmr ediblər. Bu hadisə yerli xalqı şoka salır, çünki məlum olur ki, Almaniya qeyri-qanuni olaraq İsveçrədən tranzit ölkə kimi istifadə edib. Bu isə hökumətin xəbəri olmadan mümkün deyildi. Bunda bankirlərin və sənayeçilərin də marağının olduğu istisna edilmir.

Kembric Univeristetinin elmi nümayəndəsi və İsveçrənin müharibə iqtisadiyyatı üzrə araşdırmaçısı Nevill Uayli bildirir ki, maliyyəçilər İsveçrəni qoruduqlarını iddia etsələr də, 1943-cü ildən sonra İsveçrənin təhlükədə olmadığı məlumdur. Ancaq İsveçrənin Almaniya ilə biznes əlaqələri davam edib.

İsveçrə Almaniyaya nəğd pul və dünya bazarına çıxış imkanı verib. 1.7 milyard İsveçrə frankı dəyərində oğurlanan və yağmalanan qızıl İsveçrə Milli Bankına köçürülüb. Bu da imkan verib ki, nasist Almaniyası silah istehsalı üçün lazım olan xammalı, məsələn, İspaniyadan manqan, Türkiyədən xrom, Portuqaliyadan volfram və İsveçdən dəmir ala bilsin. 
1944-cü il ABŞ hesabatına görə, Almaniyanın 90% pul valyutası İsveçrədən gəlib. Qızıldan əlavə, İsveçrə Milli Bankı Almaniyaya silah ticarətini aparmaq üçün kredit verib. Bank İsveçrə silahları və Almaniya istehsalı arasında fərqi bağlamaq üçün kredit verib. Bu biznes İsveçrəyə müharibənin sonuna qədər 1 milyard İsveç frankı qazandırıb. Toplam maliyyə yardımı 3 milyard frank olub.

Təbii ki, bu iddialara qarşı İsveçrə araşdırmaçıları başqa arqumentlər irəli sürürlər. Lausanne Universitetinin professoru Hans Ulriç iddia edir ki, digər ölkələr də İsveçrənin yerini tuta bilərdi və Almaniya başqa alternativlər tapa bilərdi. Neufchatel Universitetinin professoru Filip Marguret isə qeyd edir ki, ola bilsin ki, bankirlər “razılaşan ortaqlar” olublar, lakin Zeyglerin dediyi kimi, “canatan köməkçilər” olmayıblar.

Yalnız İsveçrəmi?

Lakin qızılların dövriyyəyə buraxılması üçün digər institutlarla əməkdaşlıq da olub. İnglitərə Bankı və Beynəlxalq Hesablaşmalar Bankının qızıl dövriyyəsində rol oynadığı sənədlərdə qeyd edilir. İndiyə qədər hər iki bankın dünya qızıl marketində rolları gizli saxlanılır və mübahisələrə yol açır.

Müharibədən sonra qızılları tələb edən ölkələr

1946-cı ildə nasistlərin yağmaladığı qızıllların geri verilməsi üçün Üçtərəfli Qızıl Komissiyası yaradılıb. Komissiyanın tərkibində Albaniya, Avstriya, Belçika, Çexoslovakiya, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Polşa və Yuqoslaviya olub.

ÜQK-nin ən sonuncu hesabatında bildirilir ki, çox qısa bir müddət ərzində, yağmalanmış qızıllar müttəfiq ölkələr tərəfindən nəzarətə alınıb və ya üçüncü ölkələrə yerləşdirildiyi təsbit edilib. Almaniya Bankı 1997-ci ildə Holokost qurbanlarına 3 milyon dollar kompensasiya ödəyib. 1997-ci ildə İsveçrə Bankı 270 milyon dollar Holokost Fonduna ödəməli olub.

İsveçrə II dünya müharibəsində yalnız bir dəfə, o da səhvən ABŞ hərbi hava qüvvələri tərəfindən bombalanıb. Dəyən zərər də ABŞ tərəfindən qarşılanıb. Ətrafındakı bütün qonşular müharibədən dolayı darmadağın olsalar da, neytral ölkə İsveçrə infrastrukturu bundan pay almayıb, əksinə, müharib bu ölkənin varlanmasına vəsilə olub. Alp ölkəsi nasist Almaniyası ilə olan biznes əlaqəsinə görə qınansa da, II dünya müharibəsindən zəngin ölkə olaraq çıxdı. Hazırda Sürix dünyanın mühüm bank və maliyyə mərkəzi olmağı bacararaq, Nyu-York və Londondan sonra dünyada üçüncü valyuta bazarı hesab olunur.

Araşdırma arxiv materialları və xarici mətbuata əsasən aparılıb.

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR