Qərbi Kaspi Universiteti məzunlarına yeni imkanlar yaradır
Qərbi Kaspi Universiteti Berlin Riyaziyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində Almaniyanın üç tanınmış universitetində təqaüdlə təhsil imkanı yaradır.
Universitet mühəndislik və dəqiq elmlər sahəsində innovativ, praktik bacarıqlara sahib mütəxəssislərin yetişməsi üçün ardıcıl layihələr həyata keçirir. Almaniyada riyaziyyat sahəsində təhsil imkanının yaradılması da bu layihələrdən biridir.
Qərbi Kaspi Universitetindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik ixtisasları, dəqiq və tətbiqi elmlər sahəsində kadr potensialının təkmilləşdirilməsi, mütəxəssis hazırlığında keyfiyyətin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Son zamanlar ölkəmizdə dünyanın inkişaf tempinə uyğun olaraq mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri istiqamətində mütəxəssislərə ehtiyac duyulur. Bununla belə ixtisas seçimi zamanı gənclərimizin daha çox humanitar sahələrə üstünlük vermələri, mühəndislik istiqaməti üzrə ixtisasları hətta dövlət universitetlərində belə seçməmələri məlumdur. Bu layihənin reallaşdırılmasının əsas məqsədi gənclərimizdə dəyişən dünyaya uyğunlaşma prosesini sürətləndirmək, ilk növbədə, Qərbi Kaspi Universitetində inkişafda olan mühəndislik və kompüter sahələri üzrə kadr potensialını daha da gücləndirmək, yüksək hazırlıqlı peşəkarların formalaşmasına dəstək göstərməkdir.
Bakalavriat və magistratura səviyyələrinin məzunları proqramda iştirak üçün müraciət edə bilərlər. Bu layihə çərçivəsində Almaniyanın üç ali təhsil ocağında - Berlin Frei, Berlin Humboldt və Berlin Texniki universitetlərində gənclərin ödənişsiz təhsil almalarına imkan yaranır. Cari proqram üzrə seçilən və nəticələri yaxşı olan tələbələrin təqaüdalma imkanları da var.
Tələblər TOEFL proqramı üzrə minimum 79 bal , İELTS üzrə 6,5 bal toplamalı, CAE üzrə isə C dərəcəsini əldə etməlidirlər. Təhsil müddəti 3-4 il təşkil edir.
Sənəd qəbulu bu il sentyabrın 5-dən dekabrın 1-dək, gələn il isə fevralın 1-dən aprelin 1-dək davam edəcək. Proqramda iştirak etmək istəyənlər Qərbi Kaspi Universitetinin beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Istiqlaliyyət küçəsi, 27.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət