Slimfit
  1. MƏDƏNİYYƏT

Qəbələdə X Beynəlxalq Musiqi Festivalı keçirilir

Qəbələdə X Beynəlxalq Musiqi Festivalı keçirilir
Sakura

Festival çərçivəsində musiqisevərlərə ilk kamera konserti təqdim olunub

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə artıq 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirib. Gözəl bir ənənəyə çevrilən bu festival öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb.

İyulun 30-dan avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngindir. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 30-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk kamera konserti təqdim olunub. “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan konsertdə Azərbaycanın istedadlı gənc musiqiçiləri Aliyə Salmanova (piano), Alp Əliyev (piano), Şeyda Ələsgərova (fleyta), Elina Əliyeva (violin), Lalə Miralayeva (violin), Canel Nəcəfli (violin), Fatimə Əliyeva (piano), Natəvan Həsənova (qanun), Sevda Cəbrayılova (qanun), Nərgiz Kəngərli (piano), Elvin Nəcəfov (viola) və Svetlana Əhmədova (piano) çıxış ediblər.

Konsertdə gənc bəstəkar və pianoçu Aliyə Salmanovanın fleyta və piano üçün yazdığı “Meşədən” və “Prelüd Ekpression”, Arzu Abbasovanın iki violin üçün “Polar star” əsərləri, həmçinin dünya şöhrətli bəstəkarlar F.Şopenin “Ballada”, N.Paqanininin “Kampanella”, R.Şumanın viola və piano üçün “Nağıl şəkilləri”, M.Ravelin “Alborada”, S.Raxmaninovun “Prelüd”, İ.Bramsın “İntermezzo” və Zakir Bağırovun “Rapsodiya” əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində iyulun 30-da axşam saat 21:00-da musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti təqdim olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR