Dərc edildi: Baxış sayı: 793
Qasım bəy Zakir - Gərəkdir
Bu dövrü-fanidə beş gün kişinin
Bir yaxşı vəfalı yarı gərəkdir.
Aralığa rəqib girə bilməyə,
Bir-birinə etibarı gərəkdir.
Əhdi dürüst ola, ilqarı möhkəm,
Gözündən irağa düşəndə bir dəm
Nə könlü açıla, nə ola xürrəm,
Fikri, zikri sənin sarı gərəkdir.
Yadlar ilə danışmaya, gülməyə,
Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,
Namusu, qeyrəti,arı gərəkdir.
Naməhrəmə görünməyə, yan gəzə,
Bihəya olmaya, adü can gəzə,
Amma öz evində alişan gəzə,
Ala, verə, ixtiyarı gərəkdir.
Cahillik zamanı keçibdir əgər,
Genə yüz naxələf oğlana dəyər;
Piranəsərlikdə bir belə dilbər
Yetirə Zakirə tarı, gərəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət