Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Qarabağ müqavimətinin qəhrəmanı - Allahverdi Bağırov 74 yaşında

Qarabağ müqavimətinin qəhrəmanı - Allahverdi Bağırov 74 yaşında
Sakura

Qarabağ müqavimətinin qəhrəmanı - Allahverdi Bağırov 74 yaşında

Aprelin 22-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 74 ili tamam olur. Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.

Allahverdi Bağırovun Ağdamın müdafiəsinin təşkilindəki rolu, Xocalı hadisələri zamanı əsirləri azad etdirməsi onun bilinən qəhrəmanlıqlarıdır. Şəhid komandirin adının unudulmaması üçün doğum günündə onu bir daha yad etməyə qərar verdik.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi ona Allahverdi, yəni “Allahın payı” adını verir. Bu, həm də onun ana babasının adı idi. 

Allahverdi Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Futbolçu olan Allahverdi Bağırov Ağdamın “Qarabağ” futbol klubunda oynayıb. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub. Həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradır. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılır və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq, bu posta keşik çəkməyə gedir. Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də yaradılır.

1991-ci il oktyabrın 1-də Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılır. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olur. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora “Vətən oğulları” adı verilir. Eldar Bağırov həmçinin, Azərbaycan Ali Sovetinin üzvü seçilir. Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayır. 

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Allahverdi Bağırovun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək, Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub. Cəmisi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək, Ağdama gətirilib. Eyni zamanda, Azərbaycan tərəfi 613 nəfər itki verib. 

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin, bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasnyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və cəsədləri Ağdama gətirib. 

Bağırovun bu fəaliyyəti “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb. 

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutur. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək, Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb. 

Bu əməliyyatdan iki gün sonra iyunun 14-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov, sürücüsü Emir Mirzeyev və Nizami həkimlə birlikdə şəhid olub.

Bağırovun Bakıda Şəhidlər Xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunur. Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.

Azərbaycanın qəhrəman övladının məzarı 27 ildir ki, öz doğma vətənində, amma düşmən girovluğundadır. Bir neçə il əvvəl mətbuatda Bağırovun məzarının qorunduğu və məzarı üstünə təzə güllərin qoyulduğunu əks etdirən fotolar yayılıb. İlk vaxtlar şəhid Allahverdi Bağırovun məzarına general Vitali Balasanyanın diqqət göstərdiyi haqqında məlumatlar yayılsa da, jurnalist Asəf Quliyevin araşdırması zamanı Balasanyan Bağırova hörmətini dilə gətirsə də, məzara gül gətirən şəxsin həqiqi kimliyi aydınlaşdırılıb. Bu şəxsin Allahverdi Bağırovun keçmiş futbolçu həmkarı Razmik Petrosyan olduğu məlum olub. 2016-cı il aprel müharibəsindən sonra vəhşiləşmiş erməni nasistləri Bağırovun və digər azərbaycanlıların qəbirlərinə hücum edərək onları dağıtsa da, Bağırovun qəbri Petrosyan və dostları tərəfindən yenidən bərpa olunub. 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR