Psixoloq məsləhəti: “Mayda koronavirusun təsiri itməyə başlayacaq”
Modern.az xüsusi karantin rejiminin 19-cu günündə insanlara psixoloq məsləhətini davam etdirir. Növbəti həmsöhbətimiz psixoloq Hüseyn Xəlilovdur.
O saytımıza açıqlamasında ölkəmizdə və dünyada gedən proseslərin bütün insanların psixologiyasına, ailə münasibətlərinə təsir göstərdiyini qeyd edib:
“Koronavirus pandemiyasının yayılması ilk növbədə insanda panika, xof yaradır. İstər-istəməz insanlar düşünürlər ki, bizə də nə isə olacaq, özümüz, yaxınlarımız xəstələnəcəyik, hətta ölə bilərik. Amma insanlar bu təsirə düşməməlidirlər. Bu bir xofdursa, gözlənilməz hadisədirsə, özümüzü sakitləşdirməliyik. Düşünməliyik ki, bu xəstəlik bütün dünyada yayılıb, deməli ortada bizdən asılı bir səbəb yoxdur. Amma xəstəlikdən qorunmaq öz əlimizdədir. Belə məqamlarda hər zaman informasiyanın təsiri və əks-təsiri olur. Hər bir insan, xüsusilə sosial şəbəkələrdə çox vaxt keçirən, mətbuatla əlaqəli olan şəxslər düşünməlidirlər ki, neqativ xəbərlərin, mənfi yüklü informasiyaların içərisinə daxil olduqca, daha dərinə gedirəm və gərginlik keçirirəm. İnformasiyalardan uzaq olmaq, nisbətən olub-keçəni unutmaq, fikirlərimizi uzaqlaşdırmaq yaxşıdır. Beyini məşğul etmək, neqativ təsirdən uzaqlaşdırmaq üçün hər kəsin fərdi məşğuliyyəti ola bilər. Kimsə kitab oxuyur, kim isə film izləyir, kim isə ailəsi ilə vaxt keçirir, kim isə ibadət edir və s. Amma bu zaman da insanlar hər gün eyni işi etməkdən sıxıla, yorula bilirlər. Mən deyərdim ki, bu məşğuliyyətləri planlı şəkildə günlərə bölərək etsinlər. Günün müəyyən hissəsində kitab oxumaq, digər hissəsində yemək hazırlamaq, başqa bölümündə isə uşaqlarla məşğul olmaq mümkündür”.
Psixoloqun fikrincə, dünyanın belə bir təhlükə ilə üz-üzə olduğu bir vaxtda, psixoloji gərginlik içərisində xüsusilə yetişkin insanlar, valideynlər, ailə başçıları daha möhkəm olmalı, psixologiyasını sağlam tutmalıdırlar:
“Birdəfəlik qəbul etmək lazımdır ki, valideynlər paniklədikcə, mövcud durumdan narahat olduğunu tez-tez dilə gətirdikcə, bu uşaqlara, ailənin digər üzvlərinə də mənfi təsir göstərəcək. Hər kəsin psixologiyası, həssaslıq dərəcəsi fərqlidir, kimin necə reaksiya verəcəyini, nə qədər mənfi təsirlənəcəyini öncədən düşünmək bəzən çətin olur. Ona görə, məsləhət görərdim ki, xüsusilə ailə başçıları bu məsələdə diqqətli olsunlar, özlərini koronavirusun neqativ psixoloji təsirlərinə qarşı qorusunlar.
Evdə qaldığımız müddətdə kiçik idman hərəkətləri ilə başımızı qata bilərik. Yoqa ilə məşğul olmaq, evdə şərait varsa, hər gün müəyyən müddətlik idman etmək belə vaxtda lazımlıdır.
Əsas məsələ, soyuqqanlılığımızı qorumaqdır. Hər kəs öz təfəkküründə dərk etməlidir ki, bu vəziyyət uzun müddətli deyil. Epidemiya müəyyən bir zaman çərçivəsində mövcud ola bilər. Sonra mütləq bitəcək. Karantin rejiminin uzadılması baş verərsə, insanlar bunu faciə kimi qəbul etməməlidirlər. Ən pis halda may ayında koronavirus öz təsirini itirməyə başlayacaq. Biz yenidən öz həyatımıza qayıdacağıq. İşə gedəcək, dostlarımızla görüşəcəyik. Bu karantin müddətində isə imkanımız var ki, əvvəldən ertələdiyimiz işləri evdə oturub, həll edə bilək. Beləliklə, həyatımız öz axarında daha yaxşı, daha templə davam edəcək”.
Uşaqların da koronavirus söz-söhbətindən gərginlik keçirdiyini vurğulayan H. Xəlilov məsləhət görür ki, valideynlər övladlarını mümkün qədər neqativ yüklü informasiyalardan uzaq tutsunlar:
“Onlara vəziyyəti olduğu kimi, lakin panika yaratmadan başa salmaq lazımdır. Bəzən ailə başçısı özünü itirir, affekt halına düşüb, ailə üzvlərini də narahat edir, qorxudur. Evdən çıxa bilməməyini dünyanın sonu kimi qəbul edib, “bu nədir, nə vaxta qədər dörd divar arasında oturacağıq, nə isə etmək lazımdır” qışqırıb, bağıran kişilər ola bilər. Amma bu cür özündən çıxmadan öncə həmin vəziyyətin uşaqların psixologiyasını nə qədər alt-üst etdiyini qəbul etmək, ona uyğun, sakit və təmkinlə addım atmaq lazımdır.
Biz yaxın onilliklərdə epidemiya, bu qədər kütləvi yayılan virusla üz-üzə qalmamışıq. Amma hər halda müvəqqəti olduğunu dərk edərək, evdə qalmağa dözmək olar. Sırf buna görə ailədə qan-qaralıq yaratmağa ehtiyac yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət