Prezidentdən SOCAR-la bağlı sərəncam
Prezident İlham Əliyev “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Ens.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1.1. səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə (bundan sonra – Cəmiyyət) Layihələrin səmərəli idarə olunmasını təmin etsin;”.
2. Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürülsün.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət