Slimfit
  1. SİYASƏT

Prezident: "Ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"

Prezident: "Ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"
Sakura

Prezident: "Ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik"

"Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram. Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş Naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş Naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək".

Virtualaz.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.

Dövlət başçısı bildirib:

"Mən, həmçinin Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu proses 1990-cı illərin ortasından başlamışdır. O zaman Azərbaycan öz neft və qaz potensialını xarici investorlar üçün açıq elan etdi. Azərbaycan Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr vermişdir.

Mən tərəfdaş ölkələrimizin yüksəksəviyyəli nümayəndələrini görməyə çox şadam. Mən, həmçinin Avropa Komissiyasına minnətdarlığımı bildirmək istəyirəm. 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan burada - Bakıda Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzaladılar və bu, faktiki olaraq həmin layihənin icrasının başlanğıc mərhələsi oldu. Həmin Bəyannamədə biz açıq-aydın bəyan etdik ki, bu, strateji layihədir və layihənin icrası üçün səylərimizi əsirgəməyəcəyik. Mən 2011-ci ildə Bakıda bu sənədi birgə imzaladığımız Avropa Komissiyasının sabiq prezidenti cənab Barrozoya şəxsi minnətdarlığımı bildirmək istəyirəm. O, Azərbaycana iki dəfə səfər etmişdir. Həmçinin Azərbaycana iki dəfə səfər etmiş və sonuncu dəfə keçən ilin iyulunda təşrif buyurmuş, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsində çox önəmli rol oynamış Avropa İttifaqı Şurasının sabiq prezidenti cənab Tuska da təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Avropa Komissiyasının sabiq komissarı cənab Ottingerə də çox minnətdar olduğumuzu qeyd etmək istəyirəm. O, bu layihənin icrasına yaxından cəlb edilmiş Avropa İttifaqının ilk komissarı olmuşdur. Həmçinin vitse-prezident Şevçoviçi qeyd etmək istəyirəm, o, indi vitse-prezident vəzifəsində işini davam etdirir, lakin digər sektorlara cəlb olunub. Amma Cənub Qaz Dəhlizi üzərində işləyərkən o, həmişə illik toplantılarda bizimlə birlikdə idi və əməkdaşlığımız konkret nəticələrə gətirib çıxarmışdır. Əlbəttə ki, mən bizə bu layihəni icra etməyə kömək göstərmiş beynəlxalq maliyyə institutlarını da qeyd etmək istəyirəm. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklar, həmçinin özəl banklar. Onların dəstəyi olmadan layihənin icrası mümkünsüz olardı. Başqa sözlə, biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik. Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi. Bu təşəbbüs bizim qonşularımız Türkiyə və Gürcüstan tərəfindən dəstəklənmişdir. Bu ölkələrlə biz əvvəllər enerji resurslarının nəqli və infrastrukturu üzrə mühüm layihələr icra etmişik. Sonra bu təşəbbüs yeni tərəfdaşlar - onlardan üçü Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya tərəfindən dəstəklənmişdir. Sonra isə yeni və potensial tərəfdaşlar - anlaşma memorandumlarını imzaladığımız ölkələr olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro bu təşəbbüsə qoşulmuşdur. Həmçinin bu gün bu masada biz Macarıstan, Rumıniya, Serbiya və Türkmənistanın nümayəndələrini görürük və onların burada iştirakı bu layihəyə maraqlarının olduğunu nümayiş etdirir. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq.

Fürsətdən istifadə edərək hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR