Prezident nəyə işarə etdi? - Bu ixtisaslar ləğv edilir
Təhsil eksperti Kamran Əsədov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı gələcəkdə aktual olacaq peşələrlə bağlı dediyi sözlərə münasibət bildirib.
Axar.az xəbər verir ki, ekspert ölkə başçısının əvvəlki peşələrin bir çoxunun sıradan çıxması haqda səsləndirdiyi fikirlərin həqiqət olduğunu deyib:
“Prezident “Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik” dedi. Həqiqətən də belədir. Bizdə yaxın gələcəkdə vacib olan kompüter sistemləri analitiki, informasiya təhlükəsizliyi təhlilçisi, rəqəmsal məzmun üzrə mütəxəssis, məlumat analitiki, səhiyyə xidmətləri meneceri, fizioterapevt, proqram təminatçısı, külək enerjisi üzrə mütəxəssis, günəş enerjisi üzrə mütəxəssis, robot mühəndisliyi, məlumat təhlükəsizliyi mütəxəssisi, maliyyə meneceri, mobil tətbiqçi, epidemioloq, süni zəka mütəxəssisliyi, akkumulyator ekspertizası, veb dizayner, rəqəmsal çevrilmə mütəxəssisi, bioinformatika və genetik ekspertiza bu qəbildən olan ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilmir”.
Ekspert həmçinin qeyd edib ki, artıq ali təhsil müəssisələrində bir sıra ixtisaslar əmək bazarının tələblərinə uyğun deyil və onlara ehtiyac yoxdur:
“Ona görə də gələcəyin ixtisasları, müasir tələblərə cavab verən ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət