Prezident çıxışında bunu da vurğuladı – Deputat
2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev Prezident İlham Əliyevin ölkədə minimum əmək haqqının artırılaraq 250 manata çatdırılması barədə sərəncamının sentyabrın 1-dən qüvvəyə minməsi barədə danışarkən deyib. O, dövlət başçısının ölkədə sosial siyasətlə bağlı gördüyü işləri xatırladıb:
“Uğurlu sosial islahatlar proqramı mühüm sosial nailiyyətlərə zəmin yaratdı. Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əmək haqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələyə start verildi. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verir. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması müsbət göstəricilərdən oldu. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan artıq sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır:
“Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı Prezidentin daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir. Amma bu, son deyil. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmiz sosial-iqtisadi cəhətdən daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət