Prezident bu variantı seçdi: tapşırıq verdi
İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə tapşırıqlarında deyib.
Prezident bildirib ki, yataqxanaların vəziyyətinə baxmaq lazımdır:
“Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər”.
R.Rzayev Prezidentin sorğusuna cavab olaraq köçkün ailələrinin yerləşdirilməsi üçün gələn il 3 variant üzərində çalışdıqlarını deyib və bildirib ki, birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.
Prezident ən çox qaçqın ailəsinin yerləşdirilməsini nəzərdə tutan 3-cü variantın üzərində dayanılmasını tapşırıb:
“Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət