Polkovnik: “Qələbəyə gedən yol təlimlərdən keçir”
Mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərdə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Ens.az Azvision.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin təlimləri hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlərdə hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.
Polkovnik qeyd edib ki, təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır.
"Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, əlaqələndirilmiş işin təmin edilməsi müharibə zamanı qələbə qazanmaq, hər hansı çaşqınlığın və anlaşılmazlığın baş verməsinin qarşısını almaq, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir. Bu baxımdan Azərbaycan Ordusunun mayın 18-dən 22-dək keçiriləcək təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol belə təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”, - deyə C.Xəlilov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət