Pol Qobl: Boltonun səfəri və Qarabağın həlli...
Axar.az ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin sabiq analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qoblın eksklüziv müsahibəsini təqdim edir:
– Boltonun Qafqaz səfərindən sonra ABŞ-ın Cənubi Qafqaza marağı yenidən arta bilərmi?
– Maraq birmənalı şəkildə artacaq. ABŞ Dövlət Departamenti səfərin nəticələri, onun doğuracağı səbəblər və səfərə olan reaksiya üzərində hələ uzun müddət çalışacaq. Media orqanları isə baş verən prosesləri təqib edəcək. Boltonun Qafqaz səfəri məsələlərə konkret çıxış yolu tapmaqdan daha çox, ABŞ-ın bu regiona olan marağının artmasını göstərir.
– Bolton Ermənistanda ABŞ silahları ilə bağlı bəyanat səsləndirdi və Ermənistanın daha suveren siyasət yeritməsi ilə bağlı danışdı. Yaxın gələcəkdə Ermənistanın Rusiya təsirindən azad olmasını görə bilərikmi?
– Ermənistan hazırda Rusiyadan heç vaxt olmadığı qədər uzaqdır. Amma Azərbaycanla Ermənistan arasındakı konflikt mövcud olduqca, onun Rusiyadan asılılığı sonlanmayacaq. Ermənistan bu müddət ərzində Rusiya Federasiyasının təsiri altında qalmağa davam edəcək. Rəsmi Moskva həmişə onu idarə etməyi bacarıb və bundan sonra da edəcək.
– Boltonun səfəri və Paşinyanın KTMT ilə yaranan böhranı, üstəlik, İran məsələsi Qarabağ konfliktinin həlli ilə bağlı ehtimalları artırırmı?
– Mənim fikrimcə, xeyr. Cəsarət və yaradıcılığın kifayət qədər olmaması ucbatından Dağlıq Qarabağ münaqişəsi hələ də həlli yolunu tapmayıb.
– İran məsələsində Qafqaz ölkələri ABŞ-ın yanında nə dərəcədə yer alacaq?
– Regiondakı üç ölkə nə rəsmi Tehranı, nə də Vaşinqtonu məyus etmək istəyir. Beləliklə, onlar ABŞ tərəfdaşı adlandırılmalarına imkan yaratsalar da, heç vaxt Tehranın düşməni olmayacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət