Petro Poroşenko və Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər
Ukrayna Prezidenti Petro PoroşenkoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.
Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.
İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda isə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.
Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət