Paşinyanın Xankəndi səfərinin gizlinləri
Dağlıq Qarabağa səfər edərək Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirən baş nazir Nikol Paşinyan bir sıra siyasi mesajlar verib. Paşinyanın çıxışında səslənən tezislər Ermənistan Təhlükəsizlik Şurasının iclası başqa dövlətin işğal olunmuş ərazisində keçirmək qərarının arxasında dayanan məqamları müəyyən etməyə imkan verir. İlk növbədə, diqqəti cəlb edən məqam baş nazirin Qarabağla bağlı verdiyi təklifin beynəlxalq müqavimətlə qarşılaşmasından dərhal sonra Xankəndinə səfər etməsidir. Qeyd edək ki, Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin Azərbaycanla danışıqlarda üçüncü tərəf kimi iştirak etməsini təklif etmişdi.
Avropa Birliyi rəsmilərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatlarında N.Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar formatını dəyişmək təklifi rədd edilib. “Mən danışıqlarda yalnız Ermənistanı təmsil edirəm” tezisinin beynəlxalq səviyyədə maneəyə dəyməsi Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesinə yenilik gətirmək səylərinə ciddi zərbə vurub. Artıq danışıqların əvvəlki format çərçivəsində aparılmasından başqa yolun qalmadığını həm Ermənistanda, həm də Dağlıq Qarabağda yaxşı anlayırlar. Sadəcə olaraq, Nikol Paşinyan artıq qeyd edilən populist bəyanatından demək olar ki, imtina etmək məcburiyyətində qalıb. Bu isə mühafizəkar erməni cəmiyyətində onun reytinqinə təsirsiz ötüşməyəcək. Digər tərəfdən, separatçı rejimin müstəqil tərəf kimi müzakirələrə qatılacağına dair vədin iflasa uğraması Qarabağ klanının Paşinyana siyasi təzyiqlərini artırması üçün arqument yaradır. Ona görə də N.Paşinyan Xankəndində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə dair fəaliyyətin “koordinasiyalı şəkildə planlaşdırılması”nı müzakirə etməklə bu təzyiqlərdən yayınmağa çalışır. Lakin Paşinyan danışıqları ənənəvi qaydada davam etdirməli olacağının fərqindədir. Bu baxımdan, ona Azərbaycan prezidenti ilə görüşdə Ermənistanla yanaşı, Dağlıq Qarabağ ermənilərinin də adından çıxış etmək lazım gələcək. Bu halda Ermənistanın baş naziri danışıqların formatını dəyişəcəyinə dair cəmiyyətə verdiyi vədləri özü təkzib etmiş olar. Ona görə də Paşinyana siyasi məsuliyyəti bölüşmək və ya ikitərəfli görüşlərdə Dağlıq Qarabağı da təmsil etdiyinə dair separatçı rejimin razılığını almaq lazımdır. Bunu Paşinyanın Xankəndində keçirilən Təhlükəsizlik Şurasının iclasındakı çıxışından da görmək olar.
Paşinyan bildirib ki, danışıqlar prosesində Azərbaycanı prezident Əliyev təmsil edir. Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan vətəndaşlarıdır və prezident seçkilərində İlham Əliyevə səs verib. Amma Paşinyan Dağlıq Qarabağ ermənilərini təmsil etmək səlahiyyətinə malik deyil. Çünki Dağlıq Qarabağın erməni icması seçkilərdə Paşinyana səs verməyib. Paşinyan qeyd edib ki, legitimlik adi bir məsələ deyil və beynəlxalq əlaqələrdə mühüm rola malikdir.
Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi Arzik Mxitaryan isə Təhlükəsizlik Şurasının iclasının Xankəndində keçirilməsinin detallarını açıqlayıb. İclasdan əvvəl verdiyi açıqlamada Mxitaryan bildirib ki, Təhlükəsizlik Şurasında Minsk Qrupunun həmsədrlərinin son bəyanatı müzakirə olunub: “Əgər tərtib olunmuş bir sənəd varsa, hesab edirəm ki, o müzakirə olunacaq. Mənim fikrimcə, Nikol Paşinyanın Azərbaycanın və dünyanın qarşısında səlahiyyəti məsələsi müzakirə olunacaq. Əgər cənab Paşinyanın Qarabağın danışıqlarda ona iştirak etmək və qərar qəbul etmək səlahiyyəti verməyəcəyindən narahatlığı varsa, fikrimcə, dünənki iclasda bu məsələ həll olunacaq. Əlbəttə, biz Ermənistan hökumətinə etibar edirik və ermənilərin xeyrinə qərar qəbul etməyə hazırıq”.
Göründüyü kimi, Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi, ilk növbədə, Qarabağ ermənilərindən danışıqlarda onları təmsil etmək üçün mandat almağa hesablanıb. Əslində, bu, məsələyə hüquqi deyil, daha çox siyasi yanaşmadır. Çünki Dağlıq Qarabağdakı separatçı rejim beynəlxalq hüququn subyekti deyil və Ermənistana danışıqlarda təmsilçilik mandatı vermək səlahiyyəti yoxdur. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı beynəlxalq ictimai təşkilatlar tərəfindən tanındığından danışıqlarda münaqişə tərəfi kimi rəsmi İrəvan təmsil olunur. Ona görə də bu addım daha çox Paşinyanın Dağlıq Qarabağ ermənilərini danışıqlarda təmsil etmək üçün Koçaryan-Sarkisyan klanının razılığını almağa hesablanmış siyasi gedişidir. Bu isə baş nazirə danışıqlarda iştirak etmək və qəbul edəcəyi hər hansı qərara görə məsuliyyəti Qarabağdakı separatçı qüvvələr bölüşmək imkanı verir. Yəni, N.Paşinyan özünü öncədən siyasi cəhətdən sığortalamağa çalışır. Artıq onun danışıqlarla bağlı bu təmsilçilik mandatını Qarabağ ermənilərindən aldığını söyləmək olar.
Nikol Paşinyanın çıxışında diqqəti cəlb edən digər mühüm məqam isə Qarabağ ermənilərinin ona səs verməməsi barədə fikirləridir. Dağlıq Qarabağın azərbaycanlı icmasının prezident Əliyevə səs verdiyini xüsusi vurğulamaqla Paşinyan onu dəstəkləməyən Qarabağ ermənilərdən fərqli olaraq Azərbaycanın danışıqlardakı mövqeyinin daha legitim olduğuna işarə edir. Yəni, Ermənistanın baş naziri dolayısı ilə Qarabağ ermənilərinə ona qarşı müxalif mövqedən çəkilməyə dair mesaj verir. Paşinyan danışıqlar prosesində Qarabağ ermənilərinin mövqeyini müdafiə etmək üçün özünün legitim lider kimi qəbul edilməsi şərtini irəli sürür. Bununla da Ermənistan hökumətinin başçısı yaranmış situasiyadan istifadə etməklə Qarabağ klanını siyasi cəhətdən özündən asılı vəziyyətə salmağa çalışır.
Mənbə: Cebhe.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət