Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Panik atak nədir və ya qorxularımızın hücumundan necə qorunaq?

Panik atak nədir və ya qorxularımızın hücumundan necə qorunaq?
Sakura

Panik atak nədir və ya qorxularımızın hücumundan necə qorunaq?

Həyəcan, qorxu, stress, gərginlik kimi anlayışlar bəşər övladı yarandığı gündən bəri mövcuddur.

Həmin qorxular insanın həyatında müəyyən əngəllər törədir. Gündəlik məişət həyatının olduqca sürətli, operativ şəkildə, bir göz qırpımında yaşandığı, texnologiyanın tərəqqisinin yüksək həddə gəlib çatdığı XXI əsrdə isə bu anlayışlar daha da aktuallaşmaqdadır.

Gün ərzində qarşılaşdığımız hər bir hadisə, şəxs və s. bizdə müəyyən mənfi və müsbət çalarlı hisslər doğurur. Həmin duyğular da öz növbəsində psixikamızda müəyyən məsələlərlə bağlı yaxşı və pis qənaətə gəlib çıxmağımıza səbəb olur.

Modern insanın ən böyük problemlərindən biri daxilində yığılıb qalan narahatlıq, gərginlik nəticəsində məruz qaldığı “panik atak”dır. Hər bir insan ortalama olaraq ömrünün 2,2 ilini panik pozuntulara sərf edir. Davamlı sürətlə baş verən panik ataklar panik pozuntulara gətirib çıxarır.

Panik atak nədir?

Panik atak qorxuların şəxsə anidən hücum etməsi halıdır. Uzun müddət ərzində toplanan və ya qəfil baş qaldıran qorxular şəxsi əhatə edərək bir müddət öz əsirinə çevirir. Panik atak bəlli bir hadisədən sonra və ya səbəbsiz şəkildə ortaya çıxa bilər. Panik atak qorxu və narahatlıq halında üzə çıxır. Bu hal çox zaman bir dəqiqədən xeyli az vaxt ərzində baş versə də, əlamətləri 10-15 dəqiqəyə, bəzən 20-30 dəqiqəyə qədər öz təsir qüvvəsini itirmir. Şəxs cəmiyyət arasında və ya qapalı məkanda tək qalanda, ekstremal bir idman növü ilə məşğul olanda, auditoriya qarşısında çıxış edəndə və digər bu kimi insanın fərdi qorxularını, narahatlıqlarını tətikləyə biləcək yüzlərlə situasiya zamanı meydana çıxa bilər. Yəni, panik atak konkret bir hadisə zamanı deyil, şəxsin individual psixoloji vəziyyətinə uyğun olaraq yaranır və heç kəs bundan sığortalanmayıb.

Panik atakların meydana çıxmasında genetik faktor da mühüm rol oynayır. Bu hal hətta yuxuda belə baş verə bilər. Güclü bir travma və ya stress də panik ataka gətirib çıxara bilər. Məsələn, işindən ayrılan, bir yaxınını itirən ya da xəyanətə uğrayan insanlar üçün panik ataklar çox zaman qaçınılmaz olur. Travma yaşamış insanda hadisədən sonra yenidən həmin təcrübəni yaşamaq qorxusu baş qaldırır. Ona görə də bu cür şəxs həmin hadisənin baş verdiyi (və ya oxşar) məkandan və əlaqəli insanlardan qaçmağa çalışır. Buna müvəffəq olmadığı təqdirdə panik ataklar onun ən arzuolunmaz yoldaşına çevrilə bilər.

Panik atak zamanı insan müxtəlif hisslər keçirir. Bu halla üzləşən xəstələrin təsvirləri müxtəlifdir. Get-gedə balacalaşaraq yığılırmış kimi, özünü terror hücumuna məruz qalmış və ya nəhəng yaratıqlar arxasında qaçırmış kimi hiss edənlər, divarların yaxınlaşdığını, hər yerin bulanıqlaşdığını deyənlər olur. Bəzi xəstələr həmin anda içərisində olduqları məkanı yanğın baş verən binaya, qəribə bir tunelə və ya surət qatarına oxşadırlar.

Panik atak simptomları nələrdir?

- Çətinliklə nəfəs alma və ya hiperventilyasiya
- Ürək döyüntülərinin sürətlənməsi
- Baş gicəllənməsi
- Titrəmə
- Tərləmə

- Boğulma hissi
- Sinədə ağrı
- Əl və ayaq barmaqlarının uyuşması
- Ətraf aləmdən uzaqlaşma hissi
- Qəfil ölmək qorxusu, özünü itirmə

Ürək tutması ilə panik atakın fərqi

Panik atak halının simptomlarının çoxu ürək tutmasında olduğu kimi fizikidir. Bəzən bu simptomlar o qədər açıq-aydın və şiddətli olur ki, şəxs ürək tutmasına məruz qaldığını zənn edə bilər. Statistikaya görə, hər il çoxlu sayda insan panik atakla ürək tutmasını səhv salır və ciddi bir ürək problemi olduğunu düşünərək həkim müayinəsindən keçir. Əlbəttə, il ərzində profilaktik tədbir kimi müayinədən keçmək yaxşı, hətta zəruridir. Lakin panik atak zamanı fizioloji əlamətlər psixoloji əlamətlərdən sonra gəlir. Bu zaman əsas səbəb kimi panik yaratmış hadisə götürülür.

Panik atak zamanı nə etmək lazımdır?

Bu zaman şəxs sürətli nəfəs alıb verir və beyinə gedən oksigenin miqdarı artır. Ona görə də ilk olaraq nəfəs alıb vermə prosesi tənzimlənməlidir. Bu zaman bir torba götürün. Əvvəlcə torbanın içərisinə üfürüb doldurun, sonra isə həmin havanı geri udaraq nəfəsinizi nizama salın. Torbanın içərisinə nəfəs almağın məqsədi odur ki, beyinə gedən oksigen miqdarı azalsın və panik atakın şiddəti aradan qaldırılsın.

Panik atak zamanı zehninizi işə salın. Ətrafınızda olan əşyaları başqa nəsnələrə bənzətməyə, müqayisə etməyə çalışın. Sizi əhatələyən adi əşyaların quruluşu haqqında düşünməyə vaxt sərf edin. Burada məqsəd sizi qorxudan, stressə salan hadisəni zehninizdən uzaqlaşdırmaqdır.

Vəziyyəti özünüzə izah edin. Panik atak halı ilə üzləşdiyinizi özünüzə etiraf edin. Bu vəziyyətin tezliklə keçib gedəcəyini, heç bir zərər verə bilməyəcəyini zehninizdə dayanmadan təkrarlayın.

Təsəvvür edin ki, darısqal bir yol ilə irəliləyirsiniz. Siz qorxduqca yol daha da daralır. Qorxularınızdan qaçmadan birbaşa onların üzərinə gedin. Görəcəksiniz ki, siz qorxularını cilovladıqca, yol genişlənir və rahatlaşır. Bir müddətdən sonra o yolla getməkdən zövq almağa başlayacaqsınız.

Əgər bütün bunları tətbiq etmisinizsə və panic atak hələ də aradan qalxmayıbsa, deməli vəziyyət düşündüyünüzdən daha ciddidir. Bu zaman mütləq mütəxəssisə müraxiət etməlisiniz.

Qorxu, narahatlıq, gərginlik bütün insanlara xas olan duyğunlardır. Düşdüyünüz vəziyyət nə qədər çətin olursa olsun, bu adi, insani hissləri gözünüzdə böyütməyin. Unutmayın ki heç nə dünyanın sonu deyildir!
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR