Slimfit
  1. MEDİA

Özünü psixoloq hesab etməyən Yunis Dürüstlə ilginc müsahibə

Özünü psixoloq hesab etməyən Yunis Dürüstlə ilginc müsahibə
Sakura

Özünü psixoloq hesab etməyən Yunis Dürüstlə ilginc müsahibə

Psixoloq kimi fəaliyyət göstərsə də, psixoloq ixtisasını qəbul etməyən Yunis Dürüstdən media üçün əməkdaşımız maraqlı müsahibə alıbdır. Həmin müsahibəni ekskluziv olaraq təqdim edirik.

-Hörmətli Yunis Dürüst, xoş gördük! Yeni “Həyat Yolu” layihəsinin keçən dəfəki qonağı olaraq, məşhur sosioloq Əhməd Qəşəmoğlunu dəvət etmişdik. Nəhayət, növbə gəlib sizə çatdı. Biz düşünürük ki savadlı, ziyalı insanların fikirlərinə cəmiyyətin hər şeydən daha çox ehtiyacı var. İlk sualımızı vermədən öncə, bəzilərinin maraq etdiyi bir şeyi soruşaq. Bu yaxınlarda hansısa hesabatdan məlum oldu ki, sizin əsil adınız Daşqındır. Daşqın Əliyev. Lakin feysbukdakı, instaqramdakı profilinizin adı isə Yunis Dürüstdür. Niyə məhz Yunis Dürüst? Öz adınızı sevmirsiz, yoxsa?...

-Belə deyim, insanın adını valideynləri, təxəllüsünü isə özü qoyur. Odur ki, təxəllüsü insana daha uyğundur. Məncə, hər kəsin həyatda ən azı bir dəfə adını dəyişmək hüququ olmalıdır... Əslində desəm, Yunis Dürüst imzasını götürməyim, sırf təsadüf nəticəsində olubdur. 2010-cu ildə feysbukda qeydiyyatdan keçdiyim zaman, təsadüfən bu adı seçmişdim. Sonra zamanla bu adı əxz etməyə başladım. Ümumiyyətlə, başqa imza ilə çıxış etmək tam normal bir haldır, məsələn, Rəsulzadə “Azəri”, Bakıxanov “Qüdsi” təxəllüsündən istifadə edibdir. Əsas olan, ada layiq olmaqdır. 

-Yunis bəy, yaradıcılığa, ya da karyeraya necə başlamısız? İlk dəfə necə oldu ki, istedadınızın fərqinə vardız?

-Ümumiyyətlə istedad, bir neçə faza ilə bağlı məsələdir. Biri genetik amil, digəri təlim və tərbiyə, o birisi isə fərdi səy. Mən etiraf edim ki, genetik olaraq, avantajlı doğulmuşam. Sonradan xüsusi təlim görməsəm də, fərdi səylər nəticəsində müəyyən bir səviyyəyə gəlmişəm. İstedadlı olduğumu yeniyetmə yaşlarından hiss eləmişəm. Amma, düşünmürəm ki, uşaqkən, həmyaşıdlarımdan daha istedadlı idim. Sadəcə, potensialdan daha çox istifadə etmişəm. Ustad deyir ki, əsas olan, sürətli getmək deyil, kənara çıxmamaqdır.

-Sizinçün həyat nədir? Yunis Dürüst bu həyatın harasındadır və harasında olmalıdır?

-Bu suala, kitabımdakı son hissə ilə cavab vermək istərdim: Həyat, yaxşı ilə pisin bir yerdə olduğu, çətinlik və asanlığın qoşa olduğu, amma asanlıqdan daha çox çətinliyin olduğu, lakin çətinlikləri aşdığın təqdirdə hər şeyin sənin gözündə gözəlləşəcəyi məkan! 

O ki, qaldı həyatın harasındayam; məncə hədəfə yaxın bir yerdəyəm…

-Kitabınızın adı qəribə gəlmirmi insanlara? Sizə elə gəlmir ki, “Həyat” qisminə “Feysbuk”u əlavə etməklə əksər oxucuları qaçırırsız? Məsələn, bu kitabın adı “Həyatın Sirləri” olsaydı, mən sizə görə alıb oxuyardım, amma “Feysbuk”u görəndə tərəddüd edirəm…

-Haqlısız, bizdə insanlarda feysbuk, internet, hələ də qeyri-ciddi bir yer hesab edilir. Lakin, mənim bu adı qoymağımın da əsas səbəbi elə bu stereotipi qırmaqdır. Elə bu adla da oxumağı tövsiyyə edirəm…

-Yunis bəy, sizin fikrinizcə, həyatda ən vacib özəllik nədir?

-Fikrimcə, həyatda ən vacib akt budur: ŞÜBHƏ ETMƏK! Həyatda böyük şəxsiyyətlər nə ediblərsə, hamsı bunun hesabına ediblər-ŞÜBHƏ ETMƏK! Sənə elə gəlir ki, sən və ətrafın yaxşıdır, əslində isə yaxşı deyil, sən aldanmaqdasan!.. Rene Dekart-elm və fəlsəfənin qədərini müəyyənləşdirən şəxs, bütün nailiyyətlərinə görə məhz buna borclu olduğunu düşünür. Dekart məhz şübhə etdiyi üçün bütün özünə qədərki fikirləri və alimləri bir kənara qoyub, onlardan daha irəliyə gedə bilmişdir. Yəni, sizə adi görünə bilər, amma bir anlıq düşünün; 20-25 yaşlı, hüquqçu bir atanın oğlu, hüquq fakültəsini bir kənara atıb, "abstrakt" və "lazımsız" bir sahəyə-həqiqət arayışına girişibdir. Önündəki böyük karyera imkanlarını, "dərviş" həyat tərzinə dəyişibdir. Və Aristoteli, Platonu, heç kimi ciddiyə almır, "mən onlardan əksik oğlan deyiləm!" deyir. Və çox keçmədən, cəmi 10-15 ilə- Aristoteli, Platonu, Sokratı, Qalileyi, Koperniki, ümumiyyətlə özündən əvvəlki bütün alimləri vurub keçir və onların elmə verdiyi töfhələrdən qat-qat artığını verir.

-Həyat yolunda ustadınız olubmu?

-Ustadım olmayıbdır, amma Dekartla tanış olandan sonra, özümü onda tapmışam. Onun fikirlərini düşünmək niyə bu qədər önəmlidir, bu barədə “Dekart və Zəka” adlı məqaləmi oxumağı tövsiyyə edirəm. Onun həyatıyla tanış olandan sonra görmüşəm ki, aramızda həyat yolu baxımından da ciddi paralellər var. Təbiətən şübhəçi və üsyankar bir insan olduğu üçün öz zamanının elm anlayışına qarşı gəlibdir. Şüurlu formada.

 -Sizin həyatınızda da belə üsyanlar olub yəqin?... Yeri gəlmişkən, siz hansı fakültəni bitirmisiz?

-Mən yüksək hazırlığa baxmayaraq, diqqətsizlik və həmçinin, təhsil sistemimizin o vaxtki çatışmazlığı ucbatından, istədiyim fakültələrdən heç birinə girməmişəm. BDU-nun teologiya fakültəsinə düşmüşəm. Və təbii ki, istəmədiyim fakültəni tərk etməyi çox istəmişəm, lakin bəzi səbəblərdən bu reallaşmayıbdır. Valideynlər dəstəkləməyibdir, daha dəqiq desəm. Beləcə, 5 ilimi itirmişəm. 

-Siz yəqin ki, fəlsəfəni və ya psixologiyanı arzulamısız?... Yaxşı, bəs sonra nə oldu?

-Sizə bir şey deyim, hansı ki, bunu ilk dəfədir açıqlayıram, çoxları bilmir. Mən 2013-cü ildə BPKİYİ-nin psixologiya ixtisasına daxil olmuşam. (indiki TİPİİ) Lakin orda psixologiya fənlərini tədris edən müəllimlərdən suallarıma yetərli cavab ala bilmirdim və bu da məni düşünməyə sövq edirdi. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yazdığım etiraz ərizəsinə tələbələrdən heç kəs qol çəkməyə cəsarət etmədi. Mən də 2014-cü ildə oranı tərk etdim. (Düzdür, sonradan gedib 1 illik kurs oxuyub diplom almalı oldum, amma, ümumiyyətlə diplom anlayışını mənasız hesab edirəm). Bənzər hal, neçə illər sonra psixoloq olaraq çalışdığım məktəbdə də baş veribdir, orda da vəziyyətlə barışmağı deyil, etiraz edib getməyi seçmişəm. 

-Yunis Dürüst, psixologiya, ümumiyyətlə sizinçün nədir? Özünüzü psixoloq hesab edirsiz?

-Psixologiya, sosiologiya, politologiya və s. elmlər XIX əsrin sonuna qədər ayrıca elm deyildilər. Mən, ümumiyyətlə psixologiya deyə bir ayrıca sahənin olmasını beynimə sığışdıra bilmirəm. Ona görə də belə bir ixtisasın olmasını da qəbul etmirəm. Böyük ümman olan elmləri bölmək, ağlı bölməklə eyni şeydir. Ustad Dekartın dediyi kimi, “Elmlər, müdriklikdən (ağıldan) başqa bir şey deyil”. Təcrübə isə ağıl az olanda lazım olur. Ağıl çoxdursa, təcrübəyə ehtiyac azdır. Bunlar tərs mütənasibdir. Müasir psixologiya, sosiologiya isə faktiki olaraq, ağlı ikinci dərəcəli amil hesab edir, təcrübəni mərkəz alır. Məsələn, sadə bir şey deyim: mən, tutalım, bilirəm və əminəm ki, hazırki Koronavirusdan və təcriddən sonra mütləq ki, dünyada depressiyalar, boşanmalar artacaq. Səbəbi də odur ki, insanlar, sosial həyata, maddi nemətlərə həddən çox önəm verdikləri üçün və “uyuşduqları” üçün birdən yuxudan oyanmaq, onları sarsacaqdır. Mən ağlıma güvənirəm. Lakin, müasir psixologiya, sosiologiya isə deyir ki, sən ağlı kənara qoy, gəl bunu araşdırma və tədqiqat etməklə aydınlaşdır. İnkar etmirəm, araşdırma, təcrübə yaxşı bir şeydir, amma ağlı blok etmək üçün deyil. Mənim fitri olaraq, dərk etdiyim budur ki, universal bir elm vardır və həmin elm, ağlın özüdür. İnsanların zəka və ağılları çox fərqli ola bilir və bu da ciddi fərq yaradır. Mən bir şeyi ağlımla dəqiq bilirəmsə, lakin başqası həmin şeyi bilmirsə, nədən ikimiz də təcrübəyə müraciət etməliyik?...

-Yunis bəy, alim olmaq nə deməkdir? Alim olmaq üçün nə gərəklidir və hansı şərtlərə cavab vermək lazımdır?

-Sanıldığının əksinə, əslində alim olmaqla elmi dərəcəli olmaq, eyni şey deyil. Bir adam, fəlsəfə doktoru, yaxud elmlər doktoru ola bilər, amma alim olmaya bilər və əksinə də ola bilər. Məsələn, Cabbar Məmmədovun nəinki elmi dərəcəsi, hətta ali təhsili olmayıbdır, lakin zəkası və savadı hesabına, ali məktəblərin vazkeçilməz və səviyyəli dərsliyi olan “Diplomatik Psixologiya” kitabını yazıbdır. 

-Sizcə, Azərbaycanda alimlərin sayı niyə azdır və elm niyə geridədir?

-Bir çox səbəbdən bəhs etmək olar. Ən birinci amil, fikrimcə, ümumi zəka səviyyəsinin aşağı olmasıdır. Bir var, genetik zəka, bir də var mühitsəl zəka. Məsələn, Türkiyə hər iki cəhətdən-mühitsəl zəka və genetik zəka cəhətdən bizdən daha münbitdir, odur ki, orda daha çox alim yetişə bilir. Həmçinin, elmə göstərilən diqqət və önəm də ciddi amildir.

-Yunis Dürüst, dünyada hazırda gedən proseslər, sizcə hansı cür bir gələcək vəd edir? Dünyada çatışmayan amil nədir? Çıxış yolu nədədir?

-Fikrimcə, dünya hazırda ən əvvəl, başda dediyim nəsnəyə ehtiyaclıdır: Şübhə etməyə. Karonavirus hadisəsi bir siqnaldır ki, dünyada işlər heç də yaxşı getmir, insanlar düz yolda deyillər. İnsanlıq və bəşəriyyət elmi-təfəkkür baxımından nə qədər irəli getsə də, mənəvi amili unudubdur. Elə bil ki, sən bərk qaçırsan, lakin ayaqqabılardan biri ayağından çıxıbdır. Gərək, təzədən gəldiyin yolu geri qayıdasan. Bu, həm də elmin geri qalmasına gətirib çıxarır. Elm və texnika nə qədər inkişaf etsə də, əslində, öz potensialının çox uzağındadır.

-Geniş yayılmış belə bir düşüncə var: “Dinlə elm bir-birinə ziddir”. Hətta “din, inkişafa əngəldir” deyənlər də var. Sizcə, bu doğru yanaşmadırmı? Din, fikrinizcə, nə deməkdir? 

-Ümumiyyətlə, belə bir yanlış hipotez var: “alimlərin çoxu dinsizdir, deməli, din yanlışdır”.  Halbuki, bir alim də səhv edə bilər və alimi dinsizliyə aparan səbəb psixoloji-mənəvi də ola bilər. Mən daha varlı, daha gözəl, hətta daha zəki insanların daha dinsiz olduqlarını düşünürəm. Lakin, bu heç də dinin səhv olması anlamına gələ bilməz. Səbəbi daha çox mənəvi-psixoloji-sosiolojidir. Maddi nemətlər çoxalanda (gözəllik, pul, zəka) əksər insanlar, belə desək, “harınlayırlar”. 

Ümumiyyətlə, mən fəlsəfə və elmin, fərqli şey olmadığını düşünürəm. 

-Yunis bəy, mətbuatla əlaqələriniz necədir? Bu, ilk müsahibənizdir? Quqlda adınızı axtarışa verəndə sizə aid çox az şey çıxdı...

-Bəli, ilk müsahibəm hesab oluna bilər. Ümumilikdə, mətbuatla əlaqələrimin təəssüf ki, o qədər də yaxşı olduğunu deyə bilməyəcəyəm. İndiyəqədər mediaya bir çox dəfə məqalələrimi göndərmişəm, nadir hallarda yer veriblər. Mən də daha göndərmirəm. Yalnız Meydan tv-də keçən il məqaləm getmişdi.  Görünür ki, mediamız ziyalılardan çox məşhurların arxasıyca qaçır. Sizə ilginc bir şey deyim. İllər öncə, Azərbaycanda ilk dəfə “Layk psixologiyası”nı açıqlamışdım və məqaləni, bir neçə populyar media resursuna göndərmişdim, məsələn musavat.com-a. Çox əhəmiyyətli məqalə olsa da, demək olar, yer verilməmişdi. Mən də onu kayzen.az-da şəxsi bloquma yerləşdirmək qərarına gəldim. Orda məqaləni təsadüfən hansısa sayt görmüşdü və zəncirvari effektlə çoxlu saytlar yayınlamışdı. İçlərində də musavat.com… 

-Amma, sizinlə bu müsahibəni yəqin ki, çoxlu saytlarımız verəcəkdir, buna əmin ola bilərsiz…

Bu qədər…. Maraqlı söhbətimizin nəhayətinə gəldik. Son olaraq, hazırki fəaliyyətiniz və yaxın gələcək üçün planlarınız barədə danışın.

-Hazırda, əxz etdiyim rasional fəlsəfənin qurucuları diqqət mərkəzimdədir-Dekart, Spinoza, Leybnits. Onları oxuyub keçmirəm, bir səhifəni azı 10 dəqiqə oxuyub düşünürəm. Yaxşı ki, türk və ingilis dillərinə çoxlu əsərləri çevrilibdir. Yaxın zamanda isə kitabımı universitet dərsliyi formatına çevirməliyəm. 

-Müsahibəyə görə təşəkkür edirəm və uğurlarınızın davamını diləyirəm!

 

Müsahibəni apardı: Ramil Əskər

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR