Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan filmlərinin ən çox çəkildiyi məkan

Azərbaycan filmlərinin ən çox çəkildiyi məkan
Sakura

Bakı - filmlərin çəkiliş meydançası

Kino yarandığı gündən filmlər müxtəlif məkanlarda - küçələrdə, bağ-bağçalarda, dənizdə, çay kənarında, binalarda, hətta binaların damlarında, interyer və eksteryerlərdə lentə alınırdı.

Elə şəhərlər var ki, təkrarolunmaz koloritə malikdir. Bu kolorit həmin şəhərlərin özünəməxsus memarlıq simasını, psixoloji ab-havasını, mühitini, mənzərəsini, hətta günəşin parlaqlığını və qürub etməsini təyin edir.

Bakı məhz belə nadir şəhərlərdəndir. Bakının ürəyi- İçərişəhər, əsrlərin xatirəsini özündə yaşadan tarixi məkan. Artıq 114 ildir ki, bu yerlər kinematoqrafçıların ziyarət yerinə çevrilib. Orta Əsrlər Bakı qalasının təkrarolunmaz dar küçələri, miniatür həyətləri, şəhər əhalisini xarici qəsbkarlardan müdafiə edən qala divarları indi açıq səma altında möhtəşəm kinopavilyon rolunu oynayır.

İçərişəhərin kino tərcümeyi-halı öz tarixini 1898-ci ildən götürür. O vaxtı indiki filarmoniya bağında "Şəhər bağında xalq gəzintisi" sənədli filmi (rej.-oper. A.M.Mişon) çəkilmişdi. O vaxtdan İçərişəhər bir çox sənədli və elmi-kütləvi filmlər üçün mövzu olmuşdur. Burada müxtəlif illərdə "Bakı SSRİ-nin incisidir" (1925), "Küləklər şəhəri" (1928), "Bakı bu gün" (1958), "Bakı və bakılılar" (1958), "Bakı haqqında 10 dəqiqə" (1956), "İçəri Şəhər" (1978), "Bakı. Portretə yeni ştrixlər" (1979), "Bakıda "Mosfilm" günləri" (1981), "Bakı eyvanları" (1986), "Bakı Sovet Azərbaycanının paytaxtıdır" (1987), "Neft Daşları" (1990), "Bakıda insan ovu" (1991), "Bakı metrosu" (1992) və s. filmlər yaradılmışdır. Bu sənədli və elmi-kütləvi filmləri rejissorlardan L.Səfərov, R.Ocaqov, Y.Əfəndiyev, N.Bəkirzadə, R.Nağıyev, M.Dadaşov, Z.Məhərrəmov kimi tanınmış sənətkarlar lentə almışlar.

Bədii kinoda isə Azərbaycan paytaxtının qədim hissəsi ilk dəfə 1924-cü ildə istehsal olunmuş iki seriyalı "Qız qalası" bədii filmində öz əksini tapmışdır. Filmin rejissoru V.Ballyuzekdir. Film qədim memarlıq abidəsi olan "Qız qalası" ilə bağlı Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilmişdir. Filmin ssenarisini N.Breslav-Lure yazmışdır. "Bakinskiy raboçiy" qəzeti filmə münasibətini belə bildirmişdir: "Qız qalası" filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və o Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir".
Bakı və Bakı qalası demək olar ki, hər il filmlərin çəkiliş meydançasına çevrilir. Məhz belə çəkilişlərin sayəsində Bakıda heç vaxt olmayan və Azərbaycan haqqında az məlumatlı milyonlarla tamaşaçı bizim qədim və gözəl paytaxtımız barədə lazımi bilikləri əldə edə bilir.
Rejissor M.Mikayılovun öz ssenarisi üzrə yaratdığı "İsmət" filminin (1934) bir hissəsi İçəri Şəhərdə çəkilmişdir. Filmdə baş qəhrəman olan İsmət obrazında qadın taleyi öz əksini tapmışdır. Burada qədim şəhərin ensiz küçələri, eyvanları bir-birinə baxan binaları operator F.Novitski tərəfindən lentə alınmışdır.

İçəri Şəhərdən söhbət açarkən tamaşaçılar arasında çox populyar olan "Brilyant əl" filmi yada düşür. 1968-ci ildə "Mosfilm" kinostudiyasında (Rusiya) çəkilmiş bu ekssentrik komediyanın qəhrəmanları teploxodda hansısa şərq ölkələrindən birinə gəlib çıxırlar. Əlbəttə, bu ölkənin şəhəri -şərti olaraq İçəri Şəhər ekranda canlanır. Təbii olaraq, bakılılar, hər şeydən əvvəl, şəhərin qədim guşəsinin sakinləri rejissor L.Qaydayın burada, İçəri Şəhərin "fakturasından" istifadə etməyi qərara aldığından ilk dəfə xəbər tutdular. Sakinlər yaradıcı qrupun hay-küy salmalarına və vurnuxmalarına alışandan sonra doğma məhəllənin ekzotik küçələrində aparılan çəkilişlərə maraqla tamaşa edirdilər. Daha sonra bu işin yekunu olaraq burada baş verənlərə, SSRİ xalq artistləri Y.Nikulinin və A.Mironovun küçənin ortasında bilərəkdən yerə yıxılıb "çort poberi!", yəni "Lənət şeytana!" demələrinə kinoteatrların ekranlarında heyranlıqla baxırdılar.
Sonralar da İçəri Şəhər kino əsərlərində parlaq şəkildə özünü təqdim etmişdir. Bu, "Azadlıq şirin sözdür!" filminə də aiddir. "Mosfilm" (Rusiya) kinostudiyasında istehsal olunmuş bu filmdəki hadisələr Latın Amerikasında cərəyan edir. Həmin ölkənin özünəməxsus koloritini müəlliflər Bakı "fakturasında" yarada bildilər. Bunu kubalı qızın taleyi haqqında danışan "Qara qağayı" filmi (1962, "Lenfilm". Rusiya) barədə də demək olar.

Bir müddətdən sonra Orta Əsrlər Bakı qalası sanki sehrli çubuğun hökmü ilə tamaşaçıları Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin (1973, "Nəsimi" filmi) həyat və yaradıcılıq dövrünə aparıb çıxarır. Azərbaycan kinematoqrafçılarının bu işi məhz İçəri Şəhərin iştirakına görə istər yerli, istərsə də xarici mətbuatda yüksək rəylər almışdır.
İri meqapolis miqyasına qədər genişlənib böyümüş müasir Bakıda İçəri Şəhər çox kiçik sahəni tutur. Onu bir saatın ərzində başdan-başa gəzmək olar. Buna baxmayaraq sahəsinə görə bu kiçik şəhər guşəsində kinematoqrafçılar "Çili zülmət içində" və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmləri üçün lazımi natura axtarıb tapa bilmişdilər.

Azərbaycan kinosunun tanınmış rejissoru Arif Babayev İçəri Şəhərdə doğulub böyümüşdür. O, içərişəhərli kimi onun hər küçəsinə, hətta hər daşına- kəsəyinə yaxşı bələd idi. Deyildiyinə görə Arif adətən şəhəri tək gəzərdi. Şəhər evlərinin hansı saatda hansı çalarlarla bərq vurduğunu və kölgələrə büründüyünü öyrənmişdi. İçəri Şəhərin bütün dar keçidlərinə, əsrlərin sərt və çətin sınaqlarına dözmüş darvaza və qapılarına, evlərin hər tininə bələd idi. Bütün bunlar ona gələcəkdə zəngin həyat materialı kimi lazım oldu.

Həqiqətən də, rejissorun filmlərində Bakı, xüsusilə İçəri Şəhər, Qoşa qala qapısı böyük məhəbbətlə tərənnüm olunmuşdur. "Uşaqlığın son gecəsi" filmi (1968) ekranlara buraxılandan sonra o vaxt mərkəzi mətbuat yazmışdı: "Rejissor hər şeydən əvvəl, köhnə estetik ölçülərdən uzaqlaşmağa çalışmışdır. Filmdə xüsusi, səliqəli mizanlar yoxdur. Rejissor sanki İçəri Şəhərin çoxsaylı həyətlərinin birində səyyar televiziya kamerası üçün uğurlu bir nöqtə seçmiş və bu həyətin sakinlərinə mane olmadan onların güzəranını, münasibətlərini lentə almışdır".
Təsadüfi deyil ki, bu film 1969-cu ildə Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalında gənclik üçün ən yaxşı filmə görə mükafata layiq görülmüş, filmin musiqisinə görə bəstəkar Polad Bülbüloğluna Ukrayna Bəstəkarlar İttifaqının xüsusi diplomu verilmişdir.

Rejissor digər filmində - "Gün keçdi" lirik kinopovestində iki gəncin uğursuz məhəbbət tarixçəsindən söhbət açmaqla yanaşı İçəri Şəhərlə bağlı problem məsələlərə də toxunmuşdur. A.Babayev İçəri Şəhərdə aparılan tikinti işləri ilə, köhnə evlərin sökülüb, yeni binaların tikilməsi ilə heç cürə barışa bilmirdi. Hətta "Gün keçdi" filminin çəkilişləri vaxtı binalardan birinin necə uçurulduğunu görüb ürək ağrısı ilə lentə köçürmüşdü. O, gördüklərini, duyduqlarını yalnız əks etdirmirdi, poetikləşdirirdi, ekran şeirinə çevirirdi.

Filmdə İçəri Şəhərin gələcəyi üçün sənətkar narahatçılığı, vətəndaşlıq mövqeyi ifadə olunur. Rejissor filmin qəhrəmanı Oqtayın vasitəsilə İçəri Şəhərin dolanbac döngələrinə, hər daşına, qala divarlarına sanki obyekt kimi baxırdı. Biz bunu filmdə hiss edirik, duyuruq, görürük.
İstedadlı sənətkar boya-başa çatdığı şəhəri, bu şəhərdə yaşayan insanları qəlbdən sevirdi. Hələ indiyə qədər heç bir Azərbaycan rejissoru filmlərində izdihamlı Bakı küçələrini, İçəri Şəhərin əzəmətini, Dənizkənarı bulvarın gözəlliyini belə ardıcıllıqla və səylə təsvir etməyə müvəffəq olmamışdır. Bütün bunlar onun üçün təkcə mühit deyil, məhz Bakıya xas olan hisslərini özündə əks etdirən kino əsərlərinin baş qəhrəmanları idi.

Milli kinomuzun klassik əsərləri də ekranlaşdırılarkən İçəri Şəhərin dar küçələrindən, tarixi və memarlıq abidələrinin fonundan bolluca istifadə olunmuşdur. "Arşın mal alan" musiqili kinokomediyasının 1945-ci (rej. R.Təhmasib və N.Leşşenko) və 1965-ci (rej. T.Tağızadə) illərdə çəkilmiş hər iki variantına və 1956-cı ildə yaradılmış "O olmasın, bu olsun" musiqili kinokomediyasına (rej. H.Seyidzadə) ekranda baxarkən hiss olunur ki, Bakı qalasında bu filmlərin çəkilişləri necə də maraqlı və şən keçmişdir. Həmin filmlərin kütləvi səhnələrində İçəri Şəhərin müxtəlif küçələrində yaşayan əhali iştirak etmişlər.

İçəri Şəhərdə "Amfibiya adam" filminin (Rusiya) çəkilişləri, filmin qəhrəmanı İxtiyandırın rolunu ifa edən aktyor V.Korenevin maraqlı oyunu yaşlı nəslin yaxşı yadındadır. İxtiyandır onu təqib edənlərin əlindən qurtulmaq üçün bir binanın damından o birinə tullanır və qaçıb aradan çıxır.
İçəri Şəhərin dar küçələri ilə vaxtilə Don Kixot və Sanço Pansa ("Dulsineya Tabosskaya" müzikli, 1980, "Mosfilm", rej. S.Drujinina) addımlamışlar. Bu şəhərdə məşhur rus kinoaktyorlarından N.Beloxvostikova və İ.Kostolevski "Qanuni nigah" lirik kinokomediyasında (1985, "Mosfilm") çəkilmişlər. Hətta bu aktyorlar boş vaxtlarında çəkiliş üçün ilk dəfə Bakıya gələn yoldaşlarına şəhərlə tanışlıqda bələdçiliyi öz üzərlərinə götürürdülər. Çünki onlar İçəri Şəhərin bütün guşələrini əla tanıyırdılar. Hər iki aktyor bundan əvvəl SSRİ-İsveçrə- Fransa ölkələrinin istehsalı olan məşhur "Tehran- 43" siyasi detektivində (1980) baş rolları ifa etmişdilər. Bu filmin çəkilişlərinin böyük hissəsi 1979-1980-ci illərdə İçəri Şəhərdə aparılmışdır.

Azərbaycanın əməkdar rəssamı Fikrət Ələkbərovun xatirələrindən: "1957-ci ilin yay ayları idi. Şıx çimərliyindən qayıdırdım. İçəri Şəhəri çox sevdiyim üçün yolumu oradan saldım. Qız qalasının yanından keçəndə gözlərimə inanmadım. Burada bir neçə dəvə vardı. Yer torpaqla dolu idi. Ərəb geyimində adamlar gəzişirdilər. Sən demə "Axırıncı düym" bədii filminin ("Lenfilm") epizodlarından biri çəkilirdi. Xeyli dayanıb çəkilişlərə tamaşa etdim. Çəkiliş qrupundan bir qadın mənə yaxınlaşıb soruşdu: "Adın nədir?" Sonra ünvanımı xəbər aldı. Mən evə qayıdanda fikrim çəkiliş meydançasında idi.

İki gündən sonra həmin qadın, yanında da milis nəfəri həyətimizdə peyda oldular. Milis nəfəri "Fikrət kimdir?" soruşanda atam "yenə nə oyun çıxarmısan?" deyib üstümə gəldi. Qadın özünü irəli verməsəydi bir-iki kötük yeyəcəkdim.

Məlum oldu ki, filmin balaca qəhrəmanı Devini oynayan aktyor xəstələnib. Onu əvəz etmək üçün qadın mənim dalımca gəlibmiş. Sevincimin həddi-hüdudu yox idi. Məni orta və ümumi planlarda lentə aldılar. Sonra ay yarım Bilgəhdə çəkiliş qrupuna xırda işlərdə köməklik edirdim.

1960-cı ildə daha bir əhvalatla qarşılaşdım. Respublika Pionerlər evinə gedərkən yenə də yolumu İçəri Şəhərin dar küçələrindən saldım. Küçələrin birində xeyli adam toplaşdığını gördüm. Bu dəfə İçəri Şəhərdə məşhur "Amfibiya adam" bədii filminin çəkilişləri gedirdi. Bu dəfə də çəkiliş məni o qədər tutmuşdu ki, mən dərsin yerinə qaçıb çəkiliş meydançasına gəlir, yaradıcı heyətin qulluğunda dururdum. Nəticədə dərslərdən geri qaldım. Və məni yeddinci sinifdə ikinci ilə saxladılar. Amma bu xoşagəlməz hadisə mənim kinoya olan məhəbbətimi azalda bilmədi.

Çəkilişlə bağlı daha bir əhvalat. 1969-cu ildə Bakıda "Brilyant əl" filmi çəkilirdi. Yenə də çəkiliş qrupu ilə qaynayıb qarışmağa başladım. Çəkiliş üçün dəvələr lazım olur. Həmin filmdə N.Axundov inzibatçı işləyirdi. Dəvələrin saxlandığı yeri mən yaxşı bilirdim. Qobustanla Şamaxı arasında dəvə ferması var idi. Nərimanla ora getdik, üç dəvə ilə geri qayıtdıq. Düz on beş gün qrupda dekorator assistenti kimi çalışdım. Bütün burada gördüklərim məni sonradan kinoya həmişəlik bağladı".

İçəri Şəhər qədim Bakının ab-havasını bizim günlərə qədər gətirib çıxarmışdır. Məhz bununla bağlı rejissor G.Əzimzadə xüsusi olaraq uşaqlar üçün "Qaladan tapılan mücrü" macəra filmini (1982) çəkmişdir. Bu film 1983-1984-cü illərdə digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.

Burada rejissorlardan Ə.S.Atakişiyev "Bir qalanın sirri" (1959), H.Seyidzadə "Koroğlu" (1960), Ş.Mahmudbəyov "Şərikli çörək" (1969), A.Babayev "Birisigün, gecəyarısı" (1981), E.Quliyev "Ən vacib müsahibə" (1971), C.Mirzəyev "İşarəni dənizdən gözləyin" (1986), R.Almuradlı "Yük" (1995) bədii filmlərinin bəzi epizodlarını lentə almışlar.

İçərişəhərli rejissor M.Mikayılov gözləri tutulandan sonra öz mənzilində rejissor M.Dadaşovun kəskin süjetli "Bakıda küləklər əsir" filmində (1974) epizodik rolda (Həsənzadə) çəkilmişdir. Rejissor V.Qorriker isə "Sevil" film-operanı (1970) çəkərkən Bakı qalasının kvartallarından və Qız qalasından fon kimi istifadə etmiş və monumental kino əsəri yaratmışdır.
1989-cu ildə kinorejissor S.Paracanov (Tbilisidə doğulmuşdur, milləti ermənidir, Ukraynada yaşayıb yaratmışdır) Bakı qalasındakı Karvansarada Azərbaycan dastanının motivləri əsasında eyni adlı "Aşıq Qərib" filmini çəkmişdir. Filmdə azərbaycanlı aktyorlar da çıxış etmişlər.
Rejissor jurnalistlərlə, o cümlədən Moskva müxbirləri ilə söhbətində Qarabağ problemini siyasi oyunların nəticəsi adlandırmış və o vaxtın Ermənistan rəhbərlərinin hərəkəti barədə istehza ilə fikir söyləmişdir.

Kinoşünas T.Cuvarlı Bakıda çəkilişlərlə bağlı "Bakının əbədi dəyişkən "səhnəsi" məqaləsində yazmışdır: "Bəzi filmlərdə bizə yaxşı tanış olan Bakı fantastik xarakter almışdır. Yazıçı Anarın "Əlaqə" əsərini oxumuşdum. Bakının hündür yerindən köhnə evlərin bir-birinə yapışıq damlarını dəfələrlə görmüşdüm. Rejissor C.Zeynallının çəkdiyi "Əlaqə" fantastik filminin (1989) başlanğıcındakı heyrətamiz plan indiyə kimi yadımdadır: kamera lap aşağıdan sanki damlara toxunaraq, köhnə evlərin üstü ilə uçur. Bu, qəhrəmanın yuxusudur. Və yaxud "Zirzəmi" bədii filmində (1990. rej. D.İmanov) küləkli gündə küçənin gözlənilməz planını xatırlayıram. Film özü yadımdan çıxıb, amma küləkli küçə nəyə görəsə xatirimdə qalıb. Ümumiyyətlə, bədii kinoda küləkli Bakıya rast gəlmək nadir hadisədir...."

Bakının qədim guşəsinin ərazisində "Ömrün səhifələri" kinoalmanaxı (1974) üçün rejissor T.Bəkirzadə "Rəqiblər" adlı kinonovella çəkmişdir. Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrin və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Rejissor C.Mehdiyevin "Evlənmək istəyirəm" satirik kinokomediyasındakı (1983) hadisələr də kiçik bir şəhərdə, yəni İçəri Şəhərdə cərəyan edir. Burada XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və adətləri öz əksini tapmışdır. "Özgə ömür" psixoloji filminin də (1987, rej. R.Ocaqov) müəyyən epizodları İçəri Şəhərin dar küçələrində lentə alınmışdır. "Özgə ömür"də diqqəti çəkən səhnələr çoxdur. Onlardan biri İçəri Şəhərlə bağlıdır. İnstitut rektoru Fariz Rzayev anadan olub böyüdüyü evi tapmaq üçün İçəri Şəhərə gedir. Onda bu istək birdən -birə yaranmayıb. O öz keçmişinə, öz cavanlığına qayıtmaq arzusundadır. Bu, filmin çox vacib səhnələrindən biridir. Həmin səhnədə görkəmli rus aktyoru A.Kalyagin öz oyunu ilə əsl ustalıq nümayiş etdirir.

Filmin həmin səhnə ilə bağlı çəkilişləri İçəri Şəhərdə aparılmışdır. Rektor İçəri Şəhərin dar küçələrindən keçir, labirintdə azır, evini tapa bilmir. Bütün bu vaxt ərzində o lal-dinməz hərəkət edir. Onun oyunu aktyor plastikası üstündə qurulub. Onun köhnə evlərin arasında, dar küçələrin tinində vurnuxması, özünü gah sağa, gah da sola vurması, nəhayət itib yolun ortasında qalması filmdə məcazi məna daşıyır.

Əslində müəlliflər bu səhnə vasitəsilə Fariz Rzayevin bir insan kimi özünü itirməsini göstərmək istəmişlər. Həmin səhnədə o özünü axtarıb tapmağa çalışır.

Bir çox ölkələrdə nümayiş etdirilmiş və onlarla beynəlxalq festivallara layiq görülmüş "Yarasa" bədii filmi də (1995) Bakı qalasında lentə alınmışdır. Rejissor A.Salayev bu işində bir-birindən əks qütblərdə olan dünyaları birləşdirməyə nail olmuşdur. Almaniyanın "Frank Furter Rundşau" qəzeti yazmışdır ki, "Yarasa" filminin quruluşçu rejissoru A.Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir. O, postmodernizmdə yeni cığır açmışdır. Bu filmdə biz İçəri Şəhəri yeni rənglərdə, adi olmayan rakursda görürük. Qarşımızda cərəyan edən hadisələrdə Bakı qalası artıq fon kimi deyil, iştirakçı kimi çıxış edir.

Bakı günü-gündən gözəlləşir, şəhər tanınmaz dərəcədə simasını dəyişir. Bakı, İçəri Şəhər bu gün də kinoya çəkilir. Müasir Bakı, qədim İçəri Şəhər, şəhər daşlarında həkk olunmuş tarix əvvəlki kimi həm Azərbaycan, həm də xarici kinematoqrafçıların diqqətini daim cəlb edir.

Mənbə: kaspi.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR