"Pakistanda keçirilən heç bir seçki Azərbaycanla olan əlaqələrə təsir etmir"
“Bu gün biz Pakistanın müstəqilliyinin 72-ci ildönümünü qeyd edirik. Bildiyiniz kimi, 14 avqust 1947-ci ildə Böyük Britaniyanın Hindistandakı hökmranlığı sona çatıb və nəticədə Hindistan və Pakistan müstəqilliyini elan edib”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
Onun sözlərinə görə, bu günü pakistanlılar hər il coşqu ilə qeyd edir: “Bundan əlavə bu il bayram bir şeylə də əlamətdardır ki, 25 iyulda keçirilən parlament seçkilərində formalaşan parlamentin ilk iclası keçirildi. Avqustun 18-də isə parlament ölkənin yeni prezidentini seçəcək”.
Pakistanda qurulan yeni hökumətin Azərbaycanla əlaqələrə təsirindən danışan səfir qeyd edib ki, Pakistanda keçirilən heç bir seçki Azərbaycanla olan əlaqələrə təsir etmir: “Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, ticari və hərbi əlaqələri daha da inkişaf edəcək. Bizim Azərbaycanla əlaqələrimiz strateji xarakter daşıyır və biz bu əlaqələri yaxın gələcəkdə növbəti mərhələyə keçirəcəyik. Azərbaycan və Pakistan müxtəlif təşkilatlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. İƏT üzvü kimi Azərbaycan Kəşmir Kontakt qrupunun çərçivəsində olduqca önəmli rol oynayır və biz buna görə çox şadıq. Biz bu çərçivədə də əməkdaşlığımızın daha da yaxşı inkişaf edəcəyini düşünürük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət