Ötən 10 il ərzində Naxçıvanda nəqliyyat sisteminin inkişafı istiqamətində mühüm işlər görülüb
Bu ilin yanvar-iyun aylarında nəqliyyat sektorunun bütün sahələri üzrə 7495 min ton yük, 47 milyon 693 min sərnişin daşınıb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,7 və 98,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yük və sərnişin daşınmasından, bütövlükdə, 26 milyon 904 min manat gəlir əldə olunub. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 98,6 faiz çoxdur.
Ötən dövrdə nəqliyyat sektorunun dinamik inkişafını sürətləndirən və müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində dövlət dəstəyi nəticəsində muxtar respublikanın yol infrastrukturu yenilənib, yeni yollar salınıb, körpülər tikilib, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılıb.
Belə ki, muxtar respublikanın blokada şəraitindən çıxaraq qonşu ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsində, İpək Yolunun bir hissəsi olan beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulub. Bundan əlavə, ötən dövr ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilib.
Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni avtobuslar alınaraq muxtar respublikaya gətirilib, rayon mərkəzlərinə və bütün kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilib. Həmçinin ötən dövrdə müasir avtobus parkı istifadəyə verilib, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri inşa olunub, sərnişin daşınması istiqamətində mühüm yenilik kimi İran ərazisindən keçməklə Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayıb.
Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən dövrdə kompleks tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilib istifadəyə verilib. Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina inşa olunub, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb.
Beynəlxalq hava limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılıb. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilib.
Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilib, infrastruktur yenidən qurulub. Belə ki, son dövrdə Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binalarında, Naxçıvan, Vəlidağ, Nehrəm, Dəstə, Dərəşam, Culfa, Qıvraq, Şahtaxtı stansiyalarının idarəetmə mərkəzlərində və digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılıb.
Həmçinin Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radiorabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib, dəmir yolu keçidləri yenidən qurulub, yeni dəmir yolu keçidi salınıb.
Ötən dövrdə qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb, 3 ədəd yeni sərnişin vaqonu alınaraq muxtar respublikaya gətirilib.
Müasir yol infrastrukturunun qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış və agentliyin yeni inzibati binası istifadəyə verilib, yeni texnikalar alınıb. Şərur rayonunda Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolu, Kəngərli rayonunun Qarabağlar kəndində avtomobil yolu yenidən qurulub.
Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması, iki asfalt-beton zavodunun quraşdırılması və 400 yerlik avtomobil parkının tikintisi davam etdirilib. Hazırda Culfa-Ordubad magistral avtomobil yolu, Şərur rayonunun İbadulla-Qışlaqabbas, Kosacan, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı, Şahbuz rayonunun Ağbulaq kəndlərində avtomobil yolları yenidən qurulur.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin iyul ayında 5 yeni avtobus gətirilərək Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə təqdim olunub.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunub, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılıb. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri davam etdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət