Oqtay Əsədov türkiyəli həmkarı ilə görüşüb
Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Femida.az xəbər verir ki, Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin bu cür inkişaf etməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi bazasının yaradıldığını bildirərək, deyib ki, ötən dövr ərzində qardaş ölkələrimiz arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir.
İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov diqqətə çatdırıb ki, 2017-ci ildə Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar idisə, 2018-ci ildə bu göstərici üç milyard beş yüz milyon dollar olub. Əsas hədəfimiz ticarət dövriyyəsinin həcmini on milyard dollara çatdırmaqdır. Digər sevindirici hal isə Azərbaycanın Türkiyədə əsas sərmayəçilərdən biri olmasıdır. Ölkələrimiz birgə regional layihələr həyata keçirirlər. Bu layihələr gələcəkdə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır.
Parlamentlərimiz arasında əlaqələrin davamlı olaraq genişləndiyini söyləyən Oqtay Əsədov qeyd edib ki, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyirlər.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu qeyd edən Mustafa Şentop deyib ki, dünyada qardaş ölkələrimiz qədər bir-birinə yaxın olan dövlətlər yoxdur. Mustafa Şentop parlamentlərimizin dostluq qruplarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət