Slimfit
  1. MARAQLI

“Öldürən gözəllik”

“Öldürən gözəllik”
Sakura

“Öldürən gözəllik”

Yunanlara görə, Tanrının gözyaşları, romalıların fikrincə, səmadan tökülən ulduz qırıntıları, hindlilərin qənaətincə isə xəstəlikləri, oğruları, şeytani gücləri özündən uzaqlaşdıran nəzər tilsimidir. Əfsanələrlə, sirli-sehrli özəllikləri ilə bir çox insanı özünə bağlayan bu daş bütün dövrlərdə dünyanın ən zəngin və güclü insanlarının maraq obyekti olub... Bəli, söhbət qiymətli və nadir, eyni zamanda sevgi və bağlılıq rəmzi sayılan brilyantlardan gedir. Ancaq brilyant digər qiymətli daşlardan fərqli olaraq, birbaşa təbiətdən alınmır. Brilyant almazın təmizlənmiş, cilalanmış formasıdır.

Modern.az brilyantın özəllikləri, sağlamlığa təsiri barədə məqaləni təqdim edir.  

Dinazavrlardan qədim daş

“Diamond is forever” (“Almaz əbədidir”) deyimi, sadəcə bu qiymətli daşların insan hissləri ilə onlar arasındakı qəribə, əbədi bağlılığı izah etmir, həm də almazların tarixinin qədimliyindən xəbər verir. Almazın yaşı 3 milyard il əvvəldən başlanır. Hətta almaz dinazavrların var olduğu dövrlərdən belə çox daha əvvəl meydana gəlmişdir. Yüksək istilik və təzyiq altında yer qabığının dərinliklərində kristallaşan almaz sonralar vulkanik lavaların vasitəsilə üst səthlərə çıxdı.

İlk almaz daşı b.e.ə. 800-cü ildə Hindistanda bir çayın kənarında tapılır. Əsrlər boyunca bu qiymətli daşı Sibir və Kanadanın donmuş tundralarından, Afrikanın istidən yanan çöllərinə və okean diblərinə qədər hər yerdə axtarırlar. Bunların da çox az miqdarı ləl-cəvahiratda istifadə edilə biləcək böyüklük və keyfiyyətə malikdir. Almazı cilalayıb brilyant hazırlayanda isə çəkisinin 40-60 faizini itirir.

Saf karbondan meydana gələn almazın ən çox diqqət çəkən xüsusiyyəti sərtliyidir. Fiziki xüsusiyyətlərinə görə çox möhkəm olan almaz, hətta şüşəni də kəsir. Almaz, həmçinin dayanıqlılığı və işığı çox yaxşı qırmasına görə də qiymətli daşdır. Ancaq almaz kristalları o qədər də bol deyil. Dağınıq halda olan almaz parçalarını tapmaq heç də asan olmur. Yerin səthinə yaxın mənbələr olduğu kimi, 300 metr dərinlikdə də yataqlar var. Ümumiyyətlə, bir karat təbii almaz əldə etmək üçün 250 ton filiz çıxarmaq lazımdır. Bu da almazın əldə olunmasının çətinliyini və dolayısı ilə “daş-qaşın şahı” sayılan brilyantın qiymətinin bahalığını açıqlamış olur. 

Məğlubedilməz kişi daşı

Qədim yunanlar almazı “adamas”, yəni məğlubedilməz sözü ilə adlandırırdılar. Bu da təsadüfi deyil, çünki qədim zamanlarda hesab olunurdu ki, almaz sahibini məğlubedilməz edir, ruhları, pis fikirləri qovur, onu bir çox başqa çətinliklərdən qoruyur. Orta əsrlərdə isə geyimə tikilmiş almaz qırıntısı  pis gözdən və qəddar ruhlardan qoruyucu mahiyyəti daşıyırdı. Hindistanda və İranda yenidoğulmuş uşağa ad qoyan zaman onun başına bir çimdik almaz tozu səpərdilər. Hesab olunurdu ki, bu uşağın sağlamlılığını, uzunömürlülüyünü və əmin-amanlığını təmin edir.

XI əsrdə macar şahzdələrindən biri öz tacına almaz taxır. Həmin vaxtdan da qüdrətin və gücün simvolu olan almaz kralların tacında öz yerini alır. Deyilənlərə görə, bu daş döyüşdə cəsarət və igidlik hissi aşılayırmış.

Münəccimlər isə bildirirdilər ki, almaz çox qüüvvətli daşdır və hər insan onu daşımaq gücündə deyil. Onlar təmənnasız, hədiyyə şəklində alınmış almazların daha güclü olduğunu deyirdilər. Hesab edirdilər ki, bu daş hədiyə olunarsa və ya nəsildən-nəslə ötrülərsə, sahibinə xoşbəxtlik gətirə bilər. Satın alınan almaz isə qorxulu daş sayılırdı. Münəccimlər deyirdilər ki, satın alınmış daşın sahibinə “alışması” üçün ən azı 9 il lazımdır. Oğurlanmış almaz isə sahibinə bədbəxtlik gətirən bir daş sayılırdı. Belə daşın sahibinə deyil, onun üçüncü nəslinə, yəni nəvələrinə xeyir gətirəcəyi bildirilirdi.

Ənənəyə görə qədimdə almazı kişi daşı hesab edirdilər. Qadınlar isə bu daşı yalnız 30-35 yaşlarından sonra üzərlərində gəzdirə bilərdilər. Qədim dövrün həkimləri almazın qızlarda yetkinlik prosesinə, daha sonra isə hamiləliyə maneçilik törətdiyini, doğuşu çətinləşdirdiyini deyirdilər.

Sevgi daşı

XV əsrə qədər krallara özəl olan, onların güclərinin, cəsarətlərinin və məğlubedilməzliyinin rəmzi sayılan almazlar həmin vaxtdan etibarən, həm də əbədi sevginin simvolu statusunu qazanır. 1477-ci ildə Avstriya hersoqu Maksimilian nişanlısı Mariya Burqundskayaya almaz qaşlı üzük hədiyyə edir. Həmin dövrdə Hindistandan gətirilmiş bu daşlar Avropa saraylarında geniş yayılaraq, nişan üzüklərini bəzəməyə başlayır. Orta əsrlərdə almaz ərin öz qadınına olan sevgisini artırmaq gücünə malik tilsim hesab olunurdu. Hətta yunanların sevgi Tanrısı Erosun oxunun başlığının da almazdan ibarət olduğuna güclü inanc var idi.

Müsbət emosiya mənbəyi

Yer üzünün ən sərt, davamlı və parlaq maddəsi olan almazın  insana bayram, şənlik əhval-ruhiyyəsi gətirdiyini deyirlər. Almaz müsbət emosiya mənbəyi sayılır. Onun enerjisinin ürəyə və beynə xeyri olduğunu, əsəb sistemini sakitləşdirdiyini, psixi xəstəlikləri, yuxusuzluğu aradan qaldırdığını qeyd edirlər. Almazın sahibinə uğur gətirməsi, xəstəliklərdən, zədələrdən və yaralardan qoruması haqda inanclar var. Almaz orqanizmi sakitləşdirir, tənəffüs orqanlarını qoruyur. Qan zəhərlənmələrinə qarşı təsiri var. Amma almaz həm də “öldürən gözəllik”dir...

“Qatil” brilyant      

“Parlaq və gözqamaşdırıcı” pərdəsi altında brilyantın qətl üçün alət olması barədə yəqin ki, çox az insanın məlumatı  var.  Siz necə, brilyantın kimyəvi tərkibində çox güclü “zəhər”in olduğunu bilirdinizmi? Qədimdə hesab edirdilər və indi də təkidlə bildirirlər ki, bu çox sevimli və qiymətli daşı ağızda saxlamaq həyat üçün təhlükəlidir. Hələ orta əsrlərdə insanlar almazın bu “öldürücü” xüsusiyyətindən xəbərdar idilər. Tarixi əsərlərdə verilən məlumatlara əsasən, hətta bəzi imperatorlar, hakimlər də almazdakı “qatil”in xidmətlərindən tez-tez istifadə edirdilər; öz brilyant üzüklərini əlaltılarından birinə verərək söyləyirdilər: “Bu, filankəsin ölümünün qiymətidir”. Deyirlər ki, hakimlərin xüsusi təlimli “muzdlu qatillər”i almaz tozunu su ilə qarışdıraraq öz qurbanlarına verir və onlar da tədricən əzab-əziyyətlə ölürdülər.

Nadir və qiymətli

1995-ci ildən bəri almazlar yüksək temperatur və təzyiq üsulu ilə süni şəkildə də alınır. Lakin təbii almaz sünidən qat-qat qiymətlidir. Ona görə də əsl brilyantlar hər zaman böyük rəğbət görür. Əslində brilyant sözü material deyil, almazın kəsim növünün adıdır. Keyfiyyətli bir brilyant seçmək istərkən, zəruri olan əsas özəllikləri, yəni 4C adlandırılan – karat ağırlığı (carat weight), təmizlik (clarity), rəng (color) və kəsim (cut) əyarlarını nəzərə almaq gərəkdir. Brilyantın dəyəri nadir olmasına, qiyməti isə qeyd edilən dörd özəlliyinə bağlıdır.


Karat ağırlığı. Bir karat 200 milliqrama (0,2 qram) bərabərdir.  Digər daşların təyinində istifadə olunan karat miqdarları ilə brilyantın karat ölçüsü fərqlidir.  Məsələn, karat əyar ölçüsü kimi qızıl xəlitəsinin keyfiyyətini bildirir, brilyantda isə kütlə (ağırlıq) mənasında işlənir.


Təmizlik. Brilyantın təmizliyi ləkələrinə baxılaraq təyin edilir. Demək olar ki, bütün brilyantlarda onları təşkil edən karbon kristallarının kiçik izlərinə rast gəlinir. Lakin bu ləkələrin çoxu mikroskopik olduğu üçün adi gözlə baxdıqda görünmür. Ləkələr ancaq çox qüvvətli xüsusi alət altında seçilə bilər. Bir brilyantın ləkələri nə qədər azdırsa, deməli, o, nadir tapılandır.

Rəng. Brilyantın rəngləri ağın müxtəlif tonlarından ibarətdir. Onlar rəngsizə nə qədər yaxın olmalarına görə qruplaşdırılır. Ən nadir tapılan və ağ olanlar D,E,F və G-dir, ancaq brilyantların çoxu H-L rəngləri arasındadır. M rəngi və ondan sonrakılar gözlə görünə bilən sarımtıl rəng çalarına malikdirlər. Digər tərəfdən, çox nadir tapılan rənglərdə “fantazi” adlanan brilyantlar da vardır. Bunlar çəhrayı, mavi, sarı və bir çox başqa rənglərdə olur. Rəngli brilyantlar arasında xüsusi yer tutan, ən nadir və qiymətli olanlar qara brilyantlardır. Onlar çox nadir tapıldığından, qiyməti digərlərinə nisbətən daha bahalı olur.


Kəsim. 4C özəlliklərinin ən önəmlisi kimi kəsimi hesab etmək olar, çünki brilyantın gözoxşayan parıltısı kəsimin keyfiyyəti sayəsində üzə çıxır. Brilyantın digər xüsusiyyətləri təbiətdən gəlirsə, kəsim brilyantın üzərində insan əli ilə yaradılan tək özəllikdir. Kəsim brilyanta işıltı və parıltı verir, onun işığı qırma qabiliyyətini təyin edir. Brilyant qüsursuz rəng və təmizliyə sahib olsa da, pis bir kəsim nəticəsində o, gözəlliyini itirə bilər. Bu kəsim növləri içərisində daha çox yumru kəsimli brilyantlar öz parlaqlığı və işıltısı ilə fərqlənir. Kəsim zamanı çat olub-olmaması da çox əhəmiyyətlidir. Çünki çat işığın girişini çətinləşdirir.

Saxta, yoxsa əsl?

Brilyantın saxta olub-olmadığını yoxlayın:

Əgər sürtdükdə üzərində sıyrıntı qalarsa, sizin brilyantınız saxtadır. Əsl brilyantda heç vaxt cızıq yaranmır. Ovcunuzda tutduğunuzda isinirsə, o, saxtadır. Həqiqi brilyant hər zaman soyuq olur. Daş nəfəs alırsa, yəni bir müddətdən sonra tərləyirsə, tutqunlaşırsa, deməli, əsl brilyant deyil. Ağ kağız üzərində düz xətt çəkərək brilyantı onun üzərinə qoyun. Əgər  xətdə əyrilik yaranmırsa, həmin brilyant saxtadır. Çünki əsl brilyant mütləq xətti sındırmalı və əyri göstərməlidir. Brilyantı su ilə dolu stəkana salın. Bu zaman əsl brilyant görünməyəcək, adi daşlar isə görünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR