Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - Şairlərdə əsər çoxdur

Növrəs İman - Şairlərdə əsər çoxdur
Sakura

Növrəs İman - Şairlərdə əsər çoxdur

Şairlərdə əsər çoxdur,
Hər biri bir yanədir.
Hökmi-şəri isbat edən
Sidqimiz Qur'anədir;
İstəyirsən, əbcəd axtar,
İyrimi səkkiz hərf var;
Min dil ilə vəsf qılsan,
Məhz bir sübhanədir.

«Əlif»–əvvəl, ismi–Allah,
E'tiqad et, sən də qan;
«Be»–birliyin izhar edir,
Bundan axtar, bil, inan;
«Te»–təbarək, təkdi onun
Hikmətində insü can;
«Se»–sabitdi, sübutu var,
Bilməyən biganədir.

«Cim»–cəlildi, həm cabbardı,
Çox ucadı cəlalı;
«He»–halıdı hər əhvaldan,
Bilir haram, halalı;
«Xe»–xaliqdi, xidmətində
Yoxdu xofü xəyalı;
«Dal»–dəlalət, dəlil verib,
Doğru din, ərkanədir.

«Zal»–zül gərək, zati-pakı
Zaliki olmaz zəlil;
«Re»–rəhmətdi, rəhm eləyib,
Rayət raha səbil;
«Ze»–zavala getməz özü,
Zay eylər zəhmətlə, bil;
«Sin»–salamət, səhl sanma,
Sualın əyanədir.

«Şin–şamildi, şəms gedib,
Şəm olub gərdişdə gər;
«Sad»–sadiqdi, səhhət verib
Söhbətlərə səbr edər;
«Zad»–zəlalət yoxdu onda,
Zamindi, olsa verər;
«Ta»–tahirdi, tələb eylər,
Qəlbdə yeganədir.

«Za»–zalımlıq yoxdur onda,
Zahir olmuş büsatı;
«Eyn»–adil padişahdı,
Eyndə var isbatı;
«Ğeyn»–ğəffar, ğafil deyil,
Hər zamandı həyatı;
«Fe»–fanidir, fəna eylər,
Nisbəti dövranədir.

«Qaf–qadirdi, qəhhar deyil,
Qüdrəti var, qəhr eylər;
«Kaf»–«kün» deyib kani-kərəm,
Qərar tutmuş bəhrü bər;
«Lam» ləngərdi, leyli-nəhar
Hər yana eylər nəzər;
«Mim»–müdrikdir, mütəkəllim,
Mürüddü bir xanədir.

«Nun»–nisbəti yoxdur onun
Nə cismə, nə cövhərə;
«Ha”–hamildi, hamı gələr
O gün ruzi-məhşərə;
«Vav»–varlığı şəbahətdə
Yəni nuri-ənvərə;
Laməlifla laşərikdir,
Məhz laməkanədir.

«Ye»–yaradıb yoxdan yeri,
Göyləri tarı, yəqin;
Xəlq eləyib, nitq verib
Məxluqata, bil, həmin;
Geçə-gündüz, ayilən il
Dörd fəsil olmaz kəmin;
Bu isbata inanmayan,
Aşikar, divanədir.

Novrəs İman, bir mövlanın
Ətəylndən çəkmə əl;
Nakəs ilə kəlmə kəsmə,
Yar olma nadana, gəl;
Gər istəsən oxuyarsan
Hər növi şerü qəzəl;
Hamısına bais olan
Kəc gələn zəmanədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR