Dərc edildi: Baxış sayı: 651
Növrəs İman - Dərd üz verib, nitqim söylər kalamı
Dərd üz verib, nitqim söylər kalamı,
Bəlkə, sözüm yatanları oyada.
Səs gəlsə guşuna, alar salamı,
Kişi gərək baxsın dost ilə yada,
Qəlbi doğru olan keçəmməz üzdən,
İnsan çox inciyər tə'nəli sözdən.
Biqeyrət oğuldan, binamus qızdan
Sonsuzluq yaxşıdı fani dunyada.
Tərbiyə gərəkdi ata-anadan,
Mə'rifət lazımdı əvvəl binadan.
Yüz də cəhd eyləsən, olarsan nadan,
Xidmətin olmasa kamil ustada.
Özgə zəhmətindən dövlət, var olmaz,
Kimsəyə bir zərrə xeyir-kar olmaz.
Kasıblığı kişi üçün ar olmaz,
Bu şərt ilə doğru çıxa üqbada.
Arif olan, huş ver sən bu sözlərə,
Namərd hər bəlanı gətirər sərə.
Kimdi səyyah olub düşə çöllərə,
İman kimi gəzə dərin dəryada.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət