Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Üçüncü söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Üçüncü söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Üçüncü söhbət

DÜNYANIN KEŞMƏKEŞİ VƏ BƏŞƏRİN İZTİRABLARI

Yerə, göyə sığmayan ey həşəmət ağası!
Olma bir an cahana etinasız baxası!
İztirabın, əzabın edər üzüağ səni,
İstərəm ehtişamdan mən görüm uzaq səni.
Son gününü unutma, ömrün boyu sal yada,
Möhtəşəmlik ağası yoxsulluqdur dünyada.
Süleymanın mülkünü sorma hər an hardadır?
Mülkü öz yerindədir, de, Süleyman hardadır?
Vamiq - toylu, büsatlı sadiq yardı cahanda,
Əzra - nazlı gəlindi, bir nigardı cahanda.
O toy, gəlin otağı indi hardadır, harda?
Vamiq, Əzra hardadır? Məzardadır, məzarda!
Biləydim ki, bilirmi yaşını qoca aləm?
Arsızdır, ağartmayıb başını qoca aləm.
Bu torpaq boynuyoğun bir qansızdır əzəldən,
Bu fələk başkəsəndir, amansızdır əzəldən.
Dünyada səfa var ki, səfa da görək onda?!
Vəfa görən varmı ki, vəfa da görək onda?!
Torpaq üstə kim vardı - qucub haçandı torpaq,
Bizə öz udduğundan söhbət açandı torpaq?!
Hər gözəlin çöhrəsi bir ləçək, yarpaq olub,
Hər şahzadənin başı tapdanan torpaq olub.
Vermişik bu dünyaya biz öz gəncliyimizi,
Doğmaca balasıyıq, niyə qocaltdı bizi?
Zümrüd quşu bəsləyən Sam oğlu Zaldı bəşər,
Dünya - Samdır, qocalmaz, Zaltək qocaldı bəşər.
Öz çarxını tərsinə çox dolandırır fələk,
Ədasıyla qəlbini yaxıb-yandırır fələk.
Gah ucaldır canlının şahlığı ilə səni,
Gah döndərir kuzəçi əlində gilə səni.
İki rəngli fərşə ki, ayaq qoyubdu varlıq,
Həyatından bezardı, cana doyubdu varlıq.
Səhrada həyat sürən deyinər biixtiyar:
"Dəryalar qoynundakı bəxtiyardır, bəxtiyar!"
Dəryadakı darıxar, naləsi qalxar göyə,
Xiffətindən qovrular "səhra gözəldir" deyə.
Keşməkeşli həyatı fəlakətdir insana.
Hər yerdə narahatlıq bir adətdir insana.
Köç yükünü karvana çatmalıyıq, çatmalı!
Bu yurdu, xanımanı atmalıyıq, atmalı!
Karvana qoşulmayan düşəcək bəndə, demək,
Şəhərdən sürgün olar ən ucqar kəndə, demək.
Əldən düşən yolçunun, bil, hədərdir yolu da,
Yoxluqla arasında tük qədərdir yolu da.
Uyma vara, dövlətə, təkəbbürdən uzaq gəz,
Zülmət ömür yoluna günəş nuru çiləməz.
Əyləncəylə vurursan öz ömrünü başa sən,
Əyləncənin həddini lap aşmısan, haşa, sən.
Hoqqasına, oynuna uymalısan göylərin?
Hikmətini, sirrini duymalısan göylərin.
O zaman ki, uşaqdın, dolmamışdın kamala,
Qafilliyin istərdi əyləncədən kam ala.
Kamal ki, yetkinliyə, fərasətə yetişdi,
Şadlığın bəxti güldü, səadətə yetişdi.
Ucalmağa qoyarmı qafilliyi insanı?
Qafil insan dəlidir, onda düşüncə hanı?
Boş durma, yaz, alışdır gözəl xəttə qələmi,
Yazmasan da, götürüb barı, qəddə qələmi.
Vermə təlim aldığın ariflərə macal sən,
Bəxtiyar insanlara arxalanıb ucal sən.
Gülün şirin vüsalı nəsib olar tikana.
Gülün özü solsa da, ətri dolar tikana.
Məhşərdə oxunanda guya cəza fərmanı,
Sorğu-sual etməyə gətirirlər səhranı,
Deyirlər: "Səp qanını içmisən heyvanların,
Təşnəsisən tökülən, axan nahaq qanların,
Yoxsa, dirilik suyu həyat verməz qumuna,
Səhrasan, Fərat nəhri axıb gəlməz şumuna."
Qum fəryad qoparır ki: "Qan uddurublar mənə,
Günahsız yandırmayın, çox od vurublar mənə.
Duzumla, nemətimlə süfrələrə bəzəyəm,
Ciyərlərin duzuyam, ən dadlı bir məzəyəm.
Sinəmdə yer vermişəm hər ərənə, hər cana,
Dönmüşəm mələklərin qollarında mərcana."
Cəza hökmü dəyişdi, səhra da xoşhal oldu.
Bir mütribə döndü qum, nəsibi xalxal oldu
Ünsiyyəti hansı kəs arayıbdır yaxşıda,
Məqamında işinə yarayıbdır yaxşı da.
Yaxşı insan qalmayıb, şər şərə yaraşıbdır,
Dünya bal süfrəsidir, arılar daraşıbdır.
Dövrə bax ki, alçalıb zülmdən, şərdən bəşər,
Azğınlığın əlindən qaçır bəşərdən bəşər.
İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi.
İnsandan insanlığı namərdlik alıb indi.
Çoxdan yoxa çıxıbdı ədalətli Süleyman,
Haqsızlıqdan görünməz pəriyə dönüb insan.
Kimə ki, insan kimi dərdimi açmışam mən,
Namərdliyi ucundan üzündən qaçmışam mən.
Kimsənin kölgəsində səadət görməmişəm,
Əhdə dönük insanda sədaqət görməmişəm.
Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin.
Hamı alqış oxuyub, bir gün barını dərsin.
Toxumu şuma səpib becərər əkinçilər,
Vaxt gələr əkdiyindən bar dərər əkinçilər...

SÜLEYMAN VƏ QOCA ƏKİNÇİ

Günlərin bir günündə seyrə çıxdı elindən,
Söndü sübhün çırağı Süleymanın yelindən.
Ölkəsi boyda taxtı - küləyi uçdu onun,
Həşəmətli taxtını bir səhra qucdu onun.
Qoca əkinçi gördü - həmdəmi biyabandı.
Süleymanın ürəyi onun halına yandı:
Bircə ovuc dəni də kəsib yoxsul daxmadan,
Səpib kərəm mülkünə ehtiyaca baxmadan.
Yoxdu dən səpmədiyi bircə qarış yer belə,
Sünbüllər oynadıqca qarışırdı tel-telə.
Əkinçi bəbəyitək bəsləyirdi hər dəni,
Süleyman quşlarını səsləyirdi hər dəni.
Süleyman söylədi ki: "Tamahlanma, ay qoca,
Nemətini, ruzini gəl eyləmə zay, qoca.
Tor-cələ qurmamısan, dən səpirsən quşlara,
Quş dilində danışma, bələdəm mən quşlara.
Belin yox, quru əllə yer təpməyə gəlmisən?
Suyun yox, kəndli kimi dən səpməyə gəlmisən?
Əkin-səpin üstündə suyumuz boldu bizim.
Qismətimiz gül əkib, vay dərmək oldu bizim.
İsti dəni qovurur alovlanan tarlada,
Məhsul ələ gələrmi susuz yanan tarlada?
Qoca dedi: "İncimə, qoy deyim sözümü mən,
Nə suya, nə torpağa dikmişəm gözümü mən.
Halal zəhmət itməyib, əlləşmək deyil eyib.
Tanrı: "səndən hərəkət, məndən bərəkət" deyib.
Kürəyimin təridir - mənim suyum, selim də,
Bu dəmir dırnağımdır xış əvəzi belim də.
Şah deyiləm, məmləkət dərdi çəkib yaxılım.
Ömrü boyu şadam ki, vardır dənim, taxılım.
Bolluğun müjdəsini bu göylərdən alıram,
Hər dənin sünbülündən yeddi yüz dən alıram.
Şeytan ilə şərikli əkməsən əyər dəni,
Dən dolu sünbüllərin torpağa əyər dəni."
Səpdiyin əla toxum yaralı dən olanda,
Hər dən yırtar köynəyi sünbülə dən dolanda.
Qüdrətin nəzərində hansı canlı kiçilib?
Hər canlının libası öz əyninə biçilib.
Hər bir eşşək İsanın eşşəyinə taydımı?
Hər başa kölgə salan bəxt quşu humaydımı?
Kərgədan fil boynunu gəmirərək qoparar,
Qarışqa çəyirtgənin ayağını aparar.
Yüz nəhrin suyuyla da dərya haman dəryadı.
Bircə selin suyundan qopar çayın fəryadı.
Quran gündən lacivərd qübbəsini bu göylər.
Əməlinlə bəxş edib rütbəsini bu göylər.
Xoşbəxt odur dözümə ləyaqəti var onun.
Ağır yükə qatlaşmaq dəyanəti var onun.
Naz çəkmədən saralıb solan azdı dünyada.
Qarnı sir dağarcığı olan azdı dünyada.
Çox uzatma mətləbi yanıb-yanıb Nizami.
Naz çəkməyə dünyada tək yaranıb Nizami.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR