Slimfit
  1. MARAQLI

Nə üçün özümüzə vaxt ayırmalıyıq?

Nə üçün özümüzə vaxt ayırmalıyıq?
Sakura

Nə üçün özümüzə vaxt ayırmalıyıq?

Yazıçı və fizik Alan Lightman qeyd edir ki, texnologiyadan və diqqətimizi dağıdan digər şeylərdən uzaq olub, gün ərzində özümüzə bir neçə dəqiqə/saat ayırmasaq, kim olduğumuz və bizim üçün nələrin önəmli olduğunu bilmək qabiliyyətimizi itirmək təhlükəsi ilə üz-üzə qalarıq.

2006-cı ildə Harvardın biologiya professoru E.O. Wilson “Yarımçıq Yer kürəsi: planetimizin həyat üçün mübarizəsi” adlı məqaləsində iddia edirdi ki, Yer kürəsinin yarısı mühafizə edilməli ərazi kimi qeydiyyata alınıb qorunmalıdır. Dünya Təbiət Fondunun məlumatına əsasən, təkcə 1970-ci ildən bəri insan fəaliyyəti nəticəsində meşə və dəniz ekosisteminin 30%-dən çoxu məhv edilmişdir. Beləliklə, əhalinin sürətlə artımı, yüksələn maddi rifah, rahat yaşama istəyi, daha çox enerji istifadə etmə ehtiyacı arzuolunmaz nəticələrə gətirib çıxarmışdır. Bu, eyni zamanda kapitalizmin amansız məcburiyyəti və fərdlərin öz sərvətlərini artırmağa olan güclü istəyindən irəli gəlir.

Wilsonun təklifinə nail olmaq bir az çətin ola bilər, lakin o bizim təbii mühitimizin vacibliyini dərk etməyi və ona qarşı olan hədələri təmsil edir.

Daxili dünyamızın xarici dünya tərəfindən darmadağın edilməsi artıq daha sürətli və ağıllı üsullarla edilir. Səssizliyimizin, dərin düşüncə və reaksiya vermə üçün vaxtımızın, şəxsilik və yalnız qalmağın, kənar dünyanın təsiri olmadan 15 dəqiqə sakitcə sadəcə stulda otura bilmə bacarıqlarımızın itirilməsi – bütün bunlar çox sürətlə və sezilməyəcək formada baş verir. 150 il əvvəl telefon mövcud deyildi, əlli il əvvəl internet yox idi, iyirmi il əvvəl Google yox idi.

Vəziyyət qorxuludur. Sadəcə qlobal istiləşmə ucbatından, biz geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşırıq. Hiss etmədən gözə görünməyən bir formada özümüzü itiririk. Kim olduğumuz və bizim üçün nəyin önəmli olduğunu bilmə bacarığımızı itiririk. Hər birimiz şüursuz və qeyri-ixtiyari şəkildə, sürət, səs-küy və süni təcililiklə irəliləyən dünya çarxının mexanizmini yaradırıq.

Nə edə bilərik? Yeni bir üsulla həm fərd, həm də cəmiyyət olaraq yeni vərdişlər formalaşdırmağa ehtiyac var. Sakitlik, təhlükəsizlik, yalnızlıq, yavaşlamaq, fərdi reaksiyalara dəyər verən və onu qoruyan bir zehniyyətə ehtiyac duyuruq. Bu, daxili mənliyimizi şərəfləndirir. Bu, beynimizdə heç bir planlama etmədən yaşamaq fürsəti verir.

Wilsonun təklifi cəsarətli bir təklifdir və bənzər cəsarətli təklifin birini də mən vermək istəyirəm: beynimizin işlək hissəsinin yarısı səssiz reflekslər üçün dizayn edilib və qorunur. Başqa sözlə, bu hissəni istifadə etməməklə, daxili mənliyimizi və yaradıcılıq bacarığımızı məhvə sürükləyirik. Buna görə, gün boyunca, müxtəlif vaxtlarda xarici dünyadan ayrılıb, dərin düşüncəyə və səssizliyə vaxt ayırmalıyıq.

Bəs belə zehni düşünməni vərdişə necə çevirə bilərik? İyirmi il əvvəl Masaçutesin Arlinqton orta məktəbində bir dostum öz şagirdləri ilə maraqlı bir təcrübəyə başladı. Hər dərs başlayanda, o zəngi çalıb, şagirdlərdən 4 dəqiqə səssiz qalmalarını xahiş etdi. Sonralar o bu haqda yazırdı: “Mən şagirdlərimə izah etdim ki, məktəb vaxtı özümü bir tapşırıqdan başqasına sürətli keçid edən və qulaqları səs-küylə dolu hiss edirəm, bu qısa səssizlik bizə əvvəlki dərsi zehni olaraq arxada qoyub, yeni dərsə fokuslanmağa kömək edəcək. Bu beynimizi təmizləmək üçün qısa zamandır. Və əlavə etdim ki, məqsədimiz daxili və xarici səssizliyə çatmaqdır.” Nəticələr möcüzəli oldu. Həm o, həm də şagirdlər daha sakit və konsentrasiyalı idi.

Hal-hazırda ibtidai və orta məktəblərdə səssizlik vaxtına və meditasiyaya giriş mövzulu proqramlar təklif edən çoxlu təşkilatlar (“Mindful Schools” və “Mindful Education” kimi) var. Məsələn, 2015-ci ildə beyin-bədən təlimçisi  Stacy Sims “Şüurlu Musiqi Anları” adlanan proqramın tətbiqinə başladı. Proqrama qatılanlar səhər elanları vaxtı 4 dəqiqəlik klassik musiqi dinləyirdi – mənim massaçutesli dostumla oxşar ideya idi. “Şüurlu Musiqi Anları” bir çox məktəb, düşərgə və sosial xidmət təşkilatlarında istifadə edilir.

Beyin üçün müxtəlif vərdişlər formalaşdırmaq məqsədilə müxtəlif qruplarda fərqli metodlar tətbiq edilir. Geniş həllər əvəzinə, ilkin başlanğıc üçün mənim bir neçə məsləhətimi nəzərdən keçirə bilərsiniz:

  • Orta məktəb şagirdləri üçün həftə ərzində bir neçə dəfə 10 dəqiqəlik “səssizlik dövrü”. Şagirdlər bu müddət ərzində düşündüklərini öz dəftərlərinə yaza bilərlər. Müxtəlif məktəblərin müxtəlif mədəni üslubu olduğundan, rəhbərlik bu müddəti daha yaxşı necə tətbiq etməyin yollarını bilir.
  • Universitet tələbələri üçün hər bir departamentdə “intensiv daxili təhlil” kurslarının yaradılması. Hər bir tələbə semestr ərzində ən az bir belə kurs keçmək üçün müraciət edə bilər. Bu kurslar hər bir fakültəyə uyğun xüsusi fənlər zamanı edilən tapşırıqları, oxumalı mövzuları azaldır və tələbələrə asudə vaxt yaradaraq, öyrəndikləri mövzuları dərk etmələrinə və digər həyati məqsədlərə fokuslanmağa həvəsləndirir.
  • İş yerində işçilərin hər gün yarım saat meditasiya, istirahət, yaxud sadəcə səssiz qala biləcəkləri sakit otaq, yaxud oxşar bir ərazi. Bu otaqda telefon və kompüterə icazə verilməməlidir. Bu səssizlik müddəti nahar fasiləsinin tərkibi olmamalıdır.
  • Ailələr üçün şam yeməyi zamanı bütün telefonların, kompüterlərin, internetin və digər bütün cihazların söndürüldüyü saat tətbiqi. Şam yeməyi xoş söhbətlər və ailədaxili ünsiyyət üçün unikal bir vaxtdır.
  • Fərdlər hər gün vaxtlarını necə keçirdikləri barədə düşünməli və gündə ən azı yarım saat texnologiyadan uzaq gəzinti, kitab oxuma yaxud sadəcə səssiz oturmağa sərf etməlidir.
  • Cəmiyyət üçün ictimai yerlərdə rəqəmsal cihazların qadağan edildiyi ərazilər olmalı, əmək qanunvericiliyi ilə yarım saatlıq sakitlik dövrünə təminat verən iş yerləri olmalıdır.

İnanıram ki, səs-küylü dünyamızda beynimizin istirahəti üçün müxtəlif vərdişlər yarada bilərik, lakin bir az zamana ehtiyacımız var. İlk öncə necə bir təhlükə ilə üz-üzə olduğumuzu dərk etməliyik. Şübhəsiz ki, gənclər texnoloji avadanlıqların əsiri olmamaq üçün məsuliyyət götürməlidir. Lakin, dünyamızın qurucuları olaraq bizlər daha çox məsuliyyət götürməli deyilikmi? Biz özümüz hazırkı vəziyyətimizin qurbanlarıyıq, eyni zamanda da günahkarları. Bəs uşaqlarımıza xəyal etdikləri, dəyər verilən və dəstəklənən bir  həyat yaşamalarına borclu deyilikmi? Bəs özümüzə necə, borclu deyilikmi?

Beynin vərdişlərini dəyişmək çətin olsa da, bu mümkündür. Kiçik bir qətiyyət kifayət edər ki, hər gün buna sərf etməyə zaman ayıraq. Və bunu edən zaman, özümüzü mükafatlandıraq. Bu, ruhumuza olan bəxşişdir. Bu, sakitlik və pıçıltının şərəfidir. Bu, səs-küylü dünya qəfəsindən qurtulmaqdır. Bu, azadlıqdır. İllər öncə, məktəbdən evə sıx meşələrin arası ilə gələrkən, kiçik tısbağanın ardınca düşüb, onun asta addımlarını izləyərdim, saatlarla gölməçədəki qurbağalara, şehli otların küləklə birgə etdiyi rəqsə tamaşa edərdim. O vaxt azad idim…

Biz dünyanı arzu etdiyimiz yerə çevirə bilmərik, amma onun içərizində öz daxili dünyamızı yarada bilərik. Beynimizdə bizi qoruyan, mənəvi qidalandıran bir dünya yarada bilərik…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR