Nazirlikdən əməkhaqqı ilə bağlı sahibkarlara - Xəbərdarlıq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara xəbərdarlıq edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Oxu.Az-a bildirilib ki, özəl sektorda da minimum əməkhaqqı 180 manatdan az müəyyən oluna bilməz.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlardır.
Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər.
Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək”, - məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət