Nazirlik daha 50 ailəyə mənzil verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
Axar.az xəbər verir ki, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, bu tədbirlər sırasında mənzillə təminat proqramının da xüsusi yer tutduğunu bildirib:
“2018-ci ildə şəhid ailələri və əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu il 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib. Bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir. Şəhid ailələri və əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib. Təqdim edilən mənzillərdə, fərdi yaşayış evlərində müasir şərait yaradılıb və qarşıdakı dövrdə də mənzillə təminat proqramı uğurla davam etdiriləcək”.
Nazir müavini onu da bildirib ki, 2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib.
“Sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.
Mənzillərlə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə böyük qayğısının daha bir təzahürü kimi, müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərin onlara təqdim edilməsindən sevinc hissi keçirdiklərini vurğulayıblar. Onlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər”, - tədbirdə qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət