Slimfit
  1. MƏDƏNİYYƏT

Naxışların sehri

Naxışların sehri
Sakura

Naxışların sehri

Müasir dünya iqtisadiyyatını brendsiz təsəvvür etmək qeyri-mümkündür. Hər hansı bir məhsulun bazarda özünə yer tutması onun keyfiyyəti, rəqabətqabiliyyətliyi nə qədər vacib olsa da, yenə yetərli deyil. Məhsulun brendi üzərində xüsusi komanda, belə deyək, ağıl sahibləri-intellektuallar, menecerlər işləyir. Brendlə adi məhsulu digərlərindən fərqləndirən xüsusiyyətləri üzə çıxarmağa, onu alıcıya sevdirməyə çalışırlar.

Azərbaycan elə zəngin keçmişə, elə qədim mədəniyyətə malikdir ki, bu baxımdan ölkədə istehsal edilən onlarla məhsulu tanıtmaq və məşhurlaşdırmaq üçün böyük güc və ağıl sərf etməyə, məhsulu brend səviyyəsinə qaldıran yeni ideyalar yaratmağa da ehtiyac yoxdur. Lakin Azərbaycan brendinin formalaşmasına, məşhurlaşmasına təsir göstərən, məhsullarımızı dünya bazarında digər məhsullarla eyni səviyyədə təqdim etməyə geniş imkanlar mövcuddur.
Son illərdə ölkəmizdə keçirilən mötəbər idman yarışları, olimpiadalar, beynəlxalq forumlar Azərbaycanın qapılarını minlərlə əcnəbinin üzünə açır. Sirr deyil ki, hər bir əcnəbi qonaq gəldiyi ölkəni özü üçün yenidən kəşf edir, onu qarış-qarış gəzir, abidələrini ziyarət edir, mətbəxinin təamlarını dadır, insanlarla ünsiyyətdə olur və geri dönərkən bu ölkəyə xas, bu ölkənin mahiyyətini açan, onu digərlərindən fərqləndirən bənzərsiz bir hədiyyəni alıb suvenir kimi evinə aparır, qoruyur, bu barədə dostlarına danışır, yaxınları ilə bölüşür. Bu baxımdan ölkəyə gələn hər bir turist Azərbaycan brendinin cilalanmasında, təlqin edilməsində bilavasitə iştirak edir. 
Dünya bazarına çıxarılan, ixrac edilən məhsulların siyahısı, əlbəttə ki, genişdir. Müasir Azərbaycan brendi yalnız müəssisə və zavodlarda, fabriklərdə, özəl müəssisələrdə, aqrar sektorun bir çox sahələrində istehsal edilən məhsulların geniş çeşidindən ibarət deyil. Burada həmçinin milli-mədəni irsimizi təbliğ edən, keçmişimizlə və bütünlükdə mədəniyyətimiz, milli mənsubiyyətimiz və milli çalarlarımızla sıx bağlı olan müxtəlif sahələrin xüsusi çəkisi var. İpək emalı, xalça, palaz, kilim istehsalı elə sahələrdir ki, burada istehsal olunan məhsulların əksəriyyəti dünya bazarında elə də sərt müqavimətə rast gəlmədən layiqli yerini tuta bilər. Xalçaçılıq məhsullarını Azərbaycanın keçmişi, müasir mədəniyyəti, tarixi ilə bağlı olan və hamının diqqətini cəlb edə bilən xüsusi məhsul kimi təqdim etmək, onu brend səviyyəsinə qaldırmaq o qədər də çətin bir iş deyil. 
Axı xalılar bizim dastanlarımızdan, nağıllarımızdan və tariximizdən ilmə-ilmə keçir, onu bilən, ona bəlli olan hər bir alıcı üçün adi məhsuldan qiymətli hədiyyəyə çevrilir. “Koroğlu” dastanında xalçanın insana faydası ilə bağlı incə bir məqam var. Uzaqdan atlı gəlir, dəlilər gələnin kimliyini ayıra bilmirlər, çünki hamı onu bir kibrit çöpü boyda görür. Amma onlardan bir başqası əlini gözünün üstünə qoyur, diqqətlə baxır və gələnin kim olduğunu deyir, atlını uzaqdan tanıyır. Dastanda izah edilir ki, o, ona görə uzağı yaxşı görürdü ki, anası onu uşaq vaxtı xalça üstündə gəzdirərmiş. Elə xalqlar var ki, onların nağıllarında özü açılıb-yığılan süfrə yer alır. Və nağılların personajları ürəkləri istəyəndə süfrəyə əmr edir, doyunca yeyib-içirlər. Amma biz bu cəhətdən də fərqliyik, bizim nağıllarımız qarından daha çox ruhumuz və mənəviyyatımızla bağlıdır. Elə xalçaya məhəbbətimiz də dastanlarımızdan, nağıllarımızdan keçir. Biz nağıllarımıza xalq kimi naz-nemətlə açılan sehrli süfrələri yox, uçan xalçaları bir əfsanə kimi ta qədimdən gətirmişik. 
Bu baxımdan milli mədəni irsimizin təbliğində Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü bütün işlər həm də Azərbaycan brendinin formalaşmasına, dünya bazarında layiqli yer tutmasına təkan verən ən ciddi amillərin sırasındadır. 
Azərbaycan Prezidenti İlham Əliyev xalçaçılığın xalqımızın ən qədim sənət növü kimi geniş təbliğ edildiyini vurğulayır və bu istiqamətdə görülən işləri belə qiymətləndirir: “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır”. 
Xalçalarımızda naxışların gözəlliyi, ilmələrin sıxlığı, rəsmlərin ecazkarlığı, mümkün deyil ki, Şərqi sevənləri heyrətləndirməsin, Avropanın ən tələbkar alıcısının belə qəlbini fəth etməsin! Artıq Azərbaycan brendinin formalaşması, mükəmməlləşməsi istiqamətində geniş işlər görülür. İxrac bazarlarında ölkəmizin və ixracatçıların iqtisadi-ticari maraqlarının daha dolğun təmsil edilməsi məqsədilə səfirlik və konsulluqlarımız da bu nəcib işə qoşulur, Azərbaycan ticarət evlərinin ayrı-ayrı ölkələrdə yaranmasına start verilir. Bütün bu amillər Azərbaycan xalçasının, sumağının həm inkişafında, həm də dünya bazarında təbliğində öz təbii bəhrəsini verəcək. 
Onu da demək yerinə düşərdi ki, ixracın təşviqi tədbirləri çərçivəsində AZPROMO tərəfindən cari ilin üç ayında 50-dən çox tədbir keçirilib, 30-dan çox şirkətə ixrac üzrə fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə verilib, “GO EXPORT” layihəsi üzrə 5 proqram təşkil edilib və regionlarda təlimlər keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “İxracatçılar Klubu” və digər assosiasiyalar yaradılıb. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycan brendi öz əsrarəngiz məhsulları ilə dünyanı heyrətə salsın və xalçalarımız da alıcıların qəlbini naxışların sehri ilə fəth etsin.

Bahadur İMANQULİYEV, 
“Azərbaycan”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR