Slimfit
  1. MƏDƏNİYYƏT

Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
Sakura

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start verilib

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək iyun ayından açılışına start verilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” çərçivəsində qədim diyarda bir sıra tədbirlərin keçirildiyini deyib. Nazir qeyd edib ki, bu həftə ərzində keçiriləcək “İslam filmləri həftəsi” də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” tədbirlər planında əksini tapıb.

“Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam dininin yayılmasında, eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində, o cümlədən Naxçıvan torpağında ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması ilə özünü bir daha təsdiqləyir. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində mühüm addımlar atdığını göstərir” – deyən nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi qərarı da bu istiqamətdə atılan addımların mühüm tərkib hissəsidir.

Nazir onu da qeyd edib ki, bu gün İslam ölkələrinin mədəniyyətinə, incəsənətinə töhfə verən sahələrdən biri də kino sənətidir. Kino sənəti xalqların maariflənməsində, milli və vətənpərvərlik duyğularının aşılanmasında, milli dəyərlərin yaşadılmasında mühüm rol oynamaqla, həm də mərhəmət, şəfqət, insanlığa sevgi, ictimai məsələlərin ön plana çəkilməsində xüsusi əhəmiyyətə malikdir.

Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda ilk dəfə keçirilən “İslam filmləri həftəsi”ndə ölkəmizlə yanaşı, İranın, Türkiyənin, Özbəkistanın, Tacikistanın filmləri nümayiş etdirilir. Həmin filmlərdə insanı düşündürən məsələlər, onun mənəvi dünyası və həyata baxışı əsas mövzudur. “İslam filmləri həftəsi”ndə “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində nümayiş etdirilən “Niyyət”, “Oskar” mükafatına təqdim olunmuş ekran əsəri kimi kino tariximizə düşən “Nabat”, müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat almış iranlı məşhur rejissor və ssenarist Məcid Məcidinin “Yağış”, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən Özbəkistan və Tacikistan istehsalı olan “Dahinin gəncliyi”, Türkiyə istehsalı olan, Cəlaləddin Ruminin həyatı və fəlsəfəsini özündə əks etdirən “Eşqin rəqsi” və “Ulak” filmləri nümayiş etdiriləcək.

Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar keçirilən digər tədbirlər kimi, “İslam filmləri həftəsi” də İslam mədəniyyətinin təbliği işinə öz töhfəsini verəcək.

Sonra 2014-cü ildə Azərbaycanda istehsal olunmuş “Nabat” filmi nümayiş etdirilib. Film Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdürrəhim Bəşəratdır.

Ekran əsərində Nabat xala rolunda iranlı aktrisa Fatimə Motamed Ariya çəkilib. Qeyd edək ki, film Azərbaycanın səfalı rayonlarından olan İsmayıllıda lentə alınıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR