Mikayıl Müşfiqin qalıqlarının tapılması barədə yayılan məlumat həqiqəti əks etdirmir
Mikayıl Müşfiqin qalıqlarının tapılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Bu sözləri Kult.az-a açıqlamasında repressiya dövrünün tədqiqatçısı Aslan Kənan deyib. O bildirib ki, repressiya dövründə güllələnən şəxslərlə bağlı məlumatlar məxfi saxlanılıb:
“O dövrdə güllələnənləri və ya güllələnmək cəzası verilən şəxsləri Bakıda saxlamırdılar. Bu, mümkün deyildi, ancaq 10, 30 il iş kəsilənləri müəyyən müddət saxlayıb aparırdılar. Repressiya qurbanlarından ən hörmətlisi Hüseyn Cavid idi ki, onu da 2 il Bakıda saxladılar. 15 dəqiqəlik məhkəmədən sonra Müşfiqin Qaradağ rayonuna gətirilməsi absurddur. Hansı əsasla demək olar ki, tapıntılar Mikayıl Müşfiqə aiddir?”.
A.Kənan repressiya qurbanlarının kimlər tərəfindən öldürülməsinin gizli saxlandığını, qurbanların kimsəsizlər qəbiristanlığında dəfn edildiyini söyləyib:
“Güllələnməni xüsusi adamlar həyata keçirirdilər. Barəsində güllələnmə əmri verilmiş şəxsi qaranqlıq otağa salırdılar. Həmin adamın heç özünün də xəbəri olmurdu ki, onu kim güllələyir. Əgər proses belə gizli şəkildə aparılırdısa, onu niyə aparıb Qaradağda basdırsınlar ki!?
Mikayıl Müşfiqin bacısı və ya başqa qohumları onun harda basdırıldığını bilmir, meyiti tapılmır, ancaq bir nəfər çıxıb deyir ki, Müşfiqi tapmışam. Axı, bu barədə heç yerdə yazılmayıb”.
Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov repressiya illərində cəzalandırılanların bir çoxunun qalıqlarının olduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarışlar apararkən Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar tapdığını iddia edib.
Ötən gün Virtualaaz.org saytının təşkilatçılığı ilə Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarılıb. Növbəti mərhələdə qalıqlardan götürülən nümunə analiz ediləcək və M.Müşfiqin yaxın qohumlarından birinin DNT-si ilə müqayisə ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət