Slimfit
  1. SİYASƏT

Müsəlmanların BMT-si: Münaqişədən “boy atan” İslam Birliyi - Təhlil

Müsəlmanların BMT-si: Münaqişədən “boy atan” İslam Birliyi - Təhlil
Sakura

Müsəlmanların BMT-si: Münaqişədən “boy atan” İslam Birliyi - Təhlil

İslam Əməkdaşlıq Təşkilatı ABŞ prezidentinin Fələstin münaqişəsi ilə bağlı həll planını qəbul etmədi. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin iki gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə toplantısında Vaşinqtonun yeni həll planı müzakirə olundu. Müsəlman ölkələrinin əsas təşkilatı olan İƏT növbəti dəfə Fələstin münaqişəsinin ədalətli həllinə çağırış etdi. 

Məsələ ondadır ki, dünyada BMT-dən sonra ikinci böyük təşkilat hesab olunan İƏT planetin müsəlman ölkələrinin birləşdiyi, belə desək, yeganə qurumdur. 57 üzvü olan təşkilatda yalnız bir neçə müsəlman olmayan, amma müsəlman çoxluğa sahib ölkələr təmsil olunur.

Yerdə qalan üzvləri müsəlman ölkələrdir. Ancaq İƏT mövcud olduğu 50 ildə hələlik hər hansı ciddi siyasi məsələdə həlledici rol oynaya bilməyib. Nə qədər qəribə də olsa, İslam Əməkdaşlıq Təşkilatı (2011-ci il iyunun 28-dək İslam Konfransı Təşkilatı) 50 il əvvəl - 1969-cu ildə İsrail-Fələstin münaqişəsinə görə yaradılıb. Yəni bu təşkilatın qurulmasının əsas hədəfi Qüds və Fələstin münaqişəsinin ədalətli həllinə nail olmaq olub. 

Doğrudur, buna qədər İslam birliyi, hansısa formada müsəlman ölkələrini bir araya gətirmək cəhdləri, çağırışlar olub. Səudiyyə Ərəbistanı kralı 1966-cı ildə “İslam birliyi” şüarını irəli sürüb. 1969-cu ildə Mərakeş kralı “İslam həmrəyliyi” fikrini səsləndirib. 

Müsəlman ölkələrinin birliyi ideyası, əslində, müxtəlif formalarda daha əvvəl də ifadə olunub. Ancaq 60-cı illərə qədər bunun üçün münasib şərait yetişməyib. Məsələn, 1945-ci ildə Ərəb Liqasını yaradan dövlət liderlərinin yadına İslam birliyi ideyası düşməyib.

Lakin xüsusən də 1967-ci il “altı günlük müharibə”dən sonra ərəb-müsəlman aləmində populyar olan ərəb milliyyətçiliyi və onun şəxsində Camal Əbdül Nasirin məğlubiyyəti populyar solçuluq fikirlərini gözdən saldı.

Əksinə, Qərbdən istədiyi dəstəyi ala bilməyən müsəlman ölkələri İslam Birliyi ideyasına daha çox sarılır. İƏT-in yaranmasını tətikləyən hadisə isə 1969-cu il avqustun 21-də baş verir. Avstraliyalı fanatik protestant Denis Rohan Qüdsdəki müqəddəs Əl-Əqsa məscidini yandırır. 

Məsihin gəlişini tezləşdirmək kimi bir inancı reallaşdırmaq üçün edilən bu hərəkət müsəlman dünyasında ciddi etirazlara səbəb olur. Və təbii ki, bundan əvvəlki islam birliyi çağırışlarının da təsiri ilə müsəlman ölkələri bir araya gəlir. Qüdsdəki yanğından bir ay sonra - 1969-cu il sentyabrın 22-dən 25-dək Mərakeşin paytaxtı Rabatda keçirilən müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında İslam Konfransı Təşkilatı təsis olunub.

Təsis konfransında 25 ölkə və Fələstin Azadlıq Təşkilatı (FAT) iştirak edib. Ancaq sonradan təşkilat sürətlə genişlənib və hazırda 57 üzvü (Suriya münaqişəsi başladıqdan sonra Dəməşqin mandatı dondurulub – R.Q.) ölkəsi var. 

İslam Konfransı Təşkilatı BMT ilə sıx əməkdaşlıq edib və təşkilat 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb. İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransı, siyasi orqanı xarici işlər nazirləri konfransıdır. İƏT-in əsas işçi orqanı olan Baş Katiblik 1971-ci ildən fəaliyyət göstərir.

İƏT Baş Katibliyinin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.

İƏT-in (keçmiş İKT) nizamnaməsinə əsasən, təşkilatın əsas funksiyaları aşağıdakılardır:

İslam həmrəyliyini siyasi, iqtisadi və sosial planda inkişaf etdirmək;

Müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaq;

Müsəlman həmrəyliyinin gücləndirilməsi; 

Müqəddəs yerlərin qorunması; 

Fələstinin müstəqilliyinə nail olmaq. 

İƏT-in ən səlahiyyətli orqanı İslam Sammitidir. Dövlət və hökumət başçılarının iştirakı ilə təşkil edilən sammit üç ildə bir dəfə keçirilir. İkinci əsas siyasi qərar orqanı ildə ən azı bir dəfə keçirilən İslam ölkələrinin Xarici İşlər Nazirlərinin konfransıdır.

Bundan əlavə, BMT-nin hər ilin oktyabrında keçirilən illik sessiyalarında da eyni mövqeni nümayiş etdirmək məqsədilə BMT-nin qərargahında toplanırlar. İƏT-in əsas icra orqanı olan Baş Katiblik və mərkəzi qərargah Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir. Baş katib Xarici İşlər Nazirlərinin toplantısında dörd il müddətinə coğrafi prinsip əsasında (Asiya, Afrika və Ərəb ölkələrindən) təyin edilir və ardıcıl olaraq iki dəfə seçilə bilər.

İƏT yanında onun konfranslarının qərarları ilə yaradılmış bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir: İƏT-in alt quruluşları İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırma və Tədris Mərkəzi (SESRIC), İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma və Tədris Mərkəzi (IRCICA), İslam Ticarət İnkişafı Mərkəzi (ICDT), İslam Texnoloji Universiteti (IUT), İslam Fiqh Akademiyası (IIFA), İslam Həmrəylik Fondu (ISF), Niger İslam Universiteti, Uqanda İslam Universitetidir.

Eyni zamanda, İslam İnkişaf Bankı, İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO), Beynəlxalq İslam Xəbər Agentliyi (IINA), İslam Ölkələri Yayın Təşkilatı (ISBO) kimi ixtisaslaşmış qurumları var. 

İƏT Nizamnaməsinə əsasən, üzv dövlətlər bərabərhüquqlu olaraq başqa üzv dövlətin müstəqilliyinə və ərazi toxunulmazlığına hörmət etməli, digər üzv dövlətin daxili işlərinə qarışmamalı, üzv dövlətlər arasında yaranan hər hansı bir mübahisənin sülh yolu, danışıqlarla nizama salınması, üzv dövlətlərdən birinin ərazisinə, siyasi müstəqilliyinə və ya onların birliyinə qarşı yönələn hər hansı hərəkətdən çəkinməlidirlər.

İƏT-in daha bir qurumu Beynəlxalq İslam Məhkəməsi Şəriət qaydaları və İKT nizamnaməsi əsasında fəaliyyət göstərir. 

Məhkəməyə yeddi hakim daxildir. Onlar xarici işlər nazirlərinin konfransında üzv dövlətlərin təklif etdikləri və tələblərə uyğun namizədlərdən dörd il müddətinə seçilirlər. Ancaq ötən 50 ildə İƏT müsəlman ölkələri arasında münaqişələrin həlli, sülh əldə olunması kimi mövzularda ciddi nəticə əldə etməyib. Digər tərəfdən, təşkilat üzv ölkələrlə bağlı siyasi və insan haqları ilə bağlı mövzulara, ümumiyyətlə, qarışmır. Toplantılar bir qayda olaraq dünyada baş verənlərə münasibət bildirir. 

Yalnız təşkilat bu günə qədər çoxlu sayda sosial yardım, mədəni layihələr həyata keçirib. Bununla da müsəlman cəmiyyətləri arasında yaxınlaşma, dövlətlər arasında siyasi-diplomatik, eləcə də, mədəni əlaqələrin gücləndirilməsi üçün çoxlu sayda layihələr həyata keçirib.

Qeyd etmək lazımdır ki, Azərbaycan da 1991-ci ildən bu qurumun üzvüdür və təşkilatın işində fəal iştirak edir. 2004-cü ildə Azərbaycanın təşəbbüsü ilə İƏT yanında İslam Konfransı Gənclər Forumu adlı təşkilat yaradılıb və bu qurum beynəlxalq status alıb. Eyni zamanda, 2017-ci ildə Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. 

Hazırda Azərbaycan İƏT çərçivəsində ciddi fəaliyyət göstərir. Eyni zamanda, İƏT ali orqanları, dövlət başçıları sammiti, XİN rəhbərləri toplantıları və Parlamentlərarası İttifaq səviyyəsində Azərbaycan ərazilərinin işğalı, həmçinin, Xocalı qətliamını tanıyan qətnamələr qəbul edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR