Slimfit
  1. MEDİA

Müharibənin ləngitdiyi, ünvanına tələsən təbrik

Müharibənin ləngitdiyi, ünvanına tələsən təbrik
Sakura

Müharibənin ləngitdiyi, ünvanına tələsən təbrik

Oktyabrın 16-da Qarabağda qızğın döyüşlər gedirdi. Hamı müharibə ab-havasında, hər kəs cəbhədəki hadisələri izləyirdi. Bu qarışıqlıqda dostları ad günü münasibəti ilə təbrik etmək heç kimin ağlından belə keçmirdi. Artıq o günlər geridə qalıb, xalqımız Vətən müharibəsindən qələbə ilə çıxaraq, tarixi bir zəfər çalıb. Bu zəfərdən ona da pay düşüb. Sevincinin həddi-hüdudu yoxdur. 30 ilə yaxın bir müddətdə işğal altında qalmış Vətən torpaqlarının xeyli bir hissəsi onun yubiley ilində, ad günündən 24 gün sonra azad olundu. Bundan böyük hədiyyə varmı?..

Sanki şəfəq dolu bir nurdur. Ətrafına yalnız xoş əhval-ruhiyyə saçır. Cazibəli siması, gözəlliyi Allahın ondan əsirgəmədiyi lütfüdür. Nə edə biləcəyini yaxşı bilir. İnsanları sevindirməkdən zövq alır. Sözündə dürüst, əməlində xeyirxahdır...

Haqqında söhbət açdığım filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva 1960-cı ildə görkəmli ədəbiyyatşünas alim, istedadlı pedaqoq və ictimai xadim, filologiya elmləri namizədi, dosent Qulamhüseyn Nüsrət oğlu Əliyevin ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıdakı 31 saylı məktəbdə alıb. Beş il M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsilə yiyələnib. Sonra təyinatla Şamaxı Rayon Qaravəlli kənd orta məktəbində müəllim işləyib, eyni zamanda “Yeni Şirvan” - “Novıy Şirvan” rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Təyinat müddəti bitəndən sonra doqquz il Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində Radionun İncəsənət və radio teatrı şöbəsində əvvəlcə kiçik, sonra isə böyük redaktor, “Kitab köşkü” proqramının aparıcısı, 1994-2000-ci ilərdə isə Azərbaycan Televiziyasının (AzTV-1) Ədəbi-Dram Verilişləri baş redaksiyasının İncəsənət şöbəsində böyük redaktor, şərhçi vəzifələrində işləyib. 2000-2002-ci ilərdə “Dublyaj” və Ədəbi-dram verilişləri baş redaksiyasında çalışıb. Eyni zamanda canlı yayınlanan “Səhər” musiqili-informasiya proqramının müəlliflərindən biri və aparıcısı olub. 1995-2007-ci illərdə həm də Azərbaycan Dillər Universitetində “Xarici ədəbiyyat” kafedrasının baş müəllimi vəzifəsində işləyib. 2001-2004-ci illərdə LiderTV–də “Axşam çağı” bədii-publisistik proqramının redaktoru və aparıcısı, 2002-2005-ci illərdə isə “Səda” informasiya proqramının mədəniyyət redaktoru vəzifələrində çalışıb. Daha sonra altı il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində aparıcı məsləhətçisi, baş məsləhətçi olub. 2008-2014-cü illərdə isə Azərbaycan Turizm Universitetində müəllim, kiçik dövlət müşaviri, 2014-2018-ci illərdə yenidən Mədəniyyət və Turizm Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin İnformasiya, elektron resurslar və media ilə iş sektorunun baş məsləhətçisi, sonradan serktor müdiri vəzifələrində işləyib. 2018-2020-ci illərdə “Mədəni-maarif işi” redaksiyasının nəşri olan “Mədəniyyət.AZ” jurnalı və “medeniyyet.info” saytına baş redaktorluq edib. 2020-ci ildən Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayonu üzrə nümayəndəsi, baş məsləhətçi və “Mədəniyyət-Culture” adlanan eyni jurnalın və medeniyyet.info saytının baş redaktorudur. "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb...

İşgüzarlığı, zəkası, savadı sayəsində işıqlı bir karyera quraraq, addım-addım hədəfə doğru hərəkət edib. Çox səbrli və ağıllı xanımdır. Kişilərə xas olan bir sıra müsbət xüsusiyyətləri özündə ehtiva edə bilib. Eyni zamanda zərif, duyğusal insandır. Bütün mövzularda fikir yürütməyi bacarır. Və bu keyfiyyətə malik olduğunu yaxşı bilir. Dinləsəniz, onun mülahizələrinin dəqiq və mötəbər olduğuna heyran qalacaqsınız. Azərbaycan aşiqidir. Mənfur düşmənimiz üzərində qələbəmizə elə sevinir ki, gözlərində sevinc yaşları işıldayır...

“Şükür böyüklüyünə, Uca Allahım! Hərdən mənə elə gəlir ki, sanki yuxudayam, amma dərk edirəm ki, bu Qələbəni qazandıq! BAYRAĞIMIZ ŞUŞAda dalğalanır! Əziz Bayrağım, Uca Bayrağım, Şərəf və Ləyaqət Bayrağım! İNŞALLAH, azad olunmuş bütün Azərbaycan torpaqlarında dalğalanacaqsan! Bunu belə bilsin dünya!”, söyləyir...

Verdiyi sözə əməl etməyi bacarır. Qarşısındakı insandan da eyni davranışı gözləyir. Bir sözlə, bu yumşaq səsli, mehriban xanım çox qüvvətlidir. Və bu güc Onu həmişə ətrafındakı insanlara sevdirəcək...

Hörmətli Zöhrə xanım, necə deyərlər, bu il Sizin ilinizdir, yubiley ilidir. Sizi təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik arzulayıram...

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR