Slimfit
  1. ƏDƏBİYYAT

Müharibə və uşaq mövzusunda yazılmış ən yaxşı 13 əsər

Müharibə və uşaq mövzusunda yazılmış ən yaxşı 13 əsər
Sakura

Müharibə və uşaq mövzusunda yazılmış ən yaxşı 13 əsər

Müharibə, güllə, mərmi, insan cəsədi, qan və bu kimi şeylər nəinki uşaqlarda, böyüklərdə də çox ciddi psixi travma yaradır. Uşaqlarda davranış pozuntularına, dərin depressiyalara səbəb olur. Müharibə şəraitindəki insanın hər anına, hər gününə, hər saatına böyük ümid yoxdur.  Ona görə də uşaq daim qorxur və təzyiq altında, “indi ölə bilərik, bu saat ölə bilərik, mərmi düşə bilər” deyə düşünür. 

Ümumiyyətlə, bu cür dəhşətli mənzərələrə şahid olmuş uşaqların dilindən hadisələri nəql etmək, çatdırmaq asan deyil. Bunun üçün yazıçıya yazmaq, yaratmaq qabiliyyətindən başqa, həm də geniş dünyagörüşü və böyük ürək lazımdır. 

Ceylanmumoglu.com saytı "müharibə və uşaq" mövzusunda yazılmış ən yaxşı 13 əsərin siyahısını təqdim edir: 

1.  John Boyne - "Zolaqlı pijamalı oğlan"

Hitlerin yəhudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan hekayətidir bu roman. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü... Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar. Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir...

 

2. Aqota Kristof - "Qeyd dəftəri"

İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı Aqota Kristof "Qeyd dəftəri" romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülüb.

Romanda İkinci Dünya müharibəsi dövründə iki ekiz qardaşın taleyindən bəhs olunur. Əsər trilogiyadır, birinci hissəsi  1986-cı ildə nəşr edilmişdir. Əsərin adı "Qeyd dəftəri" adıanır. İkinci hissəsi "Sübut" (1988), üçüncü hissə isə "Üçüncü yalan" (1991) adları ilə nəşr edilmişdir.

3.  Aleksandra Kavelius - "Leyla"

Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır.

Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür.

4. Anna Frank: "Sığınacaq. Məktublardakı gündəlik"

Anna Frank 1929-cu ildə anadan olub. Konslaqerdə vəfat edərkən onun cəmi 15 yaşı olub. Amsterdamda, ailəsi ilə birgə nasistlərdən gizlənərkən, yazmağa başladığı gündəliyi bütün dünyada Anna Frank adını məşhurlaşdırdı. Bu kimi kitabları mütləq oxumaq lazımdır. Çünki onlar bizə tarixin dəhşətli səhifələri haqqında danışır və bizi heç bir halda, heç bir şəraitdə təslim olmamağa səsləyir.

5. Jerzy Kosinski - "Boyalı quş"

Kosinski ona dünya şöhrəti gətirən "Boyalı quş" (“The painted bird”) romanını İkinci Dünya Müharibəsi illərində yəhudi soyqırımından qaçmaq üçün ailəsi tərəfindən yaşlı bir kəndli qadının yanına atılmış 6 yaşlı uşağın dilindən yazıb.

Roman çıxandan sonra bəzi tənqidçilər Kosinskinin tənqid edirlər ki, bütün bunlar gerçək ola bilməz, çünki hadisələr çox şişirdilmiş təsir bağışlayır.

Lakin onunla eyni dönəmdə Polşada yaşamış dostları bu etirazalara belə cavab veriblər:

"O illərdə baş verənləri görsəydiniz, bilərdiniz ki, Kosinskinin romanı şirin xalq nağılıdır".

6. Şərif Ağayar - "Arzulardan sonrakı şəhər"

Əsərdə yeniyetməliyə ayaq qoyan qəhrəman Həsən ümid edir ki, özü də daxil olmaqla Arzulardan sonrakı şəhərin digər sakinləri bu şəhərdə yalnız yerinə yetən arzularla yaşayıb, xoşbəxt olacaqlar.

Roman Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub.

7. Uilyam Qoldinq - “Milçəklər tanrısı”

Uilyam Qoldinqə dünya şöhrəti gətirən “Milçəklər tanrısı” romanı 1954-cü ildə çap olunub. İkinci Dünya müharibəsinin dəhşətlərinə şahid olmuş Qoldinq etiraf edib ki, onu yazmağa vadar edən səbəb müharibə olub. İnsanlara çatdırmağa çalışırdı ki, bəşəriyyət hansısa xəstəliyə yoluxub, o xəstəliyin əlamətlərini hər yerdə, hətta özündə də görürdü.

Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır.

8. Valentin Katayev - "Alay oğlu"

"Alay oğlu" povesti müharibə dövründə Vanya Solnsev adlı balaca oğlanın başına gələnlərdən bəhs edir. Ata-anasız qalan Vanya səngərdə kəşfiyyatçılar tərəfindən tapılır və bütün alay tərəfindən "övladlığa götürülür".

9. Çingiz Aytmatov - "Erkən gələn durnalar"

“Erkən gələn durnalar” povestində Böyük Vətən müharibəsi illərində arxa cəbhədə atalarını, böyük qardaşlarını yüksək vətəndaşlıq qeyrəti ilə əvəz edən, vaxtından əvvəl kişiləşmiş yeniyetmələrin igidliyindən bəhs edilir.

10. Bertold Brext - “Kuraj ana və uşaqları”

“Kuraj ana”da otuz illik müharibənin (1618-1648) on iki ilini öz uşaqları ilə birgə səyyar satışla məşğul olan alverçidən danışılır. Baş qəhrəman xarakteri bir mənalı deyil: müharibə onun üçün yaxşıdır, uşaqlarından məhrum olsa da, bundan gəlir əldə edir. Beləliklə, pyes müharibədən sonrakı dövr üçün ən aktual sualı qoyur: heç bir mübaliğəsiz yanaşsaq, insan şüuru nədir?

11. Nodar Dumbadze - "Mən günəşi görürəm"

Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi Ketovanla yaşayan 12 yaşlı oğlan Sosoyanın dilindən danışılır. İkinci Dünya Müharibəsinin başlaması, arxa cəbhə insanlarının keşməkeşli həyatı, kənd sakinlərinin qarşılaşdıqları çətinliklər, ölüm kağızları, gözü yaşları analar, bacılar, həyat yoldaşları, yaşlılar, uşaqlar...

12. Tatyana de Rosney - "Saranın açarı"

1942-ci ilin iyul ayında Parisin mərkəzində dəhşətli hadisə baş verir: dövrün ölüm düşərgəsinə – Auşvitzə göndərilmək üçün 13 minə yaxın yəhudi həbs olunur. Kütləvi həbs dalğası 10 yaşlı Sara Starzinskinin ailəsindən də yan keçmir. Amma Sara bir anlıq polislərin gözündən yayınaraq balaca qardaşı Mişeli evlərindəki dolabda gizlədib qapısını açarla bağlayır: “… dalınca qayıdacağam. Söz verirəm”.

Əsər boyu bir an da olsun bu sual bizi tərk etmir: görəsən, Sara qayıdıb balaca qardaşını xilas edə biləcəkmi?

13. Markus Zusak - "Kitab oğrusu"

Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiy­ya­tında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk öncə İNSAN dayanır.

Markus Zusak «Kitab oğrusu»nu ölümün dilindən səslən­dirir. Hamının qəbul etdiyi yeganə gerçəklik – ölüm insanlara mənəvi dəyərləri aşılamağa çalışır.

 

Mənbə: ceylanmumoglu.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR