“Müəyyən problemlər olacaq” - Millimizin baş məşqçisi
Futzal üzrə Azərbaycan milli komandası sentyabrın 23-də Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında saat 16:00-da başlayacaq. Hazırlıq və oyunla bağlı millinin baş məşqçisi Joze Alesio da Silva federasiyanın rəsmi saytına müsahibə verib:
- Qazaxıstanla oyunun hazırlığına nə vaxt başlayacaqsız?
- Sentyabrın 19-da Yüksək Liqada 2-ci turun oyunları keçirləcək. Baş məşqçisi olduğum “Araz” “Xəzər Cənub”la qarşılaşacaq. Bildiyiniz kimi, bu komanda demək olar, İrandan dəvət olunmuş legionerlərdən təşkil edilib. Hazırda diqqətimizi bu oyuna yönəltmişik. Bu qarşılaşmanın hazırlığını başa vurduqdan və oyunu yekunlaşdırdıqdan sonra, milli toplanışa başlayacaq. Sentyabrın 20-də bir yerə toplaşacağıq və Qazaxıstanla oyuna hazırlaşacağıq. Heyəti də turdan sonra açıqlayacağıq.
- Narahat olduğunuz məqamlar varmı?
- Milli komanda rəhbrəliyim altında ilk dəfə yerli çempionatda çıxış edən futzalçılardan qurulacaq. Müəyyən problemlər olacaq. Çünki əvvəllər bu oyunçular Braziliyadan dəvət etdiyimiz futzalçılarla birgə oynayırdılar. Buna görə də meydanda anlaşma, bir-birini sığortalama baxımından problem yox idi. Hazırkı heyətin əksər üzvləri bir komandada çıxış etsələr də, çatışmazlıqlar olacaq. Ancaq müsbət məqam da var. Yerli futzalçılar özlərini sübut etməyə çalışacaqlar və daha istəkli olacaqlar. İstənilən halda, bu qarşılaşma bizim üçün əla test olacaq.
- Milli komandanın qarşıdakı bir il ərzində heç bir rəsmi oyunu olmayacaq. Bunu nəzərə alsaq, yoldaşlıq oyunu komandaya nə qazandıracaq?
- FİFA-nın oyun pəncərələri var. Biz birinci pəncərədən istifadə etmədik və yoldaşlıq matçı keçirmədik. Ancaq rəsmi oyunlar oldu-olmadı, bu cür qarşılaşmalara ehtiyac var. Ona görə də rəhbərliyə oyun pəncərəsindən istifadə etməyin lazım olduğunu bildirdim. Reytinq baxımından da vacibdi. Qarşıda hələ rəsmi oyunlarımız olmasa da, dekabr və yanvar aylarında beynəlxalq turnirlərə dəvət almışıq. Üstəlik, oyun təcrübəsinə hər zaman ehtiyac var. Bu görüş bizə ən azı beynəlxalq oyun təcrübəsi qazandıracaq.
- “Araz”dan ayrılan millinin bir neçə üzvü İspaniya, Braziliya və Rusiya klublarında çıxış edirlər. Gələcəkdə onların xidmətindən yararlanmağı düşünürsünüzmü?
- Onların güclü çempionatda oynamaları yaxşı haldı. Milliyə dəvət edib-etməyəcəyimlə bağlı indidən söz verə bilmərəm.
- Qazaxıstanla oyunu həm də bir növ “Araz”ın Çempionlar Liqasına hazırlığına kömək kimi qiymətləndirmək olarmı?
- Hər şeydən əvvəl bu, millinin oyunudu. Həm təcrübə qazanmaq, həm də reytinq xallarını artırmaq baxımından vacib görüşdü. Ancaq sualdakı məqamı gizlədə bilmərəm. Milli komandanın sütununu “Araz”ın oyunçuları təşkil edir. Bu görüşün komandamıza az da olsa köməyi dəyəcək. Çünki çempionatımız yeni başlayıb. Cəmi bir tur keçirilib, sabah isə ikinci turun oyunları olacaq. Bizə isə həmin vaxta qədər çox oyun keçirmək lazımdı ki, Çempionlar Liqasına necə hazırlaşdığımızı görək. Qazaxıstanla oyun çox çətin, ağır keçəcək. “Braziliyalılar”sız gəlsələr də, kifayət qədər güclü komandadı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət