Müdrik qocanın cavabı
Bir dəfə bir qoca şəhərin girişində oturub, gəlib-gedənə baxırdı. Bir gənc ona yaxınlaşıb soruşdu:
— Bağışlayın, bir sualım olacaq. Mən indiyənə qədər bu şəhərdə heç olmamışam. Deyə bilərsinizmi, buranın sakinləri necə insanlardır?
Qoca onun sualını sual ilə qarşıladı:
— Bəs sənin yaşadığın şəhərdə necə insanlar yaşayırlar?
— Onlar çox özündənrazı və zalım insanlardırlar. Buna görədir ki, mən oradan qaçıb getdiyimiə sevinirəm.
— Sən burada da belə insanlarla rastlaşacaqsan, – deyə qoca cavab verdi.
Bir az keçmişdi ki, qocaya başqa bir nəfər eyni sualla yaxınlaşdı.
— Ağsaqqal, – dedi bu adam. – Deyə bilərsənmi bu şəhərdə yaşayanlar necə insanlardırlar?
Qoca bu ikinci şəxsə də eyni sualı verdi:
— Oğlum, bəs sənin gəldiyin yerlərin insanları necə insanlardırlar?
— Gəldiyim yerin insanları çox xeyirxah, geniş qəlbli və qonaqpərvər insanlardı. Oradan ayrılmaq mənə heç də asan olmadı və o yerlərdə mənim çoxlu dostum qalıb.
— Sən bu şəhərdə də oradakı insanlar kimi insanlarla rastlaşacaqsan, – deyə qoca cavab verdi.
Yaxınlıqda dəvələrini sulayan bir tacir qocanın iki yad adamla söhbətinə qulaq qonağı olmuş və hər iki söhbəti eşitmişdi. İkinci adam gedən kimi o, qocaya yaxınlaşır və marağını gizlətməyib soruşur:
— Ağsaqqal, sənə elə gəlmədi ki, iki eyni suala fərqli cavablar verdin?
— Oğlum, – dedi qoca. – Hər bir insan qəlbində öz dünyasını daşıyır. Daha əvvəl yaşadığı yerlərdə yaxşı heç nə tapmayan insan, burada da heç nə tapa bilməyəcək. Tam tərsinə, gəldiyi yerdə çoxlu dostları qalan burada da sadiq və gözəl dostluqlar quracaq. Həqiqətən də, bizi əhətə edən insanlar biz onlarda nə görürüksə, ona da çevrilirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət