Moskva təsdiqlədi: Qafqazda sərhədlər rəsmən dəyişdi
Rusiya Konstitusiya Məhkəməsi İnquşetiya və Çeçenistan arasında sərhədlərin müəyyən edilməsi haqqında razılaşmanın konstitusiyaya uyğun olduğunu təsdiqləyib.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb. Məlumata görə, iclasda məhkəmə İnquşetiya rəhbəri Yunus Bek Yevkurovun müraciəti əsasında müqavilənin qanuniliyini müəyyənləşdirməyə çalışıb. İclasda Yevkurovla bərabər Çeçenistan rəhbəri Ramzan Kadırovun da nümayəndələri iştirak edib.
İnquşetiya Konstitusiya Məhkəməsinin sədri Əyyub Qaqiyev məhkəməyə gəlməkdən imtina edib. Buna səbəb kimi o, müqavilənin təsdiqlənməsinin Rusiya Konstitusiya Məhkəməsi yox, İnquşetiya Konstitusiya Məhkəməsinin səlahiyyətində olmasını göstərib.
Qeyd edək ki, Çeçenistanla İnquşetiya arasında sərhəd mübadiləsi müqaviləsi 26 sentyabrda imzalanıb, 4 oktyabrda isə bunu parlament təsdiq edib. Nəticədə respublikada genişmiqyaslı etiraz aksiyaları start götürüb. İnquşetiya Konstitusiya Məhkəməsi isə müqaviləni ləğv edərək, bunu qanunsuz adlandırıb. Bundan sonra Yevkurovla Konstitusiya Məhkəməsi arasında mübahisələr yaranıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət