Slimfit
  1. TEXNOLOGİYA

Mobil operatorlardan pulsuz internet təklifinə cavab

Mobil operatorlardan pulsuz internet təklifinə cavab
Sakura

Mobil operatorlardan pulsuz internet təklifinə cavab

Hər üç şirkət koronavirusla mübarizəyə dəstək verdiyini bildirir, lakin pulsuz internet hələlik müzakirə mövzusu deyil

 

Xəbər verdiyimiz kimi, iqtisadçı-alim Qubad İbadoğlu mobil operatorlara təklif irəli sürüb. Təklif edib ki, “Azərcell”, “Bakcell” və “Nar” mobil operatorları, COVİD-19 pandemiyası ilə bağlı əhalinin evdə qalmasını stimullaşdıarmaq üçün mobil operatorlar müştərilərinə hər ay 50 gigabit internet paketi hədiyyə etsin. Eyni zamanda, “Bakinternet”, “Citynet” və digər internet provayderlər yaxın 3 ayda tariflərində 50 faiz endirim etsin.

 

“Hesab edirəm ki, bu, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamında nəzərdə tutulan özəl sektorun sosial məsuliyyət təşəbbüslərinə ən yaxşı töhfə olardı”, - o bildirib.

 

AYNA təkliflə əlaqədar mobil operatorlara sorğu göndərib. “Azercell” şirkətindən açıqlama verilib ki, şirkət tərəfindən hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 manat məbləğində pul vəsaiti yüklənilib: “Mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “qaynar xətt”inə (1542) zənglər ödənişsizdir”.

 

“Bundan əlavə, şirkət mövcud vəziyyətdə ölkə iqtisadiyyatına və əhalinin rifahına dəstək olmaq məqsədilə sosial məsuliyyət təşəbbüslərini davam etdirir. “Azercell” tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayrılıb”, - deyə şirkətdən vurğulanıb.

 

“Bakcell”dən verilən məlumatda da koronovirusun yayılması ilə əlaqədar olaraq şirkətin ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulduğu bildirilib: “Şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planı hazırlayıb və koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manatlıq ianə edib”.

 

“Bununla yanaşı, ölkədə COVID-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə yönəlmiş tədbirləri dəstəkləmək məqsədilə “Bakcell” Azərbaycana ən son tibbi avadanlıq və vasitələrin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-test əldə olunub. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim olunacaq”, - deyə şirkətdən bildirilib.

 

“Bakcell”dən, həmçinin karantində olan vətəndaşlar və onlara qayğı göstərən tibb işçiləri üçün xüsusi kampaniyalar hazırladığı deyilib: “Şirkətin əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq. Həmçinin, 103 təcili tibbi yardım xidmətinə və TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zənglər də bütün “Bakcell” abunəçiləri üçün tamamilə pulsuzdur”.

 

 

“Nar” da öz növbəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkədə yaradılan koronavirusla mübarizəyə dəstək fonduna yarım milyon manat ianə etdiyini qeyd edib: “Bu gərgin vaxtlarda Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edərək, TƏBİB ilə birlikdə ölkə ərazisində pandemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil etdik. Bundan əlavə, ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün 1542 qaynar xətt nömrəsinə edilən zənglər də tərəfimizdən tamamilə ödənişsizdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR