Dərc edildi: Baxış sayı: 626
Mirzə Həsən Yüzbaşov-Qarabaği - Ey gül, səni bilməm necə ustad çəkibdir
Ey gül, səni bilməm necə ustad çəkibdir,
Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Guya qələm-i qüdrət ilə sanə-i biçun,
Bu nəqşi özü eyləyib icad çəkibdir.
Min səy ilə hərgiz bələ təsvir-i dilara,
Nə Mani-yi Ərisəngü, nə Bəhzad çəkibdir.
Hər bir vərəqin görcək onun könlüm olur şad,
Əzbəs bu gülü ustası çox şad çəkibdir.
Hər divsifət görsə bunu bağrı olar qan,
Guya ki, bu təsviri pərizad çəkibdir.
Gördükçə bunu könlüm olur qüssədən azad,
Bu nəqşi məğər bir qəd-i şümşad çəkibdir?
Nəqqaşı bunu səy ilə təsvir qılan dəm,
Dil mürğünü seyd etməyə səyyad çəkibdir.
Tənha nə Həsən dad çəkər çərxin əlindən,
Çərxin sitəmindən hamı fəryad çəkibdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət