Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Hekayəti xırsi-quldurbasan/İkimci məclis

Mirzə Fətəli Axundzadə - Hekayəti xırsi-quldurbasan/İkimci məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Hekayəti xırsi-quldurbasan/İkimci məclis

İKİMCİ MƏCLİS

Vaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir.
Bayram (yalqız). A kişi, ov da ələ düşmür; nə bir ceyran var, nə
bir turac var; bir dovşan da barı rast gəlmir ki, bir tüfəng atam. Ürəyim
darıxır. Nə yaman bəxtim var imiş, mənim! Tutalım ki, Pərzad məni
sevir, əlindən nə gələcək? Əmisinin əmrindən çıxamı biləcək, tamam
obanın öhdəsindən gələmi biləcək? Qız tayfasının xahişinə məgər
bizlərdə qulaqmı asarlar? Ümid yoxdur, iqbalım gətirməyəcək. Zalxa
etdiyi vədini bitirməyə cürət edə bilməyəcək. Namaz bir tamahkar,
şeytanfikir adamdır. Heç vaxtda Tarverdi kimi dövlətli adamı ələ salmaq
istəməyəcək. Pərvərdigara, necə edim, bu dərdə necə tablaşım.
Nə tövr səbr edim, necə aram tutum, necə bu qüssədən dincələ bilim?
Ax, nə xışıltı səsi gəlir?! Gərək ki, bu kolun dalısındadır. Canavar
olacaq, gedim bəlkə güllə ilə vura bilim, elə bilim ki, Tarverdinin böyrəyinə
güllə vururam (Gedir).
Bir az sonra Tarverdi yoldaşları ilə yetişib, bellərini əyib, sinə-sinə o yana-bu
yana baxırlar.

T a r v e r d i . Tss... tss... ehtiyatlı olun, gərək ki, yoldan gələn var!
Oruc. Var, var. At ayağının tappıltısı gəlir. Vəli, tüfəngin çaxmağın
yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq!
T a r v e r d i . Dayanın, dayanın! Belə bilirəm ki, tüfəng atmasaq
yaxşıdır.
Və l i . Necə tüfəng atmasaq yaxşıdır? Onda necə soymaq olar?
Sonra gərək əliboş obaya qayıdaq, tamam xalqı üstümüzə güldürək!
T a r v e r d i . Nə səbəbə xalq üstümüzə güləcək? Deyərik ki, yola
çıxdıq, çox gözlədik, heç kəsə rast gəlmədik.
Və l i . Buna heç kəs inanmaz. Mən bunu edə bilmənəm.
T a r v e r d i . Edə bilməzsən, bəs mən də köməksiz fəqir-füqəranın
üstünə tökülə bilmənəm! Mən belə günah işə qoşulmayacağam!
Adamda rəhm, mürüvvət yaxşı şeydir. Doğrusu budur ki, mən qayıdacağam.
Mən qalmıram, gedirəm!
Və l i . Yavaş, əzizim, çox gec başa düşübsən. Allaha and olsun,
əgər ayaq geri qoyasan, şeytanını çəkib qarnını tüstü ilə doldurram.
Sarsaq balası, sarsaq özün yalvarıb bizi bura gətirmisən, indi bizi
qoyub getmək istəyirsən?

T a r v e r d i . Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin
xeyriniz üçün deyirəm ki, geri dönək; Bəlkə yol adamı bizdən çox oldular,
bəlkə bizim kimi qoçaq adamlar oldular; tükümüzü töküb qolqanadımızı
qırarlar.
Və l i . Quşdan qorxan darı əkməz. Indi bu fikirləri eləmək vaxtı
deyil! Yoldan ötənləri gərək əyliyək. Sən də bizim ilə gərək bir yerdə
olasan; yoxsa, görərsən! Istirsən sabah aləmi bizə güldürəsən? Ayaq geri
qoysan, bütün tüfəngi sənə boşaldacağam. (Tüfəngi ona sarı çevirir).
T a r v e r d i . Allahu əkbər, bizə qorxaq deməsinlər deyin, gərək
özümüzü bəlaya salaq?! A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm;
sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik
nədir? Igidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu
qaçmaqdır, birisi heç gözə görünməmək. Mən deyirəm ki, bu iki işin
hansına əməl edirsiniz edin.
Və l i . Bəsdir, çox vəz vermə! Görürsənmi yuxarıda bir zad qaralır?
O, yoldan gələn olacaqdır.
T a r v e r d i (əyilib baxır). Doğrudan gələn var. Görəsən kimdir?
Vallah gəlir! Bilirsinizmi, siz qabağa gedin, mən sizin dalınızı saxlıyım.
Və l i . Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək
görək, kimdir gələn. Ey, Tarverdi, vallah əgər qaçasan, obanın içində
də haqqına fikir çəkərəm, özün bil!
Tarverdi və sonra nemsə Fok.
T a r v e r d i . Di gör, sevgililiyin axırı belə olar! Heç fikrimdən
keçərdi ki, quldur olacağam, yol kəsəcəyəm, aləmə zəlzələ, vəlvələ
salacağam? Pərvərdigara, sevgi nə yaman olurmuş?
F o k . Mən çox yaxşı elədim ki, arabadan düşdüm, bir az piyada
yeridim, çiçək dərdim. Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var. Bunu
Mariya Adamovnaya peşkəş edəcəyəm. (Qəflətən gözü Tarverdiyə
sataşıb) Ax, dədəm vay! Bu kimdir? Vay aman! Allah, sən saxla!
T a r v e r d i . Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyliyiblər;
kuçer3 qaçıb özün kolluğa saldı. Barakallah, qoçaqlarım, necə iş
gördük! (Qəflətən gözü Foka sataşıb). Ey vay, tarı! Yaman yerdə gün
axşam oldu! Bu kimdir görəsən? Fok. Ey vay bu quldur olacaqdır!
Yəqin məni öldürəcək! (Başlayır titrəməyə).
T a r v e r d i . Ey, yəqin bu adam da quldurluğa çıxıbdır, çiynində
tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. (O da başlayır
titrəməyə).


F o k . Mariya Adamovna, Mariya Adamovna. Sən hardasan!
T a r v e r d i . Yaxşı Pərzadı aldıq, yaxşı toy elədik, farağat, rahat
duracağımız yerdə özümüzə iş qayırdıq!
F o k . Allah, necə heybətlidir!
T a r v e r d i . Allah, tüfəngi necə uzundur! Heç bir belə uzun tüfəng
görməmişəm.
F o k . Yaxşısı odur ki, bir tərəfə qaçam!
T a r v e r d i . Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib
atdı. Vaxt ikən bir tərəfə yayınım.
Hər ikisi birdən qaçırlar. Qəflətən bir-birilə toqquşurlar. Hər ikisi kisəsini çıxarıb
bir-birinə uzadır.
T a r v e r d i . Vallah, mənim var-yoxum budur, al, məndən əl çək!
F o k . Vallah bundan artıq tamam səfərimdə bir zad qazanmamışam;
al, məni burax!
T a r v e r d i . Allahı sevirsən, məni qoy obaya qayıdım.
F o k . Amandır, məni öldürmə, yazığam!
T a r v e r d i . Bəs sən quldur deyilsən?
F o k . Mən bir fəqir nemsəyəm. Sən kimsən?
T a r v e r d i . Mən kiməm? Qurumsaq? Görmürsən ki, mən qulduram!
Mənim kolluğun içində iki yüz yoldaşım yatır! Siz necəsiniz?
F o k . Mən bircəyəm!
T a r v e r d i . Di bəs tez qaç, yoxsa bu saatda səni öldürrəm!
F o k . Doğrumu deyirsən ki, sən yalqız deyilsən?
T a r v e r d i . Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir?
F o k . Ax, tarı, tamam var-yoxum qarət olacaq! Ax, Mariya Adamovna!
Mariya Adamovna! Bu necə bədbəxtlik idi üz verdi. Biz bundan
sonra necə edəcəyik? (Ağlayır).
T a r v e r d i . Yoldaşlarım yaxınlaşırlar, di itil cəhənnəmə, tez qaç,
yoxsa bu saatda qarnını tüstü ilə doldurram!
F o k . Ax, Allahı sevirsən, dayan, bu saatda qaçım. (Başlayır qaçmağa).
T a r v e r d i (yalqız). Necə qorxutdum! Mənim kimi zalım olarmı?
Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı.
Bu halda Vəli və Oruc arabaya qoşulan atı cilovundan çəkirlər, arabada iki sandıq var.
T a r v e r d i . Ay uşaqlar hamısı qaçdılarmı?

Və l i . Xatircəm ol, hamısı qaçdılar!
T a r v e r d i (gülə-gülə). Necə qorxaq imişlər. Belə adamlar da var
dünyada? Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var?
Və l i . Arabada iki böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən,
Tarverdi, tez oları sındır, içinin şeyin bir yerə yığ. Mən, Oruc gedək,
arabanın atlarının birinə güllə dəyib, iki yaxşısı kolluğa qaçdı tutaq
gətirək, şeyləri yükləyək aparaq.
T a r v e r d i . Çox yaxşı, siz gedib atları qaytarın, mən bu saatda
sandıqları sındırıb, şeyləri bir yerə yığaram; amma tez qayıdın, burada
çox dayanmaq olmaz, qorxuram üstümə adam tökülə, əlimdən nahaq
qan çıxa.
Və l i . Axmaq danışma, sarsaq! Sən bir toyuq öldürə bilməzsən.
Tək özün qaçma; adam öldürməyini sənə bağışladıq!
Oruc. Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç!
T a r v e r d i . Baş üstə.
Vəli, Oruc cəld uzaqlaşırlar.

T a r v e r d i (yalqız). Genə mən yalqız qaldım. Zərəri yoxdur.
Kimdən qorxacağam? Mal yiyələrini qaçırmışıq. A gədə, nə böyük
sandıqlardır! Yəqin içindəki tamam taftadır. Pərzad elə yaşı olduqca
tafta tuman-köynək geysin. Qurumsaq Namaz yarısını indi məndən
istəyəcək. Qələt eləyir! Nə qayırıbdır ki, yarısını ona verim! Bəlkə
sandıqların içindəki tirmə şaldır ya padşahlıq puludur? Tez bir baxım,
görüm nə var? (Yavuqlaşır sandıqlara). Sandıqda deyəsən bir zad
təpənir. (Sandığın qapağın qalxızır, birdən bir meymun sandıqdan dişqarı
sıçrayır). Allahu əkbər, bu nədir? Sandıqda meymun nə qayırır?
Belə də sövdəgər malı olurmu? Belə zibil ilə alış-veriş edən sövdəgərlər
də dünyada varmış? (Meymun ona dişin qıcıdır). Ax köpək
oğlunun malı, nə mənə dişin qıcıdırsan? (Meymun onun təqlidin gətirir).
Bax, bax mənim təqlidimi gətirir! Yaxşı oldu, bunu Pərzada peşkəş
aparram. Qoy bunu görsün, sevinsin. Necə tutum? Ey, meymun,
qorxma, yaxın gəl! (Yeriyir meymuna sarı; meymun qabağından tullanır).
Bax, bax, köpək oğlunun malı, az qalmışdı mənə toxuna! Yavaş,
mən gör necə səni tuturam! (Qaçır meymunun dalısınca; meymun
qabağından o yana-bu yana tullanır; sonra ağaca çıxır; başlayır onun
təqlidini gətirməyə). Bax, bax, fikri budur ki, mən onun dalısınca aqaca
çıxam. Necə şeytan meymundur! Of, qəribə yoruldum, bu necə sarsaq

sövdəgər imiş ki, meymunu arabaya qoyub gəzdirir? Mən elə bildim,
bu evi yıxılmış ağıllı-başlı mal aparır satmağa, üstünə düşüb soyduq.
Mən nə bilim ki, o belə nadürüst imiş ki, bizim oxumuzu boşa çıxartdı.
Necə ürəyim darıxır! Amma əliboş evə qayıtmaq olmaz. Görüm o
birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində
ağıllı-başlı mal var. Qapağı da nə yekədir? (Qapağın sındırır) Ax, pərvərdigara,
nə xırıltı gəlir! (Qapağı qalxızır, bir ayı çıxıb, onu süpürrəyir).
Ey vay, ayı! Ay Namaz! Ay Zalxa! Ay Pərzad! Evim yıxıldı! Ay haray,
ay aman! Kömək edin, ay Allahı sevən, dadıma yetişin! Vay aman,
qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam! Tövbə
olsun, tövbə, tövbə! Of, Alalh, sən qurtar! Allah, sən dada yetiş! Heç
vaxt belə yola dəxi getmənəm.
Ayı onun üzün cırıb yıxır yerə, sıçrayır, belinə, başlayır övkələməyə, boğmağa.
Bu halda Bayram təpənin üstündə zahir olur.
Bayram. Nə səs gəlir? Yəqin ayı adam boğur.

T a r v e r d i (qaim səslə). Ay Allahı sevən, kömək elə, məni qurtar!!
Bayram tüfəngi üzünə götürüb ayını nişana edir, atır. Tüfəng boşalanda güllə ayını
Tarverdinin üstündən tullayır. Ayı tez qalxıb tüstü sarı yüyürür, girir kola, gözdən itir.
T a r v e r d i (yerdə yıxılmış). Ay Allah, görəsən güllə mənə dəymədi
ki? Xeyr, inşallah dəyməyibdir. Durum qaçım. (Tez qalxıb qaçır).
Bayram (enib, arabaya yaxın gəlir). Bu nə arabadır? Bu ayı, bu
adam bura haradan düşmüşdür? Mən belə bilirəm ki, ayını yaraladım, qan
iz salıbdır. Ayı görəsən hara getdi? Bəs o qurtardığım adam necə oldu?
Bu halda divanbəyi, kazaklar və dilmanc hazır olurlar.
D i v a n b ə y i . Genə quldurluğa başlayıblar. Ay kazaklar, ikiniz bu
yerlərə baxın, ikiniz atları tutun! O qalanınız bu qoçağı bağlasın!
Bayram. Məni bağlasınlar! Allahı sevirsən, belə buyurma,
mənim nə təqsirim var?!

Divanbəyi. Necə təqsirin yoxdur? Bəs bu sınmış sandıqlar, soyulmuş
araba, tüfəng atılmaq təqsir deyil? Nə vaxtadək zakona müxalifət
edəcəksiniz, ümənayi-dövlətin əmrindən çıxacaqsınız? Nə qədər ağlınız
və fikriniz az olsa da, barı başa düşün ki, rus dövləti sizi ləzgidən
və qaçaqlardan mühafizat edir.4 Barı bu işin şükranəsinə nizama tabe
olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız? Eh, səninlə danışmağın
nə faydası var! Hanı sənin yoldaşların?

Bayram. Mənim heç yoldaşım yoxdur!
D i v a n b ə y i . Bu arabanın atları hanı?
Bayram. Bilmirəm.
D i v a n b ə y i . Köhnə peşənizdir; bilmirəm, görməmişəm! Sən
belə xəyal edirsən ki, “bilmirəm” deməklə canını qurtaracaqsan?
Bayram. Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim.
Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm
yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum,
yaraladım. Mən bundan başqa bir zad etməmişəm.
D i v a n b ə y i . Bəli, yaxşı danışırsan. Istəyirsən ki, bu sözlər ilə
məni başdan çıxarasan? Iş aşikardır, sən tutulubsan təqsir vaqe olan
yerdə. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən!
Bayram. Mən həqiqəti ərz elədim.
D i v a n b ə y i . Oğlan, mənim sənə yazığım gəlir. Görükür ki, bir
cavan, xoşsurət oğlansan. Bilirsən ki, yaraq və əsbabla tutulan quldura
nə tənbih, nə nəsəq var?
Bayram. Əlbəttə, bilirəm? Tənbihi dar ağacıdır.
D i v a n b ə y i . Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, barı
ata və anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi?
Bayram. Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa ki, bir sevgilim var.
D i v a n b ə y i . Bəs boynuna götürürsən?
Bayram. Mənim heç təqsirim yoxdur ki, boynuma götürüm.
D i v a n b ə y i . Mən belə munkir adam görməmişəm. Uşaqlar,
bunun qollarını bərk dalısında bağlayın! Muğayat olun ki, qaçmasın,
yoxsa siz cavab verəcəksiniz! Oğlan, obanız burdan nə qədər olar?
Bayram. Bir ağac.
D i v a n b ə y i . Biz ora gedirik. Gərəkdir tez işi isti ikən həqiqət
eləmək; amma hələ gərək bir dəftərxanaya getmək. Allaha şükür, iş o
qədər var ki, bilmirsən hansını qurtarasan. Dilmanc hardadır?
Di lma n c . Burdayam, ağa!
D i v a n b ə y i . Gedək. Allah, bu necə qulluqdur? Gərək hamı zada
cavab verəsən. Hər gün canından keçəsən. Amma bu axmaqlar genə
anlamırlar ki, bulardan ötrü bu əzabı çəkirik. Yasavullar, gətirin bu oğlanı
mənim dalımca!


Hamısı gedirlər. Bundan sonra məclis xali qalır. Meymun ağacdan enir, başlayır
tullanmağa, bir azdan gözdən itir.
Pərdə salınır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR