Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Sonuncu fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Sonuncu fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Sonuncu fəsil

ƏSƏRİN MÜƏLLİFİ KAPİTAN MİRZƏ ADIGÖZƏL BƏYİN
TƏRCÜMEYİ-HALI

Bu əsərin müəllifi - kapitan Mirzə Adıgözəl bəy bin Haqverdi bəy bin Adıgözəl ağa öz tərcümeyi-halını bu cür yazır: Qarabağda anadan olmuşam. Şuşa məktəbində oxuyurdum. Bu zaman Ağa Məhəmməd şah Şuşa qalasının üstünə gəlib mühasirəyə aldı. El və camaat ilə köçüb Gürcüstan vilayətinə pənah apardıq. O zaman mərhum vali İrakli xan bizlərə hörmət etdi. San Kilsə adlı yerləri qışlaq və əkənəcək üçün bizlərə verdi. Azuqə və toxumla təmin etdi.

O vaxt Ağa Məhəmməd şah Şuşanı ala bilmədi. O, Cavad xan və Məlik Məcnunun məsləhət və vədlərinə etibar etdi. Tiflis üzərinə yeriməyi qərara aldı. Biz bildikdə Sarı Kilsədən köçüb getdik, Tiflisin yuxarısında olan Qocor dağında gizlənmək fikrinə düşdük. Bu zaman xəbər çıxdı ki, Ağa Məhəmməd şah Alget çayı kənarında düşmüşdür. Qocorda tab gətirməyib yaylaq yolu ilə Kartilə yetişdik. Buradan Axalkalak kəndinə getdik. Gördük ki, əhali mal və heyvanlarını tamamilə yerbəyer qoyub özləri qaçmışlar. Adam tapıb ondan əhval tutduq. Dedi ki, şah keçən gün Tiflisi almışdır. Bizlər də o saat köçüb, Kür çayı boyu ilə yuxarı qaçdıq. Gördük ki, Körpü şəhərində də adam qalmayıbdır. Oradan Kartil kəndinə getdik. Gördük orada da abadanlıq yoxdur. Axırda bu yerlərdə durmağı çətin hesab etdik. Qaçıb şamağacı meşəsinə girdik. Bir yol tutub getdik, hansı tərəfə getdiyimizi bilmirdik. Üç gün üç gecə, heç bir yerdə dayanmadan getdik. Dördüncü gün bir səhraya yetişdik. Gördük (burada) abadanlıq var. Xəbər aldıq, belə cavab verdilər ki, (bu yer) Axısxa torpağıdır. Orada durduq. Bu əsnada Qars və Şoragil qoşunları gəlib bizi qarət etdilər. Sonra Axısxa paşası Şərif paşa bizləri kəndlərdə yerləşdirdi. O qışı orada qaldıq. Bir osmanlı mollasından osmanlıca yazıb-oxumağı öyrəndim. Yay fəslində oradan Gürcüstana köçdük. Məlik Əbu yanında Bolis adlı yerdə sakin olduq. Qarət edilib dağınıq düşən elimiz də bir-bir yığıldı, bir camaat oldu. Bu qayda ilə orada dolanmaqda ikən, İrakli xan vəfat etdi. Oğlu Gürgin (Georgi) xan Gürcüstan valisi oldu. O, böyük imperatordan  kömək istəyib qoşun gətirtmişdi. Başçıları general-mayor Lazarev və ministr Kovalenski  idi. Sonra vali başqa fikrə düşdü. Öz bacanağı və eşikağası Aslan bəy Orbelianini sultanın qulluğuna göndərmək istədi. Ministr Kovalenski bunu başa düşüb valinin mirzələrinə etibar etmədi. Osmanlıca kağız oxuyan bir adam axtardı. Məni (ona) nişan verdilər. O məni qulluğuna çağırdı. (Mənim) əlimlə gizli olaraq, Axısxa paşası Nayib paşaya bir çox kağızlar yazdırdı. Bunun nəticəsində Aslan bəyi geri qaytardılar. Ministr mənə mərhəmət edib məvacib təyin etdi. 

Vali öldü , Gürcüstan uca (Rusiya) dövlətinin hakimiyyəti altına keçdi. Bu vaxta qədər mən gizli qulluq edirdim. Mən dövlətin baş məmurları qulluğunda olurdum. Sonra general-mayor Lisaneviç Pənbək və Şoragüdə müdir və rəis olub məni apardı . On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçik rütbəsi (çini) verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan  izn alıb Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim. Mehdiqulu xan cənablan qədim yerlərimizi, onlardan əlavə bir çox yer, mülk və rəiyyət də mənə mərhəmət buyurdu. Məzkur xan sərhədin o tərəfinə getdikdə dövlət başçıları məni "İyirmi dörd" mahalına naib təyin etdilər. Sonra general Yermolov ilə Hüseyn xan sərdar arasına mübahisə düşdü, sərhəd məsələsi üstündə çəkişmə əmələ gəldi. Bizim sərhədi mühafizə etmək üçün, bir batalyon (soldat) və əlli qazaq təyin edildi. Sonra Yermolov komendanta yazdı: "Kapitan Mirzə Adıgözəl bəyi də sərhəd mühafizi təyin etmişəm". 

Bu qoşunlar həmişə yanımda və elat da hökmüm altında idi. Üç il, ta avqust ayının 25-ci gününəcən, bu qayda ilə keçdi: sərhəddə bəylər təyin edib, qarovullar qoyurdum. Hüdudu mühafizə etməklə məşğul olurdum. 1826-cı ildə daha batalyon vermədilər. Bir ofisərlə altmış nəfər soldat, iki yüz elat atlısı və yüz nəfər erməni çəriki (əsgəri) götürüb sərhəddə durduq. Bu zaman qarapapaqlar Göyçədə idilər. Onlardan bir neçə nəfəri mənimlə sirdaş olmuşdu. (Onlar) mənə xəbər verdilər ki, qızılbaşlar sülhü pozub dava etmək fikrindədirlər. Mən bu əhvalatı yerliyerində, dəfələrlə komendant mayor Çilyayevə yazdım. Axırda Çilyayev mənə yazdı: "Siz mənə yazırsınız, mən də məcbur olub general Yermolova xəbər verirəm. O cənab da mənə məzəmmət yazır, (halbuki) mənə də yəqin olubdur ki, qızılbaşlar sülhü pozmaq fikrində olub müharibəyə hazırdırlar. Yanınızda olan poruçik Makarova yazmışam ki, nə vaxt kapitan Mirzə Adıgözəl bəy sizə bildirsə, Qalaya (Şuşaya) gələrsiniz. Qızılbaşlar düşmənçiliyə başladıqları zaman siz də əfsəri yola salın. Özünüz də elatı möhkəm bir sığnağa çəkib oturun". 

Mən yazdım ki, bu xalq sığnaq edib mənimlə səngərdə durmaz; çünki Mehdiqulu xan o tərəfdədir , onun yanına gedərlər. Siz məni mürəxxəs edin, ya Qalaya (Şuşaya) gəlim, ya da Tiflisə gedim. Komendant razı olmayıb buyurdular ki, siz gərək el içindən çıxmayasınız. 

Xülasə, bir vaxt Bazərgan bulağında durmuşduq. Bu zaman Kolani Əliməhəmməd adlı birisi gəlib mənə dedi: "Ayağa dur, səninlə xəlvəti bir sözüm var". Durub bir dərəyə düşdük. O, cibindən çoxlu kağız çıxarıb mənə verdi. Gördüm ki, hamısı Mehdiqulu xanın məktublarıdır. Bütün bəylərə, yüzbaşılara və kətxudalara yazıbdır. Mənə də yazıb ki, Naibüssəltənə Gorusda olan batalyonu qırıb, yerdə qalanı əsir etmişdir. Sən də yanında olan soldatı tamam-kamal, şahzadə Naibüssəltənənin (Abbas Mirzənin) - ruhumuz ona fəda olsun - hüzuruna gətir, hədsiz lütf və mərhəmətə yetişərsiniz, daimi maaş alıb dövlət sahibi olarsınız. 

Mən bu kağızı oxuyunca əhvalım dəyişdi. O saat gəlib məzkur əfsəri bu əhvalatdan xəbərdar etdim də (dedim): "Gərək siz bu gecə gedəsiniz". Əfsər də çox qorxuya düşüb dedi: "Mən bu dağlardan, qayalardan, yollardan və Kolani tayfasının içindən necə keçəcəyəm?" 

Mən ona tapşırdım: bu sözləri kimsəyə deməyəcəyəm. Sən axşam yalandan bir kağız oxu, mənə də və xalq arasında yay ki, guya padşahlıq ilxısı Çiləbördə gəlibdir. Sənə hökm olubdur ki, gedib ona qarovul olasan. Gərək bu gecə otuz ulaq hazır olsun. Mən deyərəm: Sən belə tez getmək istəyirsən, halbuki (obalar) uzaqdadır. Əgər az ulaq istəsən, yanımda olan süvarilərin atlarından alıb sənə verərəm.

Xülasə, əfsər 8 at istədi. Yanımda olanlardan alıb ona verdim və dedim: "Axşamdan bir saat keçmiş yola düş. Səhər açılıncaya qədər böyük yerlərdən keçib Həsənrız kəndinə get. Orada durma, tez koxadan atlar alıb ilxı bəhanəsilə yola düş. Bütün soldat şeylərini və başqa azuqələri kilsədə qoy, hər yerdə meşə ilə gedərək özünü Qalaya yetir". 

Bu qayda ilə yaxşı göstərişlər verib əfsəri yola saldım. Özüm isə orada qaldım. Sabahı, günortaçağı xalqa da xəbər oldu.

Onlar dəstə-dəstə gedərək, (bir-birlərinə) "rus qaçıb" deyirdilər. Mən onlara dedim: "Rus padşahlıq ilxısını mühafizə etmək üçün gedibdir". Xülasə, o qədər qaldım ki, təxminən soldat qorxulu yerlərdən ötüb getdi. Sonra mən xalqa nəsihət edib (dedim): "Sisianov İrəvana gedən ildə Qazax və Borçalı əhalisi Rusiya dövlətinin gücünə bələd deyildilər. Onlar da sizin kimi asi oldular. Sonra isə peşmançılıq çəkdilər. İndi siz də o cür bir vəziyyətdəsiniz. Çalışın bu cür əsassız bir işdə aldanmayın və sədaqətinizi itirməyin".

Bu sözləri dəfələrlə onlara deyib öz evimə tərəf getdim. İstədim ki, özümü Gəncədəki soldatlara yetirim, oradan da Tiflis şəhərinə gedim.

Bu zaman xəbər gəldi ki, gəncəlilər dönüklük və qızılbaşlar da Tiflis tərəfinə hərəkət etdilər. Bu işlərdən də naümid və məyus olub yenə elatın içinə gəldim. Orada hər gün şahzadə və xan tərəfindən mənə məkrub gəlirdi. Məkrublarda deyilirdi: "Bütün vilayətlərin xalqı gəldi, siz nə səbəbə gəlmirsiniz". Mən onların hər birini bir bəhanə ilə dəf edərək vaxtı uzadırdım. 

Nəhayət, bir gün istədim ki, elatın içinə gedib yenə onlara nəsihət edim. Əlirza yüzbaşının evində qonaq idim. Bir nəfər gəlib mənə xəbər verdi ki, evində qonaq olduğun bu yüzbaşı adam göndəribdir ki, Xanlar ağadan əlli nəfər kürd atlısı alıb gətirsin. Səni tutub şahzadənin hüzuruna aparsın. Mən bu sözü eşitdikdə çox fikrə gedib təşvişə düşdüm. Fikrim bu oldu ki, qolubağlı getməyim. Sonra düşünüb qardaşlarımın dilindən bir məktub yazdım. Naməlum bir adama verdim ki, gecə gətirib mənə versin. Məzkur adam bu kağızı aparıb bizim ailəmiz tərəfindən Qaraqoyunlu obasına yetirir. Deyir ki, bu kağız Mirzə Adıgözəl bəyə çatacaqdır, qardaşları göndərmişdir. Lakin mənim atım yorulubdur, mən gedə bilmirəm. Gərək bu kağızı siz aparıb ona verəsiniz.

Gecəyarısı mən fikir etməkdə idim, gördüm yüzbaşı deyir: "Sən kimsən?", o biri cavabında: "Kağız gətirmişəm". 

Yüzbaşı kağızı alıb (gətirdi). Ayaqlarımdan tutub məni oyatmaq istədi. Mən heç yatmamışdım, fikrə getmişdim. Xülasə qəsdən oyanıb dedim: "Nə xəbər var?" Dedi: "Mən adamları yığıb sizə keşikçi qoyurdum ki, sizə güllə atıb bir sədəmə toxundurmasınlar". Halbuki mənim qəsdimdə olan o özü idi.

Xülasə, yüzbaşı mənə dedi ki, çıraq gətirin, oxuyun görək bu nə kağızdır. Mən dedim səhər oxuyaram. O təkrar etdi ki, gərək indi oxuyasız, məlum olsun nə xəbər var. 

Çıraq gətirdi, kağızı açıb oxudum, şad olub dedim: "Atı hazır edin, getməliyəm". Yüzbaşı (mətləbi) xəbər aldı. Dedim: "General Madatov Gəncəyə gəlib məni istəyibdir. Yermolov da Şəmkirə gəlmişdir."

Onlar sakit olub atı gətirdilər. Yüzbaşı xahiş etdi ki, kağızı ona verim, sabah xalqa göstərsin. Çəkinib kağızı ona verdim. Özüm ata minib yola düşdüm. Yenə düşündüm ki, Tiflis tərəfinə qaçım. Bu halda Verdiyev adlı bir erməni mənə rast gəldi. Xəbər verdi ki, Uğurlu xan  gəlib Gəncədə xan olmuş və rus qoşunu da getmişdir. Şəmkir, Şəmsəddinli və Qazax əhalisi də itaətə gəlmişdir. Bu xəbərləri eşitdikdə naümid oldum və çox iztirabla Allah-taalaya pənah aparıb (orada) qaldım. 

Mehdiqulu xandan bir kağız gətirdi. (Onlar bu vasitə ilə) mənim ürəyimi ələ alaraq hüzura çağırırdılar. Mən istədim üzr gətirib getməyim. İsmayıl gizli olaraq mənə bir kağız göstərib (dedi): "Hərgah getməsəniz, gərək bu kağızı xalqa verim". 

Gördüm ki, Naibüssəltənə yazıbdır: "On iki gündür ki, Qala (Şuşa) üstündəyəm, bütün aləm, hətta Şirvanat, Gəncə və bütün Qarabağ xalqı mənim itaətimi qəbul etmişdir. Yalnız Mirzə Adıgözəl azğınlıq və sərkeşlik fikrindədir. Onun başını və ya əsir olaraq özünü mənim yanıma gətirin. Yerdə qalan dövləti sizin olsun". 

Mən bunu görcək çarəsiz qalıb öz-özümə dedim: "Bir can üçün bu qədər cana qəsd etmək rəva deyildir. Özüm gedərəm. Mən nə qızılbaş üzü görmüşəm və nə də onlara qulluq etmişəm. Hərgah insaflı olsalar, mənə bir şey etməzlər". 

Xülasə, gedib əvvəlcə xanı gördüm. O da öz eşikağası Əlimərdan bəyi mənə qoşub Naibüssəltənənin hüzuruna göndərdi. O, çadırda kürsü üstündə oturmuşdu. Baş əydim. Xəbər aldı: "Bunlar kimdir?" Eşikağası ərz etdi: "Mirzə Adıgözəl, Məlik Usub və filankəslərdir". Buyurdu: "Mirzə Adıgözəl budur?" Ərz etdi: "Bəli". Buyurdu: "Fələqqə  gətirin".

Haman saat məni yıxıb ayaqlarımı fələqqəyə salaraq beş yüz çubuq vurdular. Nə qədər yalvardım-yaxardım, fayda vermədi. Axırda dedim: "Siz Gürcüstana səfər edəcəksiniz, (orada mənim kimi bir adam) axtararsınız, ancaq tapa bilməzsiniz". Bunu deyincə, buyurdu: "Bəsdir, aparın zəncirləyin". Məni aparıb zəncirlədilər. Keçmişdə mən deyərdim ki, rus dövlətinin əfsəri qızılbaş xanından yüksəkdir; çünki əfsəri çubuqla döymək olmaz, xanı isə döyərlər. Demə, mənim bu sözlərimi şahzadəyə xəbər veriblərmiş. Məni döyəndə buyurdu: "Bu əfsərdir, döymək olmaz, amma xanı döymək olar". Bunu deyib məni zəncirlədilər. Haman saat fərraşbaşı qələmdan və kağız gətirib dedi ki, bir kağız yaz. Dedim: "Mən bu halda necə yazım". Dedi: "Doğrusu budur ki, sənin Əlirza yüzbaşıya yazdığın kağızı Naibüssəltənənin hüzuruna yetirmişlər. Xəttini tutuşdurmaq istəyirdilər". O kağızı mən sol əlimlə yazmışdım, qətiyyən oxşatmaq mümkün olmayacaqdı. Hərçənd qəbul etmədim, lakin əl çəkmədilər, (dedilər) ki, yazmasanız olmaz. Axırı çarəsiz qalıb Sədinin bu fərdini yazdım: 

Doğrudur məlahət sahibi olan padşahlar ova getdikləri zaman,
Onu tutub ayağını bağlarlar, lakin (bəzən) də açıb buraxarlar.

 

Bu fərdi aparıb gördülər ki, bənzəri yoxdur. Fərd yazdığıma təbəssüm edib gülüşdülər. Ondan sonra xanın qardaşı Süleyman bəyi  yerimə naib təyin edib oraya göndərdilər. Sonra xanın nökəri Əvəzxan bəyə əmr verdilər (ki, bizə getsin). O da gedib bütün var-yoxumu yazıb siyahıya aldı. Qardaşlarımı da tutub gətirdi. 

Mən zəncirdə idim. Mənə hər gün cürbəcür əzab və əziyyətlər verirdilər. Keçmişdə rus qoşunu gəldiyi zaman, komendant yazıb məndən xahiş etmişdi ki, qoşun üçün azuqə göndərim. Mən də evlərdən yüz yük un cəm edib göndərmişdim. Şahzadə bunu da bir gün eşidib əmr etmişdi ki, Mirzənin gözünü çıxarın. O hökmə görə, məni yıxıb əllərimi ağaca bağladılar. Bıçağı gözümün üzərinə qoydular ki, çıxartsınlar. Haman saat Mirzə Məhəmmədəli Mustovfi gəlib dedi: "Beş min əşrəfi ver, gözlərini çıxarmayım". Dedim: "Mənim hər nə dövlətim var, tamam siyahı edib zəbt etmişsiniz. İndi quru canımdan başqa bir şeyim yoxdur". 

O zaman Məhəmməd bəy adlı birini təyin etdilər ki, gedib bütün var-yoxumu gətirsin. O, yola düşdükdən sonra qardaşım Mustafa ağa bu xəbəri eşitmişdi. Əlinə düşən şeylərimi götürüb qaçmışdı ki, bəlkə özünü Gürcüstana yetirsin. Süleyman bəy, çox atlı yığaraq (onun) dalısınca getmişdi. Gəncə yaylağında yetişib qardaşımı tutmuş, əhli-əyalını və dövlətini qaytarıb gətirmişdi. (Ona) çox əzab və əziyyət verib ilxı, mal, qoyun və sair müxəlləfatımı tamam zəbt edib gətirdilər. Ailəm ac və çox çətinlik içində qalmış, qardaşlarımdan Məhəmməd ağa və Əli ağa Şəki vilayətinə qaçmışdılar. Mustafa ağaya isə çox əziyyət verdiklərindən yaralanmış və uşaqlarının yanında qalmış idi. Bizim xeyirxah dostlarımız, gecələr gizli olaraq uşaqlara çörək və yavanlıq verirlərmiş. Məni əvvəl tutub zəncirlədikləri zaman sərdar Yermolova bir kağız yazdım. Məhəmmədəli və Rəvas adlı adamlarıma beş tümən verib kağızı göndərdim. Onlar gedib Qazaxda qraf Simoniçin  yanına çıxırlar. Qraf onlardan əhvalatı soruşur, bütün işləri və qalanın alınmadığını öyrənir və çox xoşhal olur. Onlara buyurur ki, siz gərək Tiflisə gedəsiniz. Məhəmmədəlini Tiflisə göndərib Rəvası öz yanında saxlayır. Məhəmmədəli gizlicə Tiflisə daxil olub, knyaz Madatovun evinə gedir. Madatov onu görüb bütün əhvalatı öyrənir. Çox şadlıqla Yermolova xəbər verir. Yermolov haman saat Madatovun evinə gəlir və bütün əhvalatı qasiddən xəbər alır. Onu üç gün gizli saxlayırlar, heç kəs bilmir. Dördüncü gün iki kağız yazırlar. Birini İosif Antonoviçə , birini də mənə yazırlar. Məhəmmədəliyə də otuz əşrəfi verirlər. Kağızları da yəhərinin içində gizlədib yola salırlar. Məhəmmədəli təsadüfən gecə vaxtı Şəmkirdə qarovullara rast gəlir. Onu tutub Gəncəyə Uğurlu xanın yanına aparırlar. 

Uğurlu xan ondan təkidlə sorğu-sual edir, lakin o boynuna heç bir şey almır. Buna görə onu azad edirlər. Sonra qarabağlılardan biri Uğurlu xana deyir ki, o, qasid idi, nahaq yerə əldən buraxdın. Bu sözü dedikdə yenə adam göndərir, onu Şeyx Nizami türbəsinin yanında rutub Uğurlu xanın yanına aparırlar. Diqqətlə hər yerini axtarır, axırda qaltağın içindən kağızları tapıb, şad olurlar. (Sonra) onu kağızlarla Naibüssəltənənin qulluğuna göndərirlər. Naibüssəltənə onu danışdırıb kağızları alır və məni hüzuruna istəyir. 

O saat cəllad gəlib məni zəncirdə apardı. Çatan kimi mənə buyurdu ki, qasidin gəlib, xəbər al gör, dindaşların nə işdədirlər. Mən ərz etdim ki, Qazax və Borçalı (mahallarında) mənim bir çox adamlarım var. Ola bilər ki, bu öz işlərindən ötrü və orada olan qohumqardaşlarını görmək üçün gedibdir. Buyurdu: "Bəs, bu kağız nədir ki, Yermolov sənə yazıbdır". Mən sakit oldum. Buyurdu: "Xahiş edirsən oxuyum". Özü sərdarın mənə yazdığı kağızı oxudu. Axırda o yerə gəldi: "Siz hamıdan artıq və hörmətlisiniz, sədaqətinizi dövlət başçılarına göstərdiniz" yazılmışdı. Bu sözləri oxuyan kimi kürsüdən qalxdı, qəzəblənərək buyurdu: "Bir bax gör ki, Dərbənddən Tiflisə qədər sən rutan işləri kim tutubdur. Səni öldürmək mənə vacib oldu". 

Haman saat cəllada əmr etdi: "Bunu apar və qalaya bağlanan topların ağzına bağla, atarkən bəlkə onun ətindən bir parça gedib yoldaşlarının içinə düşsün, gorbagor olsun". Haman saat məni zəncirləyib apardılar. Lakin axşamdı, qaranlıq düşmüşdü. Məni geri qaytardılar. Buyurdu: "Bu gecə saxlayın, sabah günorta vaxtı atarsınız ki, baxanlara da ibrət olsun". 

O gecə bir zəncir də artıq vurdular. Saxladılar ki, səhər top ağzına qoyub atsınlar. Fikir etdim və belə məsləhət gördüm: fərraşbaşıdan kağız və qələmdan istədim, (guya) vəsiyyətnamə yazacağam. O da verdi. Mehdi xana yazdım ki, xan, mən bu zəncirə düşən gündən özümü ölmüş bilirəm. Lakin bu qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy. Kağızı haman saat bir adamla göndərdim. Məktubu aparıb xana verirlər. Xan onu oxuduqdan sonra Hacı Ağalar xanı çağırtdırıb Kərim xanla bir yerdə Naibüssəltənənin hüzuruna göndərir. Ondan xahiş edir ki, Qala alınıncaya qədər Mirzə Adıgözəli öldürməsin; çünki ruslar da bəyləri öldürərlər. Allah qoysa, Qala zəbt edildikdən sonra öldürərsiniz. Xülasə, o, çox çətinliklə (bu təklifi) qəbul edir. Bundan sonra mən yenə zəncirdə qaldım. 

Uğurlu xan bir dəfə də (Naibüssəltənəyə) yazır ki, (Mirzə Adıgözəlin) qardaşları yolu kəsib gələn-gedəni öldürürlər. Buna görə, məni bir də hüzuruna istədi. Aparan vaxtda müctəhid qoymadı, aparıb zəncirdə saxladılar. Sonra mənə gizlicə xəbər gətirdilər ki, Madatov Şəmkirdə (İran) qoşununu basıb Əmirxan sərdarı öldürmüşdür. Naibüssəltənənin ordusu haman saat köçdü. Bizləri zəncirdə Ağdama apardılar. Orada komendantı və bizləri bir yerə yığdılar. Ayaqlarımıza kötük qayırıb vurdular. Çarvadar yabıları kirayə edib (bizləri) palanlı yabılara mindirdilər. Gəraylı Həsən xana beş yüz şahsevən atlısı verdilər. Qardaşı fərraşbaşı Ağa Ələkbər bəyi də üstümüzə qoydular. Bizi Təbrizə göndərdilər. Özü də köçüb Gəncə tərəfinə getdi. 

Mənim qardaşım Mustafa ağa qaçan kimi, gedib Madatova məlumat verir ki, şahzadə gəlir, xəbərdar olasınız. Madatov da qardaşımı oradan qaytarıb ona deyir: "(Şahzadə) gələn vaxtda (sizin) özünüzü və uşaqlarınızı əsir edəcəkdir. (Onları) bir tərəfə qaçırarsınız". Qardaşım haman saat gəlir, uşaqlarımızı götürüb obadan çıxır. Bu zaman Mustafa xan dörd yüz nəfər ilə gəlib yetişir. Oba xalqı deyirlər ki, (Mirzə Adıgözəl bəyin) qardaşı evini götürüb qaçmışdır. Sonra əqrə-bamızdan doqquz nəfərini tutub şahzadənin yanına aparır. Onları da zəncirləyirlər. Allahın köməyilə, Naibüssəltənənin qoşunu məğlub olur. Onları aparmağa fürsət tapmırlar. Zəncirdə qoyub gedirlər. (Onlar da) zənciri özlərilə görürüb evlərinə gəlirlər. 

Bizləri və komendantı haman gecə aparıb Arazdan keçirdilər. Bu zaman şahzadənin məğlub olması xəbəri o tərəfdə yayıldı. Bizləri bütün Qaracadağ mahallarında gəzdirdilər. Şayiə yaydılar ki, ölkələrimizi geri qaytarmaq üçün Yermolov bunları zamın veribdir. Bunlar çox böyük adamlardır. 

Xülasə, bizləri Təbrizə apardılar. Komendantı ayrı bir yerdə saxlayıb üstündə güclü qarovul qoydular. Bizləri də zəncirə və kötüyə vurdular. Bu qayda ilə bizə bir neçə ay dünyada misli görünməmiş əzablar verdilər. 

İbrahim adlı sünni bir təbrizli bizimlə məhbus idi. O, cana gəlib bizlərə deyərdi "Gəlin qaçaq". Mən razı olmurdum. Axırda cana gəldik. İyirmi nəfər dustaq idik. Bir gecə həbsxana məmurunu tutub (əl-ayağını) bağladıq. Açarları çıxartdıq və qıfılları açdıq. Həbsxana məmurunu zəncirlədik. Yanımızda çadır vardı, onun iplərini kəsib götürdük. Bir yol ilə gəldik, divardan ip ilə sallanıb düşdük. Əvvəl mən düşdüm. Gördüm ki, ip əlimin ətini sıyırıb aparıbdır. Yoldaşlarıma dedim ipi palazla tutun ki, əliniz sıyrılmasın. Bu qayda ilə ipi tutub hamımız düşdük. Düşən vaxtda ip qırılıb yoldaşımın birinin baldırı sındığı üçün, orada qaldı. Yenə ip ilə xəndəkdən bu tərəfə keçdik. Təbrizlilər Seyid Həmzə türbəsinə getdilər. Bizlər də qaçıb Payan dağında bir böyük daşın altında axşamadək gizləndik. Axşam durub yola düşərək gəldik. Acı çayını üzü yuxarı gedib körpüdən keçdik. Su kənarı ilə gəlib bir bəndərə yetişdik. İki adam yol kənarından qalxıb bizə dedilər: "Kimsiniz?" Biz cavab verdik ki, gəncəliyik. Haman saat "vurunuz" dedilər. Yüzədək tüfəng üzümüzə açıldı. Yoldaşlarımız özlərini suya atdılar. Mən yol ilə geri qaçdım. İki nəfər adam dalımca gəlirdi. Yetişə bilməyib geri qaldılar. Mən dağa çıxdım, bir daşın dalına söykənib qulaq asdım. Gördüm, yoldaşlarımdan (bəzisini) tutub məni xəbər alırlar. Onlar deyirlər: "Vallah görmədik, qaçdı". 

Bu halda bir ayaq səsi eşitdim. Gördüm ki, Zeynalabdin yasavuldur. Çağırdım, o da məni tanıyıb yanıma gəldi. Oradan dağ yuxarı getdik, bir daşın altına girib qabağımıza da daş yığdıq. Səhərəcən orada qaldıq. O ətrafda olan kəndlərin bütün əhalisini dağa çıxarıb (bizləri) axtarırdılar. Neçə dəfə yanımızdan keçdilər, Allahın lütfü ilə, bizi görmədilər. Axşam oldu, gördük ki, özümüz nabələd, yollar tamamilə tutulmuş və heç bir tərəfə də gedə bilməyəcəyik. (Axırda) fikir etdik ki, Seyid Həmzə türbəsinə pənah aparaq. Bu fikirlə qayıdıb ayaqyalın, Acı yolu ilə getdik. İki yerdə gördük ki, bizi axtarmaq üçün sərbaz gəlir. Onlardan da gizlənib yüz cür (əziyyətlə) Seyid Həmzə türbəsinə daxil olduq. Türbənin qapısında on nəfər sərbaz
qarovul qoymuşdular. Bunlar yuxuda idilər. Yanlarından keçib içəri daxil olduq. Gördük ki, bizim qaçmağımızdan qorxuya düşən bütün fərraşlar buraya gəlib bəstə girmişlər. Məni görən kimi şad oldular və qaçıb şahzadəyə xəbər apardılar. O da şad oldu. Fərraşbaşıdan qaçan dustaq üçün cərimə olaraq, üç yüz əşrəfi almalı idilər. Əksinə, buyurdu (ona) muştuluq verdilər. Səhərə bir saat qalmış (şahzadə) Xacə Ələsgər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, məni buradan çıxarsınlar. Onlar and içdikləri vaxt mən Hacı Ağalar xana dedim: "Sən nə üçün and içirsən, məgər bizim (bir-birinə) etibarımız yoxdur? Mənim sənə etibarım var". Onlar ilə (bestdən) çıxıb Hacı Ağalar xanın evinə getdik. Şorba gətirdilər, içib bir az istirahət etmək istədik. Haman saat fərraş gəlib bizi apardı. Gördük ki, bizlərə bələdçilik edən sünni İbrahimi şaqqalamış və həbsxana məmurunun gözlərini çıxarmışlar. Bizləri hüzura çağırmaq münasibətilə də yüz min nəfərdən artıq Təbriz əhalisi tamaşaya çıxmışdı. Şahzadə meydanın (yuxarı) başında durmuşdu. Bizi görüncə qəzəblənib mənə buyurdu: "Ey kafir, rusun donuz supu ilə çaxırı yadına düşdüyü üçün qaçdın?" Mən ərz etdim: "Sən padşahsan, sənin bir saat ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab içib belə olubsan. Halbuki mən ömrümdə onun dadını görməmişəm. Bir dəfə xəbər almadınız ki, doğrudur, ya yalandır". 

Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: "Bu nə deyir?" Hacı Ağalar xan ərz etdi ki, sənin başın üçün doğru deyir. Ondan sonra bir saatdan artıq məni danışdırdı. Hər nə buyurdu cavab verdim. Axırda Hacı Ağalar xan ərz etdi: "Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm bəy əvəzinə sənə mərhəmət edəcəyəm". Buyurdu: "Verdim".

Hacı Ağalar xan məni oradan öz evinə apardı. Əlimin yarasına məlhəm qoydu. Özümə paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra Madatov Mişkin tərəfinə gəldi. Bu zaman Mustovfi Mirzə Məhəmmədəli demişdi ki, rus gəlir, mütləq mühasirəyə girmək lazım gələcəkdir. Bunun Təbrizdə olması məsləhət deyil, gərək Şahi  dəryasının adasında saxlansın. Bu sözü Hacı Ağalar xan eşitdi, çox yalvarıb-yaxardı. Axırda məni Təbrizdən çıxarıb Bənab kəndinə apardılar. Orada bir aydan artıq üstümdə qarovul qoydular. Sonra adam gəlib məni Təbrizə apardı. Gedən kimi Əbülfət xan mənə dedi ki, şah Qayimməqamı buraya göndərib. Ona buyurubdur ki, hər necə olsa sülh etsin. Qayimməqam da mənimlə məsləhətləşib dedi: "Gərək mötəbər bir adam tapasınız ki, gedib Madatovu ələ gətirsin, sülh edək". Mən səni nişan verdim. Dedim ki, bunu etsə Mirzə Adıgözəl edəcəkdir. Çox xoşhal oldu, səni də bu məsləhətə görə gətirtmişdir ki, göndərsin. Əlbəttə, yaxşı danışarsan. 

Mən dedim: "Məgər bu iş Madatovun əlindədir, ya Yermolovun". Dedi: "Bilirəm, məqsədim budur ki, sən xilas olasan". Dedim: "Axı etibar etməzlər". Dedi: "Elə əbləhdirlər ki, sən nə desən, inanarlar. Əbləh və yaltaqdırlar". 

Sonra gecə olunca Qayimməqam bir nəfər fərraş göndərib gizlincə məni apartdı. Qayimməqam mənə çox hörmət edib dedi: "Sən məhbussan, mən də möhtac, biz gərək bir-birimizə kömək edək. Qibleyi-aləm məni buraya göndərib və buyurubdur ki, sülh edim. Mən də Madatovun yanına göndərmək üçün səni məsləhət bilmişəm. Səni gərək Madatovun yanına göndərəm, sənin vasitənlə sülh olsun. Madatovu başa salıb İran dövləti tərəfindən arxayın edərsiniz. Ona deyərsiniz ki, yanan imarətin, tələf olan taxıl və sair şeylərin zərərini tamamkamal və artıqlaması ilə ödəyəcəyik. Sənin də nə zərər və ziyanın varsa, onu da artıqlaması ilə sənə verəcəyik. Gərək Madatovla yaxşı danışasan, onu sülh etməyə həvəsləndirəsən. Bir aya qədər bu məsələnin cavabını mənə gətirəsən". 

Mən də Qayimməqamın təbiətinə münasib olan sözlər danışıb onu xatircəm etdim. Məni oradan Naibüssəltənənin hüzuruna apardı. O da mənimlə bu cür sual-cavab etdi, üzr istədi. Mənə gözəl vədlər və ümidlər verdi. Məni azad edib bir ay vaxt qoydu. Mincivanlı Hüseynqulu bəyi də mənə qoşdu. Təbrizdən çıxıb yola düşdük. Şuşa qalasına varid olaraq İosif Antonoviç Reuttun qulluğuna gəldim. Məni görüb şad oldu. Buyurdu ki, gərək Tiflisə gedəsən. Mən də (onun qulluğundan) azad olub əvvəl öz evimə getdim. Gördüm ki, evimdə dövlət, mal və sair şeylərdən heç bir şey qalmamışdır. O halı görüncə tab gətirməyib Tiflisə getdim. Haman gündə oraya çatdım. Gördüm general Dibiç də o gün Tiflisə daxil olmuşdur. Haman gün general Madatovun yanına getdim. O məni gördüyü zaman şadlığından ağladı. (Sonra) məni götürüb sərdar Yermolovun qulluğuna apardı. O da məni görüb boynuma sarıldı. Sonra qarşı-qarşıya oturub danışdıq. Çox sevindi və şad oldu. İranda olan bütün əhvalatı üç gün, üç gecə məndən xəbər aldı. Mənim onları aldadıb xilas olmağıma çox-çox şad oldu və son dərəcə fəxr etdi. (O) məni general Dibiçə tanıtdı. General da (mənim başıma gələn) bütün əhvalatla tanış olub xoşhal oldu. Cürbəcür nəvazişlər göstərdi, məndən razılıq etdi. Başıma gələn əhvalatı məndən bir-bir xəbər aldı. Ondan sonra general Paskeviçin hüzuruna getdim. Qardaşlarım onun qulluğunda olduğundan, o da əhvalımdan xəbərdar idi. (O) mənə çox mərhəmət və nəvaziş göstərdi. Sonra knyaz Madatov buradakı  qoşuna rəis təyin olundu. General Yermolovdan xahiş etdi ki, məni öz yanınca aparsın. General Yermolov razı olmadı. Axırda Madatov onunla şərt etdi ki, siz İrəvan torpağına çatanacan mən onu sizin qulluğunuza göndərərəm. Bu şərt ilə məni Madatovla Qarabağa göndərdi. Sonra Madatov işdən götürüldü və yerinə knyaz Abxazov naçalnik təyin edilərək Qarabağa gəldi . Bu zamana qədər mən onun qulluğunda idim. Tariximi yazan Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüs də yuxarıda buna işarə etmişdir. 

O gələn kimi (göstərdiyim) xidmətlər və çəkdiyim zəhmətlərlə ətraflı surətdə tanış oldu və rütbəmi artırdı. Onun yaxın adamlarından biri və məxfi məşvərətçisi oldum. Böyük sədaqətlə xidmətlər göstərdim. İran barəsində tədbirlər gördüm, qasidlər göndərib işləri yoluna qoydum. Gördüyüm işlər və tədbirlərin hamısı "İxrabat" jurnalında serdarların dəftərxanasında yazılmış (və qeyd edilmişdir). Hərgah arzu edib görmək istəsəniz, sizə məlum və aşkar olacaqdır. 

(Axırda), knyaz Abxazov cənab general Paskeviçin hüzuruna yazdı. Mənə kapitan rütbəsi ilə dörd yüz manat pensiya verilməsi barəsində vasitəçilik etdi . İqtidar və nəcabət sahibi sərdar cənabları da bütün xalqların canlarının sahibi olan böyük imperator və əziz padşahdan xahiş etdi. Buna görə, məni haman rütbə və pensiya ilə sərəfraz etdilər. O vaxtdan bu anə qədər evimdə oturmuşam, əmlakım
əlimdə, rəiyyətlərim ixtiyarımda, farağatla yaşayıb Cəmşid mərtəbəli, günəş taclı,
ulduz dəstgahlı, aləmlərin pənahı olan Rusiya padşahına, uca nəslinin ömrünə və taleyinin yüksəlməsinə duaçı varam.

Ümid edirəm ki, bu müxtəsər, dəyərsiz və nöqsandan xali olmayan (tarix), uca nəsəbli general Kolyubakinin oğlu, süvari podpolkovniki Mixail Petroviçin
nəzərindən keçdikdən sonra onun tərəfindən lazım olan yerə təqdim edilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR