Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Onuncu fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Onuncu fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Onuncu fəsil

KNYAZ SİSİANOVUN İRƏVAN TƏRƏFİNƏ SƏFƏRİ,

MÜHARİBƏ VƏ QƏLƏBƏSİ, İRƏVANI ALMADAN

MƏYUS QAYITMASI HAQQINDADIR

Knyaz Sisianov Tiflis şəhərinə daxil olduqdan sonra, o qışı qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirdi. Bahar fəsli İrəvan tərəfinə hərəkət etdi. İrəvan hakimi Məmməd xan dəfələrlə knyazın hüzuruna məkrublar göndərib deyirdi: "Vaxt itirməyin, təcili surətdə İrəvana hərəkət edin. Bu yerləri də zəfər dalğalı bayraqlarınızın mahçəsi (ayparası) işıqlandırsın. Müzəffər, səadətli qoşunlarımz gələn kimi, qalaların açarlarını hüzurunuza göndərərəm. Uca olan dövlətə tabe olub itaət yolu ilə gedərəm". 

Bu zaman Naxçıvan hakimi Kəlbəli xan da İrəvanda idi. Doğrudur, Məmməd xan İrəvanın müstəqil hakimi idi, lakin o, məmləkəti idarə etmək, yaxın və uzağın mühüm işlərini nizama salmaqda Kəlbəli xanın rəyinə tabe idi. Sərdar irəliləyərək Üçkilsə adlı yerə gəldi və fələk əzəmətli çadırlarını orada qurdu.

İran dövləti də kiçik bir uşaq olan Abbas Mirzəyə çoxlu qoşun verdi. Onu baş komandan təyin edib, hədsiz hazırlıqla sərdar Sisianovun qarşısına göndərdi. Abbas Mirzə də, müharibə etmək sövdası ilə, hücum bayrağı qaldırdı. Üçkilsədə iki qoşun üz-üzə gəldi. Burada böyük bir müharibə oldu. Atların qaldırdığı toz və dumandan ulduzların üzü qaraldı. Qılıncların panltısından dördüncü göydə işıqlı günəşin gözü qamaşdı.

Salari

O dava meydanında atların qaldırdığı tozdan,
Nə Günəş parlayırdı, nə də Ay.
Heyvanların dünyanı dolduran sədası,
Döyüşkən cavanların qışqırığı,
"Tut", "vur" səsi,
Ağlı başdan aparırdı, taqəti candan,
O mərəkədə qan su yerinə axdı,

Döyüşçülərin çoxu öldü, qaçıb qurtaran az oldu.

 

Rusiya qoşunları üç dəstə olmuşdu. Qızılbaşlar bunlara bir cür hücum etdilər ki, (göyə qalxan) tozun çoxluğundan işıq dünya qaranlıq oldu. Rusiya qoşunları bir-birindən xəbərsiz oldu. Hər dəstə elə xəyal etdi ki, o biri dəstə basılıb və məhv olunubdur. Elə ki, hava aydınlaşdı, ruslar baxıb gördülər ki, hamı sağ və salamatdır.

Qızılbaşlar baxıb gördülər ki, qırılan ancaq onlar olmuşdur. Bitkilər də onların qanından qızılbaş olmuşlar. Bundan sonra, ixtiyar cilovu əllərindən getdi, artıq müqavimət göstərə bilmədilər. Çox qorxuya düşdüklərindən düşmənə yaxın düşmədilər. Köçüb İrəvandan yuxarı, bərk və möhkəm bir sığınaq olan Kenakir adlı yerdə düşərgə etdilər.

Sisianov orada istirahətlə məşğul oldu və qoşunu dincəldi. Sonra, onların ardınca yürüş etdi. İş belə düşdü ki, bunlar qızılbaşlara ikindi çağı çatdılar. Qızılbaşlar bu halı görən kimi, çadırlarını, bütün şeylərini və düşərgələrini qoyub qaçdılar. Rusiya qoşunu onlardan qalan bütün şeyləri və qənimətləri ələ keçirdilər. Oradan gedib İrəvanı mühasirəyə aldılar.

Fətəli şah Abbas Mirzəni yola saldıqdan sonra, özü də onun ardınca hədsizhesabsız qoşunla hərəkət etdi. Yolda Abbas Mirzənin sınmaq xəbərini eşitdi. İldırım və külək sürətilə gəlib Dədəli (?) adlı yerdə ona çatdı. İranhlar İrəvan şəhərinin yuxarısında ruslarla böyük bir müharibə etdilər. Lakin məqsədlərinə çatmadan tamamilə məyus oldular və düşərgə salıb oturdular. Onlar azuqə gətirən adamlara hücum etdilər. Rusiya qoşunu İrəvan şəhərini mühasirəyə aldı. Qızılbaşlar da onları araya aldılar. Qızılbaşlar gəliş-gediş yollarını bir dərəcədə kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər bir tərəfdən üzülmüşdü. Hətta Sisianova qoşulub, onunla bir yerdə gəlmiş olan gürcü knyazları qaçdıqları zaman, qızılbaşların əlinə keçib əsir olmuşdular.

Fətəli şah Pirqulu sərdarı Gürcüstan valisi Aleksandr Mirzə ilə oradan Darüssürura (Tiflisə) göndərdi. Əvvəlcə Qazax və Borçalı elatı Rusiya dövlətindən üz çevirdilər və o dövlətin itaətindən boyun qaçırdılar. Nəsib bəy Gəncə müharibəsində mayor Lisaneviçin yanında olub, böyük xidmətlər göstərmişdi. Şəmsəddinli mahalı, Tiflis şəhəri və Nəsib bəydən başqa bütün elat, kəndlər, hətta Başaçığa qalan valizadələr də gəlib valiyə qoşuldular və üsyan etdilər .

Qarakilsə kəndində bir az soldat vardı. Onları kənd əhalisi ilə birlikdə mühasirə etdilər. Lakin axırda oranı ala bilmədilər.

Cənab Sisianov qoşununun azuqəsi azalmış idi. O, mayor Montrezoru 150 nəfərə yaxın soldatla Gürcüstana azuqə gətirməyə göndərdi.

Bu mayor xalq arasında Qara mayor adı ilə məşhur idi. Məlik Əbu oğlu Rüstəm bəyi də öz adamları ilə onlara qoşdu. Tapşırdı ki, azuqəni orduya tezliklə yetirsinlər. Qızılbaş qoşunu bu əhvalatdan xəbərdar oldu. Onları təqib edərək üç gün müharibə etdi. Pənbəkə yetişdikdə, Pirqulu sərdara və valizadələrə məlumat verdilər ki, üç gündür bunlarla müharibə edirik. Biz nəinki bunları cana gətirmişik, hətta özümüz də cana gəlmişik. Gərəkdir ki, bizə kömək edəsiniz. Pirqulu sərdar və valizadələr də köməyə gəlib onlara qoşuldular. Səhərdən ikindiyədək müharibə etdilər. Çox adam tələf oldu. Nə qədər mayor yaralanmamışdı, döyüş bazarı qızğın idi. Mayor üç yerindən güllə ilə yaralandı, sonra döyüş bazarında solğunluq əmələ gəldi. Mayor öldü, əsgərləri də basılıb zəlil oldular. (Düşmən onun) soldatlarını dağıtdı. Ermənilər qaçıb bir mağaranı özlərinə sığınaq və səngər etdilər. Axırda, onlar da əsarət kəməndinə düçar oldular.

(Qızılbaşlar) oradan qayıtdılar. Qarakilsəni mühasirəyə alıb oturdular. Fitnə və fəsad tozunu hərlənən fələkə çatdırdılar.

Qubernator sərdarın qoşunu üçün Darüssürurdan (Tifüsdən) az bir soldatla çoxlu azuqə göndərdi. Bu azuqə təqribən iki yüz araba olardı. Onlar Cılğı adlı yaylağa yetişdikdə orada sakin olan elat gəlib onların yolunu kəsdi. Soldatlar çarəsiz qalıb arabaları özlərinə səngər edib oturdular. Elatın sürüsündən bir qədər qoyun gətirib səngərə girdilər və özlərini qorumağa başladılar. Elat çox çalışdı, lakin səngəri ala bilmədi. Axırda, onlar çarəsiz qalıb əhvalatı Pirqulu sərdara bildirdilər və ondan kömək istədilər. Pirqulu sərdar tez hərəkət edib yola düşdü. Onların yanına gəldi. O, çox çalışdı və tədbir yollarını düşüncə qədəmlərilə ölçdü. Lakin fikrinin kəməndi o səngəri almaq bürcünə çatmadı. O, ağac səngəri (arabalardan düzələn səngəri) almaqdan aciz qaldı. Axırda məqsədinə çatmadı, tamamilə naümid oldu. Xəcalətindən üzü qızardı, həsrətinin çoxluğundan ağladı, yaşlı gözü ilə Ağlağan dağının ətəyinə gəlib, öz göz yaşının bir damcısı kimi orada düşdü. Bu xəbər Tiflisdə yayılınca, bir general ilə üç yüz soldat və dörd araba top göndərildi ki, özlərini onlara yetirsinlər. Azuqəni birlikdə sərdar qoşununa çatdırsınlar. Heç bir mənzildə durmayıb, təcili surətdə getsinlər. Göndərilən general səngərdəki qoşuna yetişdiyi zaman, elatdan kimsə onların qarşısına getməyə cürət etmədi. Pirqulu sərdarın da dava meydanına çıxmağa cəsarəti olmadı. Azuqəni götürüb sağ və salamat Qarakilsəyə yetirdilər.

(O tərəfdən) knyaz Sisianov gördü ki, azuqə gəlmədi və qala da ələ keçmədi. Rus qoşununa da titrətmə-qızdırma azarı düşmüşdür. Qayıdıb Qarakilsəyə gəldi və azuqəni qoşununa payladı. 

Pirqulu sərdar və bədbəxt valizadələr bu halı gördükdə çarəsiz qalıb, ildırım sürətilə qayıdıb qaçdılar. Borçalı və sair Gürcüstan elatı da, bünövrəsi möhkəm olan dövlətdən üz çevirərək, üsyan sədasını ucaltmışdılar. Onlar xahiş etdilər ki, köçüb Qarabağa gəlsinlər və öz qədim vətənlərini tərk etsinlər. Mayor Lisaneviç bundan xəbərdar oldu. Nəsib bəylə birlikdə gəlib onlara gözəl nəsihətlər etdi. Onların ürəklərini yumşaltdı. Sərdar Gürcüstan torpağına daxil olana qədər onları əyləndirdi. (Sisianov) Sadaqlı kəndində o elatın ağalarını hüzuruna çağırdı. Tünd və acı hənzəl ilə onların damağını zəhərləyib dedi: "Bu qüvvətli dövlətə qarşı nə üçün üsyan etmişsiniz. Sizin sağlam düşüncənizi kim zəhərləmişdir?!". 

Onlar Sisianovun suallarına cavab tapmayıb ağızlarına sükut möhrü vurdular. İstər-istəməz təslim oldular. Cənab sərdar bu halı görüncə, mərhəmət dəryası cuşa gəlib, onlara buyurdu: "Siz bu çirkin hərəkətləri və nalayiq işləri qanuna bələd olmadığınız üçün görmüşsünüz. Buna görə, mən dövlətə qarşı olan xəyanətinizə göz yumub, günahınızdan keçirəm. Lakin Gürcüstandan qarət edib apardığınız şeylərin hamısını tamamilə sahiblərinə qaytarmalısınız".

Bundan sonra (knyaz Sisianov) Gürcüstana daxil oldu. Bir neçə gündən sonra üsyan edən dağ əhalisini sakit etmək üçün getdi. Oralarda əmin-amanlıq yaratdıqdan sonra qayıdıb Tiflisə gəldi. Qışı (orada) keçirdi, baharı isə Gəncəyə getdi.

 

On birinci fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR