Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə On birinci fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə On birinci fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə On birinci fəsil

SƏRDARIN MƏRHUM İBRAHİM XAN VƏ SƏLİM

XANLA SÜLH ETMƏSİ VƏ ƏMƏLƏ GƏLƏN

BƏZİ HADİSƏLƏR HAQQINDADIR

Knyaz Sisianov Gəncəyə daxil oldu və şəhərin ətrafında zəfər nişanəli çadırlarını qurdu. Qarabağ hakimi İbrahim xanın və onun damadı Səlim xanın yanına vəkillər göndərdi və onlara məktub yazdı. Səlim xan İbrahim xanın tərəfindən Şəki vilayətinə xan təyin edilmişdi. Onun köməyilə mərkəzi hökumətə arxalanırdı. Knyaz Sisianov bu vasitə ilə onlara uca Rusiya dövlətinə itaət etməyi təklif etdi. İşarə etdi ki, öz hökumətlərinin binasını Cəmşid mərtəbəli padşaha itaət etməklə möhkəmləndirsinlər. Adları çəkilən xanların xahişlərini qəbul zinətilə bəzədi. (Sonra) İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz Sisianov Gəncədən gəlib Kürəkçay (kənarında) görüşdülər. Aralarında bir çox danışıqlar oldu, şərtlər qoyuldu və müahidələr bağlandı: hər iki tərəf əhd və peymanla sülhün binasını möhkəmləndirdilər. . Sonra traktatlar (müqavilənamələr) bağlandı. Ondan sonra, uca mərtəbəli sərdar, mayor Lisaneviçi 500 soldatla Qarabağa, bir o qədərini də Şəkiyə göndərdi . Özü isə Tiflisə qayıtdı. Gürcüstan və Başaçıq işlərini nizam və intizama salmaqla məşğul oldu. Onun əsas fikri bu idi ki, iki dəniz arasındakı sahə əldə edilsin və hər iki dənizdən xalqın gəliş-gedişi təmin edilsin. Buna görə, Minqrel torpağında Qara dəniz kənarında İdət-Quli qalasını bina etdi.

Sonra onun əsas fikri bu oldu ki, Bakını da alsın. Bu şəhər sahəsini qalib bayraqların malıçəsi (ayparası) ilə işıqlandırsın. Bu məqsədlə Darüssürura (Tiflisə) qayıtdı. Dəniz kimi coşan qoşun və dəmir geyimli alaylarla Bakını almağa hərəkət etdi. Mərhum İbrahim xandan kömək istədi. Behiştlik (İbrahim) xan da öz böyük oğlu səadətli Mehdiqulu ağanı köməyə göndərdi.

Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə idi. Buna baxmayaraq o, bu böyük dövlətin itaətini qəbul etməkdən boyun qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab sərdar onu  cəzalandırmağı və qəflət yuxusundan oyatmağı vacib bildi. Buna görə o, Şirvan tərəfinə yola düşdü. Mustafa xan bu kədərli hadisəni eşidincə, qorxuya düşdü. O öz elat və təbəələrini yığıb möhkəm bir sığınaq və məskən olan Fit dağına çəkildi və orada səngər qurub əyləşdi. Cənab sərdar gəlib çatdıqdan sonra aralarında barışıq oldu və traktatlar (müqavilələr) bağlandı . Sərdar dəfələrlə bir atlı götürüb, Mustafa xanın yanına gedirdi. Mustafa xan xeyirxahlıq üzündən cənab sərdara dedi: "Bu cür gəzməkdən sizə və xoşbəxt vücudunuza ziyan toxunar". Sərdar ona belə cavab verdi: "Cəmşid mərtəbəli, əzəmətli və calallı olan dünya padşahının mənim kimi milyonlarca soldatı vardır. Əgər mən yox olsam, onun bir soldatı əskik olar. Mənim kimi bir rütbə sahibi ölsün, ya bir soldat, heç bir təfavütü yoxdur". 

Sonra oradan köçdülər, Bakını həm dənizdən və həm də qurudan mühasirə etdilər . Bir müddət keçdikdən sonra Badkubə (Bakı) xanı Hüseynqulu xan, cürbəcür vasitə və bəhanələrlə sülh və saziş binasını qoydu. Sərdar da onun üstüörtülü sözlərinə inandı. (Hüseynqulu xan) qaladan çıxdı, çadırlar qurdurub oturdu. Sonra sərdar həzrətlərinə belə bir xəbər göndərdi: "Sizə söyləməyə bir para vacibli və gizli sözlərim vardır. Onları şifahən sizə danışmalıyam. Buna görə məsləhətdir ki, mənim çadırıma təşrif gətirəsiniz". 

Saf və təmiz qəlbli cənab Sərdar bu işdə bir qərəz olduğunu ürəyinə gətirmədi. Hüseynqulu xanın çadırına gəldi. Orada oturub danışır və məsləhətləşirdilər. Danışıq və müşavirə əsnasında, Hüseynqulu xanın qohumlarından İbrahim bəy adlı bir şəxs namərdlik edib, güllə ilə sərdarı yaraladı. Sərdar haman saat vəfat etdi.

Şeir

Dünya gözəllik etibarilə bir behişt olardı.

Əgər onda qocalıq və ölüm olmasaydı.

 

(Hüseynqulu xan) bu hərəkəti qızılbaş dövlətinə qarşı uca bir xidmət və gözəl bir sədaqət hesab etdi. O, mənzil kəsən və yel kimi iti gedən çaparlar vasitəsilə Qızılbaş dövlətini bu hadisədən xəbərdar etdi. Qızılbaş dövləti tərəfindən də həddən artıq təchiz edilmiş və ulduzlar qədər çoxlu qoşun göndərildi. Onlar gəlib Bakı səhrasına doldular. Xas və avam camaatın yığışmasından, əsgərlərin və qoşunların toplanmasından, yel və külək kimi iti gedən dördayaqlıların hərəkətindən dağ və səhralar məhşərdən bir nümunə olmuşdu.

Rusiya əsgərləri bu hadisədən xəbərdar oldular. Quru yol ilə qayıtmaqdan çəkindilər. Gəmilərə oturub Hacı Tərxana getdilər.

Bu vilayətlərdə İran qanunları tətbiq edildi və (ölkə) onların əsassız nizamlarına tabe oldu. Nəticədə az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün.

Starşiy komandir (baş komandir) vəzifəsilə Pənbəkdə sakin olan cənab generalmayor Svidaev (Nesvetayev) , müvəqqəti olaraq sərdarlıq yerini dolandırırdı. O, xas və avam camaatın ürəyini ələ gətirməyə və onları sakit etməyə çalışırdı. 

Yeddi-səkkiz ay keçdikdən sonra, cənab general-feldmarşal qraf Qudoviç, sərdarlıq mənsəbilə Qafqaza gəldi. Darüssürura (Tiflisə) daxil olub, öz vəzifəsinə başladı . 

Bir çox illər və aylar keçdikdən sonra, Rum (Türkiyə) sultanı ilə düşmənçilik yolu açıldı. Qraf feldmarşal (Qudoviç) külli tədarük və əndazəsiz hazırlıqlar gördü. Mühasiblərin fikir və zəkası onu sayıb hesablamaqdan aciz idi. General Nesvetayevi zəfər nişanəli və ulduzlar qədər saysız-hesabsız xoşbəxt qoşunla Gömrüdə qoydu. Özü isə düşmən əzən döyüşkən dəstələr, yağıya od vuran əsgəri hissələrlə, böyük bir cah-calal, şövkət və iqbal ilə Axalkalak tərəfinə sel kimi getdi. O zaman Xümşizadə Səlim paşa Axısxada hakim və hökumət işlərini idarə edib, nizama salmaqda idi. O bu qorxulu xəbərləri və qeyrətli hadisələri eşitdi. O saat boş xəyalat və puç fikirləri nəticəsində ruhdan düşdü (özünü itirdi). Axalkalakm mühafizəsi və rusları dəf etmək üçün qoşun təyin edib göndərdi. O bilmədi ki, axan selə kol-kos mane ola bilməz. İnsan və cinnin tədbir qalxanı meteor daşını dəf edə bilməz. Qraf Qudoviç cənabları, döyüş meydanının igidlərilə (öz əsgərləri ilə) heç bir mənzildə düşmədi. Gecə və gündüzünü yəhər üzərində keçirdi.

Axalkalak sahəsini zəfər nişanəli orduların seyrəngahı etdi. Qaniçən döyüşçülərin qalibiyyət çadırlarını orada qurdu. Axalkalakı üzük qaşı kimi dörd bir tərəfdən mühasirəyə aldı . Səkkiz gün bu qayda ilə durdu. Sonra, nərdivanlar düzəltdirib dörd tərəfdən şəhərə yürüş etdilər. Orada yaşayan əhalinin ürəyinə qorxu saldılar. Sübhün açılmasına iki saat qalmış (müharibəyə girişdilər). Sübhün açılmasından üç saat keçmişdi, parlaq qılıncların məşşatəsi adlı-sanlı pəhləvanların qanı ilə, döyüşçülərin üzünü gültək qızartmaqda idi. (Axırda) qraf gördü ki, zəfər qalasını fəth etmək mümkün olmur. Məqsədinə çatmadan geri qayıtdı. O gecəni durub səhər Gürcüstan tərəfinə getdi. Tiflisə yetişdiyi zaman eşitdi ki, Yusif paşa sərəskər olub, müharibə məqsədilə Qarsa gəlmişdir. Qraf hazırlıq görüb Gömrüyə hərəkət etdi .

Arpa çayında iki ordu bir-birinə rast gəldi. Hər ordu çayın bir tərəfində düşdü. Bir müddət keçdikdən sonra müharibə başlandı. İkindiyə yaxın osmanlı qoşunu (məğlub oldu). Ruslar osmanlılardan böyük qənimət və çoxlu toplar aldılar . Sərdar böyük bir dəbdəbə ilə istədiyi kimi Tiflisə yola düşdü.

Qışda çoxlu tədarük və hazırlıq görüb zəfər nişanəli bayraqları qaldıraraq İrəvan tərəfinə hərəkət etdi . General Nebolsini Qarabağ tərəfindən çoxlu zəfər nişanəli qoşun dəstələrilə Naxçıvan vilayətini almağa göndərdi. Naxçıvan alındı . İrəvan sıx bir mühasirə altında qaldı. Uzun bir müddət keçdikdən sonra yürüşə başladılar. Dövranın saqisi çox adamların həyat piyaləsini daşdırdı. Əcəl küləyi hədsiz-hesabsız insanların gözünə bu işıq dünyanı qaranlıq etdi. 

Axırda öz himmət əlini qalibiyyət gözəlinin ətəyinə çatdıra bilmədi. Məqsədinə çatmadan  qayıtmaq təblini çaldırdı və gedib Darüssürura (Tiflisə) daxil oldu. 

Bundan sonra, general ot infanteri (piyada qoşun generalı) Tormasov, əbədi dövlətin baş məmurları tərəfindən sərdarlıq vəzifəsinə təyin edildi və o, uca mənsəbin piyaləsindən sərxoş oldu. Qrafı Rusiyaya çağırdılar . General Tormasov sülhü hərbdən əlverişli görüb, Osmanlı dövlətilə barışdı.

General Tormasov qızılbaşlarla davanın arasını kəsməz və döyüş məclisini sovutmazdı. Bəsirət gözünü yumub İran tərəfindən rahatlıq yuxusuna getməzdi. Buna baxmayaraq, qızılbaşlar uca Rusiya dövləti əmirlərini yatırtdılar. Məhəmmədəli Mirzəni gizlincə sərhəddən keçirtdilər. O, Gürcüstana gəlib Borçalını çalıb-çapdı. Hədsiz zərərlər vurdu və bir çox əsir apardı . Ertəsi il irəvanlı Sərdar Hüseyn xanı vali ilə birlikdə Gürcüstan tərəfinə göndərdilər ki, gedib Axısxadan Gürcüstana iğtişaş və şuluqluq salsınlar. Sərdar Tormasov əhvalatdan xəbərdar oldu. Şəmkirdən keçdi və tələsik (gəlib), Sədra körpüsünün yanında düşdü. General-leytenant Pauluççiyə və general Lisaneviçə qoşun verib Axısxaya Hüseyn xanın qabağına göndərdi. Sanki bu zaman dünya abbasilər kimi, qara libas geyib , ölən qızılbaş əsgərlərinə matəm saxlamaqda idi. 

Göndərilən zəfər nişanəli əsgərlər, gecə yarısı qəflətən qızılbaş qoşununa şəxbun vurdular. Qətl və qarət edib çox adam qırdılar. Qızılbaş əsgərləri özlərini itirdilər. Onlardan bəzisi çox çətinliklə öz canını ölüm və fəlakət girdabından qurtardı. Atlı və piyada olaraq başlarını görürüb qaçdılar. . Yolda osmanlı əsgərləri onların çoxunu tutub soydular, lüt və çılpaq etdilər. Qılıncdan canlarını qurtaranlar çox çətinlik, zillət və məşəqqətlə İrəvan hüduduna çatdılar. Sərdar Hüseyn xan, qızılbaş dövlətindən utanıb qorxduğundan, Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu arxayın edib öz yerinə apardılar. 

Ertəsi il Tormasov Rusiyaya getdi. Dövlət başçıları markiz Pauliççini sərdar təyin etdilər. (O), Tiflisə gəldi . Oradan Bakı səfərinə yola düşüb Gəncə vilayətinə daxil oldu. Cavad xanın dustaq olan əhli-əyal və oğul-uşağını bir neçə qızılbaş xanları ilə birlikdə həbsdən azad etdi. Oradan Bakı tərəfinə getdi . 

Buzaman Kaxet və Qısıq (əhalisi) bunt (üsyan) etdilər, azğınlıq və üsyan yolunu tutub getdilər . Mərhum İbrahim xanın nəvəsi polkovnik Cəfərqulu ağa Qarabağdan qaçıb, qızılbaş dövlətinə (İrana) getdi. Naibüssəltənə (Abbas Mirzə) də Qarabağa gəlib Qırçıda olan batalyonu dağıtdı . Markiz bu dəhşətli xəbəri eşidincə Bakı səfərindən əl çəkib, Şirvana - Mustafa xanın yanına gəldi. Oradan Qarabağa hərəkət etdi. Şəhərə daxil olunca, Qırçı hadisəsindən ötrü bir para adamlara acıqlanıb bərk məzəmmət etdi. Haman gecə arvadından kağız aldı ki, Kaxet və Qısıq gürcüləri bunt (üsyan) etmişlər. (Məktubda deyilirdi ki,) kağızı alan kimi, bu tərəfə hərəkət edin və xalqın ürəyini ələ alıb yumşaldın. Sərdar durmadan Darüssürura (Tiflisə) tərəf yola düşdü . Yolda sərdar Qazax əhalisindən qorxuya düşüb ehtiyat edirdi. (Onlar) isə sərdarı istiqbal edərək hörmət və ixlas, son dərəcə canfəşanlıq və səmimiyyətlə Tiflisə ötürdülər. Qazax əhalisi neçə dəfə gürcülərə hücum edib onları çalıb-çapdılar. Doğrusu budur ki, o zaman Qazax əhalisi sərdara çox xidmət, sədaqət və hədsiz ixlas göstərmişdilər. Tiflisdən üsyançıları cəzalandırmaq üçün zəfəraişan əsgərlər göndərildi. Üsyançıların bəzisi müqavimət göstərdi, bəzisi isə öz xahişləri ilə tabe oldular. 

Bu zaman fransızların Rusiyaya gəlməsi xəbəri dillərdə və ağızlarda söylənib məşhur oldu. Markiz Pauluççini sərdarlıqdan götürüb, Rusiyaya geri çağırdılar. Yerinə general Rtişşev sərdar təyin edildi . O, Gürcüstana gəldikdən sonra, məsihi (miladi) 1814-cü ildə Qızılbaş dövlətilə sazişə girib dostluq binasını qoydu. Sülhdən ötrü İran tərəfindən Mirzə Əbülhəsən xan Peterburqa gəldi. Böyük bir calal və təntənə ilə sülh haqqında danışığa başladılar . Bu sülh "Gülüstan sülhü" adı ilə məşhurdur . Bu günə qədər xalq arasında xas və avam camaatın dilində söylənməkdədir. 

Bundan sonra, əmin-amanlıq oldu və fitnə ilə dolu olan dünya asayiş tapdı. Bir müddətdən sonra, general Rtişşevi işdən götürüb general Yermolovu sərdar təyinetdilər . O böyük general vilayətlərin işlərinə baxıb vəziyyətin tələbinə görə, bəzi yerlərdə təzə qanunlar qoydu. Bu dövrdə Qarabağ və Şirvan xanları qızılbaş tərəfinə (İrana)
qaçdılar .

Şəki xanı İsmayıl xan da vəfat etdi  . (Beləliklə) üç xanlıq ədalət və əzəmət nişanəli dövlət və səltənətin idarəsi altına keçdi. Cənab Yermolov bu yerlərdə divanxanalar açdı, divanbəyilər seçdi   və komendantlar təyin etdi. İşləri özü qoyduğu qanun üzrə apardı.

 

On ikinci fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR