Dərc edildi: Baxış sayı: 701
Mirkazim Nikbin - Tanımaz
Dəryalar qısqanar dərinliyini
Dərdim bir dənizdir sahil tanımaz.
Ey könül şükr eylə hər kəs eşitsin,
Haqq ilə nahaqqı cahil tanımaz.
Baş vurub cismimlə kədərə, qəmə,
Ruhumu isladıb qoymuşam dəmə,
Fəğanım düşməsin qoy zildən bəmə,
Qüssəm baş ayaqdır təhlil tanımaz.
Bulludda bir quş tək azıb qalmışam,
Səmadan dünyanı süzüb qalmışam,
Evləri yan yana düzüb qalmışam,
Ruhum sərgərdandır mənzil tanımaz.
Kim bilir içimdə olan atəşi,
Kim görür gecələr göydə günəşi,
Necə qəribədir həyatın işi,
Heç kəs heç bir kəsi kamil tanımaz.
Nikbin zülmət içrə heç nə axtarma,
Gedənin yolunun üstündə durma,
Özünü qəhr edib, boş yerə yorma,
Xeyrini şərini qafil tanımaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət