Dərc edildi: Baxış sayı: 856
Mirkazim Nikbin - Məni
Mən dəniz çoşğulu, dağ vuqarlıyam,
Yolumdan döndərməz bəlalar məni.
Atalar eybi yox qoy bəyənməsin,
Təki örnək bilsin balalar məni.
Kim doğma, kim yaddı biz neçə bilək,
Kimlərə inanıb sirr açsın ürək,
İnsanam insanlar anlasın gərək,
Gizlətməz qoynunda qalalar məni.
Birini qınayan, qarğıyan insan,
Bilsin verməyəcək heç kimə ziyan,
İlahi çətinə düşdüyüm zaman,
Bilirəm çıxarar dualar məni.
Hər bir son bir ilkə başlanğıc olar,
Bu tislim çoxunu əfsuna salar,
Bəzən hisslər məni qoynuna alar,
Ağlım bu məqamda malalar məni.
Od olsam geridə közüm qalacaq,
Özüm qalmasamda sözüm qalacaq,
Nikbinəm dünyada gözüm qalacaq,
Kaş rəhmətlə yada salalar məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət