Dərc edildi: Baxış sayı: 1041
Mirkazim Nikbin - Mənə
İlahi nə qədər həmd etsəm azdır,
Şükr olsun rəhminə, ol rəhman mənə.
Əqlim dərk eyləmir elmim dayazdır,
İllərlə çözülür bu cahan mənə.
Sən haqqsan, həqiqət səndədir ancaq,
Dünən etdiklərim şeytanla ortaq,
Bügun qabağıma bilsəm çıxacaq,
Olmazdi bu çətin imtahan mənə.
Dərk eylə ey insan silinməz günah,
Çəkməsən bərabər ona, kədər, ah,
Ədalət üzüylə bərqərar Allah,
Zülm etməz zərrəcə heç zaman mənə.
Düşünən hər bir kəs bilmirsə əgər,
Hər kəs apardığı yükə yüklənər,
Hər nə etsə insana özünə edər,
Bədlik toxundurmaz Yaradan mənə.
Mən zəif olduğum işlərdə Allah,
Nəfsimdən, şeytandan aparıb pənah,
Sənə sığınıram hər axşam, sabah,
Ayrındır günahdan, ol Sübhan mənə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət