Dərc edildi: Baxış sayı: 302
Mirkazim Nikbin - Məndə
Keçmişi yadıma salıb eh çəkib,
Bir vaxtlar çox peşman olardım məndə.
Səhvlərim sinəmdə dağa dönərdi,
Kaşların içində qalardım məndə.
Sanardım o səhvlər məni ləng edib,
Yolumu uzadıb, işi səng edib,
Sən demə ömrümü rəngarəng edib,
Bu rəsmin fonuna dalardım məndə.
Nə keçmiş, nə indi, nə də ki sabah,
Etməsin narahat, əbəsdir vallah,
Hər şey zamanında olunar agah,
Özümü dolaşıq salardım məndə.
Yük etmə çiyninə dünya işini,
Yorubdur bu yolda o çox kişini,
Sən gəl əsəb ilə sıxma dişini,
Bu dərdlə yüklənib, dolardım məndə.
Şair ayılmışam indi qəflətdən,
Daha qəm yığmıram heç bir qələtdən,
Nikbinəm dərs alıb kamil söhbətdən,
Kəlamdan bir ilham alardım məndə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət