Dərc edildi: Baxış sayı: 901
Mirkazim Nikbin - Kimi
Balıqsız dəryaya tor atmışam mən,
Hər şeydən xəbərsiz uşaqlar kimi.
Ümidlə ölüdən can umuram mən,
Mənbəyi qurumuş bulaqlar kimi.
Niyə dərk etmirəm, niyə görmürəm,
Dərdliylə ağlayıb, şənlə gülmürəm,
Dünən bildiyimi bugün bilmirəm,
Yaxında görsənən uzaqlar kimi.
Həqiqət hardadır, doğru hardadır,
Bəlkə də yoxluqda, bəlkə vardadır,
Axtaranlar hamsı deyir dardadır,
Tustusu kor edən ocaqlar kimi.
Bəzən ümidlərim məni tərk edir,
Gücsüz olduğu əqlim dərk edir,
Hər dəfə yıxılmaq məni bərk edir,
Daşda yalın gəzən ayaqlar kimi.
İnanib aldanan axmaqsa əgər,
Bu axmaq saflıqla dünyanı bəzər,
Oğrular içində doğruluq hünər,
Yaşarsan yurdunda qaçaqlar kimi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət