Dərc edildi: Baxış sayı: 756
Mirkazim Nikbin - Dünya
Bilmirəm bu işə necə ad verim,
Papaqsız qoyubdur başları dünya.
Demir: quruları yığın, od vurun,
Yandırır odunda yaşları dünya.
Əzəldən belədir dünyanın işi,
Yaxşıdan yaman gedir gərdişi,
Sanma ki, ağzında yoxdur heç dişi,
Üyüdür dağları, daşları dünya.
Gözəl görsənərək cahil gözünə
Sən aşiq edərsən bizi özünə,
Sonda bələd olub əsl üzünə,
Kədərdən catırsan qaşları dünya.
Hərə artığını atır qurtulur,
Yerdən göylərinə baxır, vurulur,
Həsədlik hissilə yanır, qovrulur,
Azdırır göylərdə quşları dünya.
Şeytanla o dostdur, ilk sakin kimi,
İnsanla düşməndir, məlun cin kimi,
Xeyrinə durubdur şər zamin kimi,
Beləcə aparır huşları dünya.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət