Slimfit
  1. BİOQRAFİYA

Mir Möhsün Nəvvab

Mir Möhsün Nəvvab
Sakura

Mir Möhsün Nəvvab - şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı…

Mir Möhsün Nəvvab (Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.

Şuşa şəhəri həmişə Azərbaycanın mədəniyyət mərkəzlərindən olub. Məşhur alim, musiqişünas Firudun Şuşinskininsözlərinə görə, XIX əsrdə bu kiçik şəhərdə 95 şair, 22 musiqişünas, 38 peşəkar müğənni, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim yaşamışdır. Şəhərdə ona yaxın ədəbi, musiqi və digər cəmiyyətlər, ondan artıq mədrəsə və müxtəlif tipli məktəb fəaliyyət göstərirdi. Şuşada orta əsrlər elm, incəsənət və mədəniyyət ənənələri Azərbaycanın hər yerindən daha artıq dərəcədə özünə qərar tuta bilib. Zəngin kitabxanalarda xəttatlar kitabların üzünü köçürür, rəssamlar şəhər binalarının divarlarına nəqşlər vurur, kitablara miniatürlər çəkirdilər. Xalça emalatxanalarında sonralar dünyanın ən böyük muzeylərinin bəzəyi olacaq xalçalar toxunurdu. Musiqiçilər Qarabağ muğam məktəbinin adını daim uca tuturdular.

XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur

İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.

O 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqələr saxlayırdı.

Mir Möhsünün əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdançıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnamə əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal,Nurül-Ənvar" və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Muğamların emosional təsiri haqqında Nəvvab yazır ki, Üşşaq, Busəlik və Nəva şücaət və hünər göstərməyə ruhlandırır, Bozarq, Rahavi, Zəngulə, Zirəfkəndi, Hüseyni kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə də bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: "Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır."

Ömrünün bir neçə onilliyini Nəvvab yaradıcılığının tədqiqinə həsr etmiş musiqişünas Zemfira Səfərova yazır: "Vizuhül-ərqam keçən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir."

Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

Kitabları:

Nəvvab M.M. Nəsihətnamə, Bakı, Azərbaycan nəşriyyatı, 2005, 56 s.
Nəvvab M.M. 1905-1906-cı illərdə еrməni-mü¬səlman davası, Bakı, Azərbaycan nəşriyyatı, 1993, 128 s.
Nəvvab M.M. Divan, Bakı, Şuşa, 1999, 192 s.
Nəvvab M.M. Təzkirеyi-Nəvvab, Bakı, Azər¬baycan nəşriyyatı, 1998, 560 s.
Nəvvab M.M. Avrоpa ibtidai musiqi savadı dərsliyi. Bakı, 1995.
Nəvvab M.M. Vüzuhul – ərqam, Bakı, Еlm, 1989, 84 s.

 

Qoşmaları:

Edər
Qaradağ xanına
Səthi-cahan gülüstana dönübdür
Sultan Həmidə

 

Qəzəlləri:

Ey bivəfa, qoyubsan əcəb qalə təkjnəni
Hər zaman gul yuzunu murği-ravan eylər yad
Hicrani-yar eylədi halu dilim xərab
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet
Qəmi-hicrində bimarəm mən, ey dost
Nеyləyim, оldu bahar amma baharım gəlmədi
Zindani-qəmdə oldu gunum qarət ağlaram

 

Mürəbbelər:

Bir nigarı istərəm aləmlərin əlasıdır
Bir nigari-novbaharın gül camalın istərəm
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır

 

Növhələr:

Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR